Natiq Cəfərli
Cənubi Qafqaz ölkələrinin iqtisadi əməkdaşlığının çox böyük perspektivi var. İllərdir bunun qarşısında ən böyük əngəl Ermənistanın Azərbaycan ərazisini işğal etməsi, aqressiv və düşmən tutumu idi. İkinci Qarabağ savaşından və Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşməsindən sonra bölgədə dayanıqlı sülhə kövrək ümidlər yaranıb.
2021-ci ildə Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub. Gürcüstanın Ermənistanla ticarət dövriyyəsi isə cəmi 102,6 milyon dollar təşkil edib. Azərbaycanla Ermənistan arasında ticarətin olmadığını nəzərə alsaq, Cənubi Qafqaz ölkələrinin qarşılıqlı ticarət dövriyyəsi 1,2 milyard dollar ətrafındadır, bu da çox aşağı göstəricidir.
Son 30 ildə Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsindən müəyyən dividendlər götürüb – yol və kommunikasiyaların Gürcüstandan keçməsi, Türkiyənin Ermənistana satdığı malların Gürcüstandan ötürülməsi üstünlüklər gətirirdi. Türkiyədən Azərbaycana, Orta Asiyaya, qismən də Rusiyaya gedən bütün yük maşınları Gürcüstandan keçir. İllərdir yol boyu həmin yük maşınlarına görə böyük infrastruktur qurulub – kafelər, restoranlar, motel və hotellər, təmir məntəqələri…
Xülasə, son 30 ildə Gürcüstan münaqişədən müəyyən nəf götürüb və Cənubi Qafqazda yeni koridorların açılmasının onun iqtisadi maraqlarına toxuna biləcəyindən çəkinir. Amma çəkinmək yersizdir, Gürcüstan bölgənin sülh və açılım şəraitində yaşamasından daha çox iqtisadi gəlir götürəcək. Çünki hələ uzun müddət Azərbaycan və Türkiyə biznesi Ermənistana Tiflis üzərindən açılacaq, mərkəz yenə Tiflis olacaq. Gürcüstan Azərbaycanın təbii iqtisadi davamı, dünyaya açılan qapısıdır, bu, Zəngəzur koridorları açılandan sonra da belə qalacaq.
Ümumiyyətlə, zaman-zaman önə çıxan, sonradan unudulan Qafqaz Evi ideyasının yenidən gündəmə gəlməsi zamanıdır. Hər üç ölkənin taleyi də, istiqaməti də birdir, sadəcə, Ermənistan düşüncəsiz və aqressiv davranışları, işğal xülyaları ilə Cənubi Qafqazı 30 il dala saldı…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları