Prezident baş redaktorları görüşə çağırmışdı…
Şakir Yaqubov
Adi iş günlərindən biriydi. Telefon zəng çaldı. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Arif Əliyevdi:
– Şənbə günü Prezident ölkənin yüksək tirajlı qəzetlərinin baş redaktorlarıyla görüşməyi planlaşdırır. “Səhər” qəzeti də bu qrupa daxildir. Ancaq mənə dedilər ki, baş redaktorunuz xaricdə səfərdədir, Prezidentlə görüşə, baş redaktorun birinci müavini kimi, Siz dəvət olunursunuz. Şənbə günü, saat 10-da, Prezidentin iqamətgahında…
Ömrüm boyu heç kimi əvəzləmədiyim üçün və buna cəhd də göstərmədiyim üçün bu dəfə də nəm-nüm eləsəm də köhnə “Molodyoj Azerbaydjana”çı Arif, bir həmkar olaraq, “Azərbaycan gəncləri”nin lap köhnə təmsilçisini bu görüşə razı saldı.
1993-cü il fevralın 6-sı. İki gündən bəri şıdırğı yağan qar dayanmış və yavaş-yavaş əriməyə başlamışdı. Küçələrdə nəqliyyat vasitələri az olsa da, hər halda, adamın ayağını yerdən götürməyə yetirdi.
Prezident iqamətgahının qapısı önündə toplaşanları barmaq hesabı saymaqla “yüksək tirajlı qəzetlər”in sayının 10-u keçmədiyini təyin eləmək çətin deyildi. Yüngülcə salamlaşdıq, bugünkü nömrələrdəki bəzi yazılara eyhamla işarə vurduq və… Giriş qapısı açıldı, bizi içəri dəvət elədilər. Adətən, belə məqamda başlanan ənənəvi “buyur-buyur” onunla nəticələndi ki, kiçik dəhlizdən içəri birinci mən keçəsi oldum.
Qəbul otağına qədəm qoyan təki qapının sağ layının arxasında dayanmış Prezident Əbülfəz Elçibəyə gözüm sataşdı. O, görüşmək üçün bir addım irəli atıb sağ əlini uzatdı. Belə olacağını gözləmədiyimə və Prezidentin bizi məhz bu şəkildə qarşılayacağına dair xəbərdarlıq almadığımıza görə duruxub qaldım, ancaq dərhal özümə gəlib mən də şəstlə əlimi onun əlinə verdim və elə bu an arxamca gələnləri də şoka salan hadisə baş verdi: əlim əlində olduğu halda Prezident məni özünə tərəf çəkib bağrına basdı…
Sonra arxamca otağa daxil olan baş redaktorların hamısıyla birbəbir əl verərək görüşüb, balaca qəbul otağının ortasında qoyulmuş uzunsov stolun arxasına keçdi. Sağında-solunda, hər tərəfdən 2-3 nəfər özünə yer elədi. Mən onunla üzbəüzdə qərar tutası oldum.
İndiki uydurma dillə desək, “media kapitanları”nı salamladıqdan sonra görüşün məqsədini bildirdi: “İstədim bir görüşək, dərdləşək” – dedi. Sonra üzünü mənə tutub: “Hardan tanıyıram səni?” – deyə soruşdu. Tam qətiyyətlə “Bakı Dövlət Universitetindən… 1968-ci ilin 2 sentyabrından” – dedim. Keçən qeydlərimdə yazdığım kimi, mən HƏMİN tarixi uzun müddət məhz 2 sentyabr hesab eləmiş, həmişə də həmin tarixi hamıya bu cür nişan vermişəm. Ona görə indi də belə söylədim: 2 sentyabr… O isə tarixin qeyri-dəqiqliyinə məhəl qoymadı, eləcə il üçün sanki gözlərinə işıq gəldi, çoxdan arxada qalmış gənclik illərinə qovuşdu. Ona görə başqa dəqiqləşdirmə elədi: “Tarix fakültəsində?”. “Yox, kitabxanaçılıqda…” – cavab verdim. Mənzərə tam aydınlaşdı: “O ilk beşliyimiz yadındamı? – soruşdu, sonra hamıya müraciətlə dedi: – Mən bu gün üçün deyirdim ki, bizim azadlıq hərəkatı beşliklərdən onluqlara, onluqlardan yüzlüklərə çevrilməklə, bütün milləti əhatə eləyəcək və onda bu millətin qabağında heç nə, heç kim dayana bilməyəcək…”.
“İlk beşlik” deyə nəzərdə tutduğu, yaxud ehtimal elədiyi adamları – keçmiş tələbələrini soruşdu, onların aqibəti ilə maraqlandı. “Gəlib-gedənin əlindən gecəm-gündüzüm yoxdur: hərəsi bir xahişə gəlir. Bəs siz niyə gəlmirsiniz?” – bu da onun mənə, fərdi müraciəti oldu.
Mən onun güman elədiyi beşliyin bütün üzvlərinin adını çəkib harada və nə işlə məşğul olduqlarını söylədim, iradına isə: “Siz onsuz da bizi buna öyrədirdiniz ki, yaxşı mütəxəssis olub vətənin dərdlərinə dərman olmaq lazımdır. İndi biz də azdan-çoxdan bu tövsiyənizə əməl eləməklə məşğuluq. Nəsə bir problemimiz olanda da özümüz həll eləməyə çalışırıq. Daha hər şeydən ötrü Prezidentin üstünə qaçmazlar ki?!.”
Yenə bic-bic gülümsədi və sol qolunun altındakı qəzet topasına – qəzetlərin təzə nömrələrinə işarə ilə: “Düz eləyirsən, budu, burda – “Səhər”də hərdən-birdən mənə də möhkəm çəkirsən” – deyib, söhbətin miqyasını bir az da genişləndirdi: – Buyur, “7 gün” bu gün təcili yardım stansiyasından məlumat verib – bu qarda-çovğunda Bakının küçələrində neçə nəfər yıxılıb, neçəsinin qolu-qıçı əzilib. Bunu da elə verib ki, elə bil qar da Əbülfəzin sifarişi ilə yağıb, küçələri də Əbülfəz qardan-şaxtadan təmizləməliymiş, avtobusların işini də Prezident nizamlamalıymış… Yaxud bu da mənim dostum Aqil Abbasın qəzeti, “Ədalət”. Görün, adı “Ədalət” olan bu qəzet nə yazıb…
Bu cür fərdi iradlarla davam edən söhbət gəlib çıxdı xarici medianın üstünə. Prezident sözünə davam elədi:
– Siz bilirsiniz ki, srağagün gecə Cövhər Dudayev Bakıda olub. Özü də dəvətsiz. Mən burada Eduard Şevardnadzeynən şam yeməyi yeyirik, gəlib qulağıma pıçıldayırlar ki, bəs, Dudayev şəxsi təyyarəsiynən bizim aeroporta enib, bura gəlib Şevardnadze ilə görüşmək istəyir. Bilirsiniz ki, bu, az qala mümkünsüz bir işdir – çünki Zviad Qamsaxurdiya bunun qatı düşmənidir, o da qaçıb girib Dudayevin qoltuğunun altına. İndi Dudayev də, Allah bilir, hansı niyyətlə bununla görüşə can atır. Amma mən bizim Qafqaz adət-ənənələrinə yaxşı bələdəm, bilirəm ki, burda heç bir kişi başqa birisinin süfrəsi başında namərd hərəkət edə bilməz və eləməz də… Mən bir qədər düşünüb Şevardnadzeyə sirri açıram və Dudayevi Bakıya şəxsən özüm, onunla görüşdürmək üçün çağırdığımı söyləyirəm. “İcazə verirsənmi gəlsin və bizim süfrəmizdə otursun?” – deyə soruşuram. Hiss edirəm ki, rəngi ağappaq ağarıb, özünü tələyə salınmış kimi sanır. Bir daha əmin edirəm ki, can narahatlığı üçün əsas yoxdur, hər şey mənim boynumdadır, ancaq bu görüşün bütövlükdə Qafqazda sülh üçün, sakitlik üçün böyük əhəmiyyəti var… Onu inandıra bilirəm. Dudayev gəlir, bunları görüşdürdüyüm üçün bilmir ki, mənə nə cür təşəkkür eləsin. Bizim birgə şam yeməyindən sonra bunlar düz iki saat təklikdə qalıb söhbətləşirlər. Belə bir razılıq əldə olunur ki, Çeçenistan və konkret olaraq, Qamsaxurdiya tərəfdən Şevardnadzenin hakimiyyətinə heç bir sədəmə toxunmayacaq… Sonra üçümüz görüşür, bu niyyətə xeyir-dua veririk və… razılığa gəlirik ki, bu barədə mətbuat orqanlarında bir cümləynən olsa da məlumat verilməsin. Amma bugünkü “İzvestiya” “Şevardnadze Qafqazda sülh yaradır” başlığıynan bu barədə məlumat yayıb. Deyən də yoxdur ki, Şevardnadze sülh yaradırsa, bunu niyə Tiflisdə eləmir, gəlib Bakıda eləyir? Bax, sizin təmsilçisi olduğunuz mətbuatın bu cür həlləm-qəlləm işləri var…
“İstəyirəm biləsiniz, – Prezident söhbətinə davam elədi, – biz sizinlə – kimiynən 30 il, kimiynən 20 il, kimiynən 10 il, kimiynənsə də cəmi 1 il əvvəl – bu mübarizəyə başlayanda məqsədimiz, məramımız milləti, vətəni ağ günə çıxarmaq olub. Heç birimiz prezidentlik, ya baş redaktorluq iddiasında olmamışıq, bunun üçün təcrübəmiz də olmayıb, bunları indi – işləyə-işləyə, görüb götürə-götürə əldə edirik. Ona görə də birimizin səhvini götürüb dağın başına qoymamalıyıq, o səhvin aradan qaldırılmasına kömək eləməliyik. Təbii ki, bu, bilərəkdən edilməyən səhvdisə… O il mən Moskvada Yeltsinlə görüşmüşəm. Deyir cənab Elçibəy, gəlin filan işi filan cür görək. Mən fövrən anlayıram ki, bu, çox qorxulu məsələdir, buna getmək olmaz, bunun qorxusunu heç özü də anlamır. Deyirəm ki, Boris Nikolayeviç, Siz məsələni çox gözəl qoyursunuz, mən də düşünürəm ki, o məsələni məhz Siz deyən təki həll eləmək olar, ancaq bilirsiniz ki, məsələyə ictimai münasibət də var: bizim bir daxili işlər nazirimiz var – İsgəndər Həmidov, o, çox çılğın adamdır, radikaldır, xalqı bizim əleyhimizə qaldırar, necə deyərlər, it də gedər, ip də… O, dərindən köks ötürüb, “Tamamilə doğru söyləyirsiniz, cənab Elçibəy, qoyun bu məsələ hələ gözləsin” – deyir. Yaxud mən deyirəm ki, filan məsələni belə eləsək, məncə, hər iki dövlət üçün yaxşı alınar… O da mənə dəstək verir və… bunun baş tutacağına inanmadığını bildirir, çünki ortada Prezidentin milli məsələlər üzrə müşaviri Sergey Şaxray var, deyir ki, onu razı salmaq böyük problemdir… Bax, dövləti idarə eləməyin bu cür incə məqamları var və siz jurnalistlər bu məqamları bilib nəzərə almayınca, həm sizin, həm də dövlət idarəçilərinin başı qeylü-qaldan ayılmaz…
Prezidentdən sonra ayrı-ayrı dəvətlilər qaldırılan məsələlərə münasibət bildirdilər, mən də dedim ki, “siz səhv eləyincə mən yazacağam, çalışın ki, səhv etməyəsiniz, yaxud səhviniz mümkün qədər az olsun”.
…Dövlət katibi Pənah Hüseynovun görüş otağına girib söhbəti bitirmək və növbəti qəbula başlamaq barədə ikinci təkidli qeydindən sonra görüşümüz bitdi. Prezident yenə hamıyla təkbətək əl verib xudahafizləşdi, mənə isə “Heç tanımadığım adamlar gəlib məndən vəzifə istəyir. Siz kimi gözləyirsiniz?” – tapşırığını verməyi də unutmadı.
Onunla sonuncu görüşümüz 1997-ci il dekabrın 27-də indiki Teatr meydanındakı yarımzirzəmidə yerləşən “Müllerbrau” restoranında – “Azadlıq” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının növbəti ildönümünə həsr olunmuş ənənəvi məclisdə oldu, amma bu dəfə “Kələki hicrəti”ndən sonra mənim kimi keçmiş, lap keçmiş “beşlik”lərdən birinin sıravi üzvünün ELÇİBƏYə sərbəstcəsinə yaxın düşməsi mümkünsüz idi…
***
İllər sonra Anar “Gecə düşüncələri” adlı essedə tamamilə haqlı olaraq belə yazacaq: “Əbülfəz Elçibəy… Azərbaycanın bəlkə də sonuncu romantik siyasətçisi idi. Bu cəhətdən onu, doğrudan da, romantik siyasətçi Məmməd Əmin Rəsulzadəylə müqayisə etmək olar. Əbülfəzdən sonra gələn cavan siyasətçilər əsasən praqmatikdirlər…
Amal, əqidə, doğrudan da, onun həyatının mənası idi. Əqidəsi yolunda əzab çəkməyə də hazır idi, xislətində qisasçılıq da yoxdu. Dünyagörüşünün miqyasları etibarilə müəyyən hüdudlar çərçivəsində düşünə və fəaliyyət göstərə bildi, amma sözlərində, əməllərində səmimi idi, dözümlü idi, mərhəmətli idi. Ətrafındakılar isə onun bu müsbət cəhətlərindən tam tərs məqsədlərlə istifadə etməyə başladılar…
Allah Əbülfəzə qəni-qəni rəhmət eləsin. Uğurlu siyasətçi olmasa da, saf insan idi” (Anar. Əsərlər. III cild. Bakı: Nurlan, 2004, səh. 716-717).
P.S. Gələcək Prezidentə “Prima” çəkdirməyimi mənə irad tutan dost-tanışlara və ümumiyyətlə, bütün oxuculara: hansı dövrdən, hansı ildən söhbət açıramsa, bütün faktları istisnasız olaraq həmin dövrdə, ildə adlandırıldığı kimi qeyd edirəm; bu, siqaretə də aiddir: Azərbaycanda o vaxtların ən bahalı və nüfuzlu siqareti Bolqarıstan istehsallı “Trezor” və Moskva istehsallı “Stoliçnaya” siqaretləri idi. Hər ikisinin də dadı mənə yaxşı tanış idi, 1968-ci ilin sentyabrında isə “Prima” çəkirdim. Səhv eləmirəmsə, qutusu 10 qəpiyə idi. Mən onu ötən qeydlərimdə “ucuzdan ucuz siqaret” adlandırmışdım. 70-ci illərin əvvəllərində sovet ordusu sıralarında xidmət zamanı gördüyüm “Oxotniçyi” isə həqiqətən SSRİ-nin ən ucuz siqaretiydi: pərakəndə satış qiyməti 5 qəpik idi, ancaq satışa buraxılmırdı – onu xaricdə xidmət edən əsgərlərə və sualtı qayıqların matros heyətinə, iki günə bir qutu hesabı ilə pulsuz paylayırdılar…
P.P.S. 1993-cü il fevralın 6-dakı görüşün gedişində hansısa məqamda Prezident cibindən “Marlboro” siqareti çıxardı, qutunu açıb: “Buyurun, çəkin” – deyəndə üzbəüzdə oturan mən – tərəddüdsüz-filansız əlimi uzadıb siqaretin birini götürdüm və… elə siqaretimi də Elçibəy yandırdı…
Oktyabr 2012
“Bir həsirəm, bir Məmmədnəsir…”
1951-ci ildə doğulan Şakir Yaqubov Bakı Dövlət Universitetinin məzunudur.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində rəhbər vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” jurnalının məsul redaktoru olub.
“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, bir neçə kitabın həmmüəllifi, tərcüməçisi, redaktorudur.
Şakir Yaqubov 2022-ci il oktyabrın 15-də vəfat edib.