İsmayıl Rafiqoğlu
“Report” Media Məktəbi
“Parlamentin spikerini yəqin tanıyırsan” sualını hər tələbə ilə görüşdə verirəm. Sualı bəzən başqa formaya salsam da, mahiyyəti dəyişmir. Hərdən şikayətlənərək “Filankəsə nə qədər sual verdim, cavab almadım. Heç Milli Məclisin sədrinin kimliyindən xəbəri yoxdur, amma yəqin sən bilərsən…” deyirəm. Cavab əvəzinə bir susqunluqla, sanki daş-divarla qarşılaşıram. Tələbə adətən utana-utana “Siyasətlə maraqlanmıram”, ya da ən yaxşı halda “Oqtay Əsədovdur yəqin” deyir.
Parlament spikerinin ad-soyadının ölkənin müxtəlif jurnalistika fakültələrində təhsil alan tələbələr üçün bu qədər tanınmaz olması, məncə, ciddi məsələdir.
Bəlkə mətbuat Milli Məclis sədrinin fəaliyyəti barədə məlumat paylaşmır? Xeyr, belə deyil. Təkcə bu ilin oktyabrında “Report” informasiya agentliyi spiker barədə 34, APA 40, AZƏRTAC 31 xəbər yayıb. Bu xəbərlərin bir çoxu başqa media qurumlarının saytlarında, sosial mediada da gedib. Televiziyada yayılıb, radioda səsləndirilib. Di gəl, tələbələrdən spikerin kimliyini bilən yoxdur.
Bir təlimçi kimi çox müraciətlə rastlaşıram, gənc jurnalistlərin bilik qazanmaq istəyini də bəyənirəm, amma ən adi sualın qarşısında aciz qalan tələbəni anlamaq çətindir.
Gənclər nəinki spikeri, baş naziri, nazirləri, dövlət komitələrinin sədrlərini tanımırlar, hətta onların işləmək istədikləri media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər barədə də heç nə eşitmədiyi üzə çıxır.
Müasir Azərbaycan ədəbiyyatı da tələbələrin çoxu üçün qaranlıq sahədir. Çağdaş yazıçıları tanımırlar. Xarici dil bilikləri zəifdir. Dünya kinosu, Azərbaycan kinosu haqqında maraqlı fikir söyləyən tələbəyə nadir halda rast gəlirəm.
Dəbdə olan bəzi trendlərdən xəbərimiz var, amma Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini oxumayan, tamaşasına, filminə baxmayan nə qədər insanla qarşılaşmışam. Mütaliə etməyən, teatr və konsertə getməyən, televizora baxmayan tələbənin sayı-hesabı yoxdur.
Spikeri tanımayan gənc jurnalist çevrəsinin intellektual səviyyəsindən danışmaq belə çətindir. Özü də adi bir sualın cavabını verməkdə çətinlik çəkmələrinin cəmi bir səbəbi var: heç biri xəbər izləmir, ya da izlədikləri kontent “TikTok” videoları səviyyəsindədir. Heç olmasa axşamçağı 30 dəqiqə televiziyada xəbər izləsəydilər, ayda beş-on dəfə spikerin adını eşidib bilərdilər. Böyük informasiya agentliyinin xəbər lentini izləyirsənsə, ən azı spikerin adına ayda beş-altı dəfə rast gələcəksən. İzləmirsənsə, elə “siyasətlə maraqlanmıram” kimi bəhanələrə üz tutacaqsan.
Bu gün internetdə informasiya çoxdan çoxdur. Hər sahədən məlumatlı olmaq, hər məsələni bilmək isə mümkünsüzdür. İnsanın həyatı olduqca qısa, bilik əldə etmək imkanı məhduddur. Biliksizlər tez-tez ABŞ vətəndaşlarını bəhanə gətirirlər. Bu ölkədə siyasətlə maraqlanmamaq, dünyanı tanımamaq, şəxsi və regional mənafelərə yüklənmək tendensiyası var. Çox gözəl, bu, onların seçimidir. Amma jurnalist ictimai fiqurdur, o, mütləq öz ölkəsindəki proseslərdən, qəbul olunan qərarlardan, qanundan xəbərdar olmalı, işində səhvə yol verməməlidir. Axı İran, Gürcüstan kimi qonşu ölkələrin dövlət başçılarını tanımaq belə çətindir? Bunun üçün heç universitet bitirməyə ehtiyac yoxdur, sadəcə arabir xəbər lentini yeniləmək gərəkdir.
Jurnalist hər sahədən bilikli ola bilməz, amma öz ölkəsinin, qonşu dövlətlərin siyasi, iqtisadi, mədəni mənzərəsindən xəbərdar olmalıdır. Yoxsa peşəsində çalışa bilməz. Parket vuran usta işlətdiyi materialın keyfiyyətini dəqiq bildiyi kimi jurnalist də çevrəsində baş verənləri doğru-düzgün anlamalıdır.
Bu günün rəqəmsal nəsli haradasa belə düşünür: bilməyə nə ehtiyac var? “Quql” ola-ola biliyi başda cəmləməyin adı yoxdur. Lazım olsa, axtarışa verib taparıq. Gürcüstan prezidentinin artıq çoxdan Saakaşvili yox, Zurabişvili olduğunu öyrənər, kişi, ya qadın olması da vacib deyil, birtəhər yola verərik.
Bu düşüncə beyinləri çoxdan ələ alıb. Kimi dindirsən, deyir yemək-içmək vacib deyil, təki “İnstaqram” olsun, nə varsa orda var.
Hazırda parlamentin spikeri xanımdır, adı Sahibə, soyadı Qafarovadır. 2020-ci ildən Milli Məclisin sədridir. Filologiya elmləri doktoru, professordur. Parlamentə rəhbərlik edən ikinci xanımdır. 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən parlamentə Elmira Qafarova rəhbərlik edib.
“Spiker kimdir” sualının çox sadə cavabı varmış…