Noyabrın 11-i saat 16-dan bir qrup AXCP üzvü və başqa fəallar paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları ərazidə toplaşmaq istəyənləri dağıdıb, tutulanlar var.
AXCP rəsmiləri Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə sosial və siyasi tələbli piketə şərait yaradılmasını istəmiş, aksiyanı noyabrın 11-i saat 15-ə təyin etmişdi. Noyabrın 4-də aksiya təşəbbüsçülərinə göndərilən cavab məktubunda aksiyanın məqsədəuyğun sayılmadığı vurğulanıb, ancaq AXCP piketi keçirməyə qərar verib.
Aksiyanın əsas tələbləri kimi vətəndaşların sərbəst toplaşmaq hüququna maneələrin aradan qaldırılması, siyasi məhbusların azadlığa buraxılması, ölkənin quru sərhədlərinin açılması göstərilib.
Cəbhəçilər və onların çağırışına qoşulan başqa fəallar son vaxtlar daha iki sanksiyasız aksiya keçirib, polis sentyabrın 30-da Milli Məclisin binası qarşısında, oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmağa mane olub.
Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə yaradılıb, 1995-ci ildə partiyaya çevrilib. 2000-ci ildən partiyaya Əli Kərimli liderlik edir.