Şakir Yaqubov
…Bu əhvalatda tarix göstərməməyim heç mümkün deyil.
“Kommunist” qəzeti redaksiya heyətinin 1987-ci il 22 iyul tarixli (!) iclasına dəvət olunmuşdum; orada, necə deyərlər, rentgendən keçirilmiş sümüklərimi dənələyəcək, haradasa bir qüsur kəşf eləməyə çalışacaq və sonda qərar verəcəkdilər: işə qəbul edilsin və ya qəbul edilməsin…
Redaksiyalar elə indiki məskənlərində yerləşirdi – “Kommunist” qəzeti Kirov (indiki Bülbül) prospektində, “Azərbaycan gəncləri” isə “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatının 8-ci mərtəbəsində. Sözün açığı, bu gedişə əsla həvəsli deyildim, səbəbi də buydu ki, müqaviləli (yəni ştatda olmayan, maaş almayan) müxbirlikdən müvəqqəti redaktor (yəni baş redaktor) müavinliyinəcən (Əlirza Balayev “Savalan” qəzetinə redaktor, yəni baş redaktor təyin olunduğuna görə artıq üç aydı ki, redaktor müavinliyini daxili əmrlə mən aparırdım) 13 ildən bəri çalışdığım kollektivdən məni zorla, “inzibati qaydada”, rəsmi olaraq uzaqlaşdırırdılar. Bir il öncə də belə bir vəziyyət yaranmışdı və o vaxt “baiskar” “bizlərdən biri” olduğuna görə mən “sürtə-sürtə” redaksiya heyətinin həmin iclası ilə əlaqədar “Kommunist”in redaksiyasına gedib çıxanda artıq iş işdən keçmişdi, daha doğrusu, iclas bitmiş, redaktor da harayasa çıxıb getmişdi və mənimlə bağlı məsələ bununla tamamlanmışdı. Bu dəfə isə məsələ xeyli dərəcədə qəlizdi: Kommunist Partiyasının Mərkəzi Komitəsindən yüksək səlahiyyət sahibi əmr eləmişdi ki, “Getsin, orda şöbə müdiri işləsin, indiki yerini də boşaltsın filankəs üçün. Getməsə, əmrini verin, atın bayıra!..”. Bunun müqabilində əlacım kəsildiyinə görə adi qaydada redaksiyadakı işlərimi yoluna qoyandan sonra “Kommunist”ə getməyi qərarlaşdırmışdım.
“İşlər” də nə işlər: həftənin tək günüydü, yəni sabaha qəzet çıxan günüydü, mənsə artıq neçə ildi ki, redaktorla heç 55 yaşına çatmayan məsul katibin hansısa daxili barışmazlığının yükünü çəkməli olmuşdum – həm təbliğat və təşviqat şöbəsi kimi ən əsas üç şöbədən birincisinin müdirliyini aparır, həm də məsul katibin funksiyalarını icra edirdim, yəni hətta hansısa bir fövqəladə vəziyyət üzündən işə çıxa bilməyən redaktorun əsla xəbəri olmadığı növbəti qəzet nömrəsini də hazırlayıb çapa imzalayırdım. Mayın əvvəlindən redaktor müavini vəzifəsi boşaldığına görə onun da vəzifələrinin icrası mənim öhdəmə düşmüşdü, daha doğrusu, maaşlarımız arasındakı 10 manatlıq fərqi əldə etmək üçün müvəqqəti olaraq redaktor müavini təyin olunmuşdum.
Təxminən saat 12 üçün qəzetin növbəti nömrəsinin son cizgiləri bəlli olandan sonra məsul növbətçiyə və korrektorlara son tapşırıqlarımı verib “Kommunist”ə yollandım…
Redaksiya heyətinin iclası və onun yekunları ilə əlaqədar vaxtilə “Bu dünyada kimin günü qara deyil?!.” adlı xatirə-qeydlərdə ətraflı bəhs elədiyimə görə üstündən keçirəm.
Axşam saat altı radələrində iş yerimə qayıdanda qəzetin növbəti nömrəsinin siqnal nüsxələri artıq hazırdı və məsul növbətçi tirajın çapı üçün “viza” gözləyirdi.
Adəti üzrə bu halda redaktorun elədiyini (və ya eləməli olduğunu) eləməyə – qəzet səhifələrini açıb başlıqları, imzaları, şəkilaltı mətnləri oxumağa və (Allah göstərməsin!) çapda gedən səhvləri aşkarlamağa başladım. Birinci səhifə – düz… ikinci səhifə – düz… üçüncü səhifə…
Gözlərim kəlləmə çıxdı: başlıqdakı fikir təsdiq əvəzinə inkar formasında gedirdi : “Uşaqlar məktəbə getMƏMƏlidir!”. Bəlkə həqiqətən də belə olmalıdır?! – düşüncəsiylə təxminən 3000 işarəlik yazını əvvəldən-axıracan oxudum: yox, başlıq həqiqətən də səhv idi!
Daxili telefonla nəşriyyatın çap sexinə, çapçıya zəng vurub 3-cü səhifədə başlıqda səhv olduğunu və qəzetin çapını dayandırmaq lazım gəldiyini söylədim…
Çapçı tanış uşaqlardan, üstəlik də mənimlə salam-kəlamı olan cavanlardandı. Amma nədənsə bu dəfə heç bir “mən ölüm, sən öləsən”ə məhəl qoymadı, akt bağlayıb çap edilmiş nüsxələri məhv eləyəndən sonra təkrar çapın mümkünlüyünü bildirdi.
Mən müvəqqəti redaktor müavini olsam da aktın imzalanması və çap edilmiş tirajın məhv edilməsi üçün sərəncam vermək səlahiyyətinə malik deyildim, indiki halda bu səlahiyyət redaktor Yusif Kərimova məxsusdu.
Yeganə əlaqə vasitəsinin ev telefonu olduğu bir vəziyyətdə böyük əziyyətlə redaktoru tapdım, vəziyyəti ona izah edib akt bağlamaq üçün icazə istədim. Cavabı məni şoka saldı: “Heç nə olmaz, çapı dayandırma…”.
Əldə edilmiş ikitərəfli razılaşmaya görə, mən artıq sabahdan, yəni iyulun 23-dən “Azərbaycan gəncləri”nin deyil, “Kommunist”in işçisiydim, “Kommunist”də isə redaktor Ramiz Əhmədov (Allah-taala ona qəni-qəni rəhmət eləsin!) böyük səxavətlə ayın qalan günlərində istirahət eləyib avqustun 1-də işə çıxmağımı buyurmuşdu. Başqa sözlə, mənim narahatlığım üçün elə bir əsas yoxdu, ancaq təbiətən narahat adamlar məni anlamamış olmazlar.
Səhəri yenə “Gənclər”ə getdim, redaktorla görüşdə istər-istəməz yaranmış vəziyyətə görə üzrxahlıq elədim, səhifəyə, nömrəyə cavabdeh yoldaşlarımızın ünvanına giley-güzarımı bildirdim, etibarsızlıq elədiklərini, adamı peşmanladıqlarını birnəfəsə söylədim.
Mənə diqqətlə qulaq asan redaktor bir daha sakitcə “Heç nə olmaz, fikir vermə” – dedi, özü bilsə də, yenə qayğıkeşliklə “Kommunist”də hansı şöbəyə təyinat aldığımı soruşdu, gələcək işlərimdə uğurlar dilədi və…
Biz sağollaşdıq…
P.S. İki gün sonra – iyulun 25-də “Azərbaycan gəncləri”ndə belə bir “DÜZƏLİŞ” getdi: “Qəzetimizin 23 iyul tarixli nömrəsinin 3-cü səhifəsində dərc olunmuş yazının başlığı belə oxunmalıdır: “Uşaqlar dərsə getməməlidir?!”.
Razılaşaq ki, bu, əsl redaktor ustalığı, vəziyyətdən çıxmaq məharəti idi…
May 2013
“Bir həsirəm, bir Məmmədnəsir…”