ABŞ-ın “The Hill” qəzetində “Si Cinpin ən çox nədən narahat olmalıdır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu beyin mərkəzlərindən birinin – Atlantik Şurasının (Atlantic Council) baş məsləhətçisi Harlan Ullmandır. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Çin lideri Si Cinpin mütləq hakimiyyətə can atmaqla özü də bilmədən təhlükəli bir gedişatın bünövrəsini qoyub. Noyabrın əvvəlində Çin Kommunist Partiyasının 20-ci qurultayı onu üçüncü müddətə ölkənin rəhbəri seçib. Bununla Si Cinpin faktiki olaraq Çin Xalq Respublikasının qurucusu Mao Tzsedundan sonra ölkənin ən nüfuzlu liderinə çevrilib. Cinpin faktiki olaraq ömürlük hakimiyyət yolundadır.
Pekinin başı hələ də COVİD-19 infeksiyası ilə mübarizəyə və ölkə daxilində bunun doğurduğu problemlərin həllinə qarışıb. Kommunist Partiyası Si Cinpinin rəhbərliyi altında hələ ki, ölkəyə tam nəzarəti həyata keçirə bilir.
Çində Kommunist Partiyasının və hökumətin başlıca vəzifəsi həmişə ölkədə sabitliyi qorumaq olub. Sabitlik isə Pekinin nəzərində heç bir kəndli inqilabının, iğtişaşın, rejimə qarşı etirazın baş qaldırmaması deməkdir.
Çin rəhbərliyi bu məqsədə yetməyin əsas yolunu iqtisadi faktorda – insanların həyat səviyyəsini yüksəltməkdə görüb və həqiqətən də dolanışığın yaxşılaşdırılması sabitliyin qorunmasında mühüm rol oynayıb.
Davamlı iqtisadi artım fonunda Cinpin hakimiyyətinə başağrısı yaradan məsələlər isə Tayvan problemi, əhalinin sayının azalması, eyni zamanda yaşlı nəsillə gənc nəsil arasında nisbətin gənclərin ziyanına dəyişməsi, borc həcminin çoxalması, daşınmaz əmlak bazarının süni şəkildə şişməsi olub.
Beynəlxalq aləmə gəlincə, bu sahədə Çin əlverişli mövqedədir. Pekin Ukrayna müharibəsində yaxın dostu Rusiyanı dəstəkləsə də, hər halda bu dəstək Putinin nüvə silahından istifadə etməsinə dözəcək həddə qədər deyil.
Çin ABŞ-ın dünyadakı liderliyinə meydan oxuyur. O biri yandan da Pekin Ukrayna məsələsində Rusiyaya təsir imkanlarından Vaşinqtonun xeyrinə yararlana bilər. Onsuz da əvvəl-axır hansısa məqamda Ukrayna münaqişəsi ilə bağlı danışıqlara gedilməli olacaq. Pekin həmin məqamın yetişməsini sürətləndirə də bilər, ləngidə də.
Bəs onda Çinin qarşısında duran, ölkə rəhbərliyinin hələ o qədər də fərqinə varmadığı ən böyük təhlükə nədir?
Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovu yada salaq. 1985-ci ildə hakimiyyətə gələndə Qorbaçov anlayırdı ki, irrasional sovet sistemi ölkəni fövqəldövlət statusunda yaşatmağa yaramır. Ona görə də Qorbaçov yenidənqurma və aşkarlıq siyasəti yürütməyə başladı.
Sovet sistemi həm sərt, həm də kövrək idi. “Yuxarılar” hər şeyə nəzarət edirdi, “aşağılar”ın idarəçilik məharəti, çevikliyi yox idi. Və belə bir sistem rasionallığa, aşkarlığa, həqiqətə uyuşa bilmədi.
Sovet İttifaqında daima “yuxarılar” “aşağılar”ın qarşısında əlçatmaz, ünyetməz vəzifələr qoyublar, “aşağılar” isə həmin vəzifələrin yerinə yetiriləcəyi haqda durmadan cəfəng vədlər verməklə məşğul olublar.
Yenidənqurmadan az sonra – 1989-cı ildə Almaniyanı ikiyə bölən Berlin divarı yıxıldı. 1991-ci ildə isə Sovet İttifaqının özü dağıldı. Onun yerində xeyli kiçilmiş varisi – Rusiya Federasiyası qaldı.
Cinpin Qorbaçovla müqayisədə tam əks kurs götürüb. O, Den Syaopinin irəli sürdüyü xətti – Qərbsayağı kapitalizmə, sahibkarlığa meydan verməyi təşviq etməkdənsə marksizm-leninizm ideologiyadan yapışıb, Kommunist Partiyasının hakimiyyətini möhkəmləndirmək, cəmiyyəti dəmir nizam-intizamla idarə etmək yolunu seçib. Bu, Qorbaçovun çalışdığı (amma nail ola bilmədiyi) yola daban-dabana ziddir.
Çin siyasi, iqtisadi, sosial və mədəni baxımdan qapalı, avtokratik sistemə qayıdır. Bu, Mao Tzsedun dövründəki acınacaqlı “mədəni inqilab” günlərini xatırladır. Halbuki indi 21-ci əsrdir.
Diqqət edin, Çində milyarderlərin sayı 1000 nəfərədək azalıb. Bu ölkədə sahibkarlar tək sərvətini yox, nüfuzunu, statusunu da itirməkdədir. Ölkədə özəl şirkətlərin əvəzinə iri dövlət müəssisələrinin yaradılmasına üstünlük verilir. Hökumət sahibkarlığı, kapitalizmi məhdudlaşdırmaqla məşğuldur. Bu isə 21-ci əsr Çinində öz əlinlə özünə quyu qazmaq deməkdir.
Tarix birmənalı şəkildə sübuta yetirib ki, dövlət müəssisələri heç vaxt özəl sektorla rəqabətə girə bilməz.
Özəl sektorun sıxışdırılması iqtisadi artımı dayandıracaq. İqtisadi artım olmadan isə insanların həyat səviyyəsini yaxşılaşdırmaq, o cümlədən siyasi sabitliyi qorumaq mümkün deyil.
İndi Çin elitasının bir çox təmsilçisi ölkəni tərk etməyə çalışır. Bu, iqtisadi potensialın daha da zəifləməsinə gətirib çıxaracaq.
Deyəsən, Cinpin qurmağa çalışdığı yeni ecazkar dünyanın bəlalarından xəbərsizdir.
Hazırda ABŞ Çini yaxın dövr üçün özünə ən təhlükəli ölkə kimi görür. Amma belə getsə, Cinpinin qoyduğu uzunmüddətli məhdudiyyətlər bu “yaxın təhlükə”nin sovuşması ilə nəticələnəcək. Ona görə ABŞ-ın Çinlə bağlı siyasətini yenidən gözdən keçirməli olacağı gün, deyəsən, heç də uzaqda deyil.
Mənbə: Thehill.com