Xerson işğaldan qurtulur
- 11 Noyabr 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetXəbər
Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Gündüz saatlarında Ukrayna döyüşçülərinin Xerson şəhərinə girməyə başladığı xəbəri yayılıb.
Xerson şəhəri 2022-ci il martın 3-dən işğalda idi.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.
Ukrayna hərbçiləri son vaxtlar fəal əks-hücum əməliyyatları həyata keçirir. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayətidir. Rusiyanın hərbi-siyasi rəhbərliyi məhz bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib.