Şakir Yaqubov
Tarixini uzun illər əminliklə sentyabrın 2-si söyləmişəm və belə də keçib gedib. Ancaq indi bu tarixə şübhə eləyirəm: doğrudanmı məhz həmin gün?!. Axı indi həmin tarix çox böyük əhəmiyyət kəsb edir – ən azı, ona görə ki, söhbət adi vətəndaşdan deyil, tarixi şəxsiyyətdən gedəcək.
Dəqiqləşdirirəm: həmin il – 1968-ci ildə sentyabrın 1-i bazar gününə təsadüf eləmişdi, Azərbaycan Dövlət Universitetinin digər kurs tələbələri kimi, biz 1-ci kurs tələbələri də dərs ilinə ertəsi gün – sentyabrın 2-də başlamışdıq. Həmin günün də tanışlıq-filana həsr olunduğunu nəzərə alsaq, deməli, mən indi müəyyən əminliklə ayın 3- dən bəhs etməliyəm…
***
Dərslərimiz 2-ci növbədə olduğundan, burası dəqiqdi ki, ilk dərsimiz artıq arxada qalmışdı və biz “Asiya və Afrika ölkələrinin tarixi” fənnindən mühazirə üçün hamılıqla birinci, əslində, yarımzirzəmi mərtəbəyə enib fizika fakültəsinin rus sektoru tələbələrinin dərs keçdikləri auditoriyanın boşaldılmasını gözləyirdik. Qapı açıldı və çölə çıxanlarla içəri doluşanların eyni vaxtda hərəkəti başlandı. İçəri doluşanları, yəni bizi başa düşmək olardı: BU BOYDA universitetdə ilk sanballı dərs günümüzdü və heç kim müəllimdən sonra auditoriyaya girməklə həm qoyulmuş daxili qaydanı pozmaq, həm də özü barədə konkret müəllimdə pis fikrin (“…intizamsızdır”) yaranmasına bais olmaq istəmirdi.
Hər nəsə, ümumi axında sonuncudan axırıncılar sırasında auditoriyaya daxil olan qarayanız cavan oldu. Həmin o uzaq illərdə İSTİSNASIZ OLARAQ HƏR ŞEY indikindən fərqləndiyi kimi, hava da bir ayrı cür idi: mənim yaddaşımda həmin qarayanız, qıvrım şəvə saçlı müəllim məhz yaxası düymələnməmiş dəri pencək-gödəkcədə qalıb, indi həmin pencək-gödəkcəni ən yaxşı halda, yəqin ki, 15-20 gündən sonra geyinərlər.
Auditoriya eləydi ki, sonuncu partalar giriş qapısının ağzına düşürdü, təbii ki, yazı taxtası, kafedra (müəllimin mühazirə oxuması üçün nəzərdə tutulmuş xitabət kürsüsü) və üzərində sinif (qrup) jurnalı qoyulan stol yuxarı başda idi. Dəri pencək-gödəkcəli hündürboy müəllim tələbə yoldaşlarımın yerbəyer olmasını cəmi bir dəqiqə, əllərini sinəsi bərabərliyində ovuclamış halda gözlədi, sonra sifətinə xəfif bir təbəssüm verərək özünü təqdim elədi:
– Şərqşünaslığı bitirmişəm. İnşallah, sizdə ilin sonunacan bu kursu aparacam… Maraqlandığınız qalan şeyləri də ordan-burdan öyrənə bilərsiniz…
Sonuncu kəlmələri lap bic-bic, burnunu bir az da yuxarıya dartmaqla söylədi və… qapı döyüldü. Müəllim: “Buyurun” – söyləyəndə, demək olar, hamımız geriyə, qapıya tərəf boylandıq. İçəri arıq-arğaz, indiki meyarlarla baxanda kəndçifason bir rus qızı girdi, təbii bir utancaqlıqla: “Vı izvinite menya, veşşi moyi ostalis zdes…” – deyə üzrxahlıq elədi. Yadımdadır, üç sıralı partaların orta sırasında, lap öndə, müəllimlə üzbəüzdə oturmuşdum, qız da unutduğu şeyləri dili və əli ilə məhz bizim partadan götürmək istədiyinə işarə eləyirdi. Müəllim, heç nə olmayıbmış kimi, sakitcə: “Buyurun” deyincə biz – ön partada oturanlar kəndçi (kəndçimi?) ağlı-düşüncəsiylə yer-yerdən: “Zdes”, “Zdes”, “Von zdes” – deyə bağırışdıq. Qız əl çantasını, onunla yanaşı bir kitabını və daha nəyisə yığıb: “Blaqodaryu” – deyərək auditoriyadan çıxanacan baxışlarımızla onu müşayiət elədik. Qapının örtülməyi ilə müəllimin ağzının açılmağı bir oldu (aradan 44 il keçib, indi də düşünürəm ki, o, həmin təhqiramiz sözləri məhz bizə, içi mən qarışıq, ön orta partada oturub canfəşanlıq edənlərə yox, hamıya ünvanladı):
– Tüpürüm sizin kişiliyinizə!.. Nə olub ə? Nə matah iş olub? Bir rus “matişka”sı 20 nəfərlik, – (o vaxt qrupumuz tam formalaşmasa da, hər halda, daha çox idik), – azərbaycanlının olduğu auditoriyaya, özü də Azərbaycan Dövlət Universitetinin auditoriyasına girir, azərbaycanca danışmaq əvəzinə öz dilində nəsə qırıldadır və həmin bu 20 nəfər də xornan ona “Zdes”, “Zdes” – deyə cavab verir. Ayıb deyilmi sizə? Siz bu ağılnan, düşüncəynən oxuyub Azərbaycanı ağ günə çıxarmaq istəyirsiniz?..
Mənimlə yanaşı oturmuş, tarixi hamıdan yaxşı bildiyi gümanında olan qubadlılı Oruc ayağa qalxıb üzrxahlıq eləməyə başladı, amma onun da üzrxahlığı guya müəllimin sözünün üstünə söz gətirməyimizə görə idi, müəllim isə tamam ayrı, lap ayrı şeylərdən danışırdı, dediyindən ən azı bunu anlamaq çətin deyildi ki, biz – Azərbaycan oğulları (məhz oğulları!) gərək dəstəynən bir rus “matişkası”nın qabağında özümüzü sındırmayaydıq, çünki həmin “matişka” mahiyyəti, “vid-fason”u etibarilə buna layiq deyildi…
Müəllim isə sanki danışmağa mövzu tapmışdı:
– Azərbaycan Dövlət Universiteti dedim, üzr istəyirəm ifadəmə görə… Azərbaycan Dövlətsiz Universiteti! Dövlət Universitetinin auditoriyası bu kökdə olmaz!.. – Sonra o, çoxumuzun adını ilk dəfə eşitdiyimiz bir neçə nəfərin adını çəkdi: – Vəzifələrini saxlamaq üçün Azərbaycanın Rusiyanın tərkibinə könüllü daxil olmasının 150 illiyini bayram elətdirdilər, halbuki bu, başdan-ayağa işğal faktıdır. İngiltərədəki dostlarımız bu məsələni BMT-də qaldırmağa hazırlaşdıqları vaxt bunlar burda bunu bayrama çevirdilər…
Müəllim alov püskürürdü, uşaqların hamısı bu qeyri-adi mühazirənin harda və necə bitəcəyini gözlədiyi məqamda müəllim stolun üstündəki jurnala işarə ilə:
– Kimdir “sinifkom”? – O, məhz “sinifkom” dedi, bizim bildiyimizsə “starosta” idi. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini Novruzəli Zeynalovun oğlu, yaşına görə babat çəkiyə malik olan Namiq ayağa durdu, yəni ki, mən, – jurnalı həmişə özün doldurarsan, verərsən mən qollayaram. Sizə Asiya-Afrika ölkələrinin yox, lap əvvəl Azərbaycanın tarixini bilmək lazımdır. Hərçənd həmin ölkələrin tarixində də Azərbaycanla bağlı məqamlar yox deyil. Elə Misir tarixini götürək… “Barbarossa planı” deyirlər… Buna Avropa Barbarossa deyir, bunlar əslində iki qardaşdır – Baba Oruc və Xeyrəddin. XVI əsrdə bunlar bütün Şimalı Afrikada nəhəng imperiya yaradıblar. Bunlar xalis türkdürlər!.. Hələ Tulunilər var, bunların dövləti var…
Dərsin ilk 45 dəqiqəsinin nə vaxt bitdiyini, zəngin nə vaxt çalındığını bizdən heç kim hiss eləməsə də müəllim ayıq imiş:
– Çıxın, siqaretimizi çəkək, sonra dərsimizə davam edərik…
Biz, 3-4 nəfər qatı siqaretçəkən, həmin yarımzirzəmidən daha yuxarı mərtəbələrə qalxan pilləkənin altında yığışıb olanımızdan tüstülətməyə başlamağa girişəndə kimsə dirsəyimə toxundu. Çevriləndə müəllimi gördüm: “Nə çəkirsən?”. O dövrün ən populyar, ucuzdan ucuz siqaretinin – ”Prima”nın adını çəkdim. “Birini ver” – dedi müəllim. Bu, həmin gün 17 yaşlı bir kənd uşağının ikinci dəfə şoka düşməsi demək oldu: müəllim tələbəsindən (şagirdindən) siqaret istəyirdi!
(Dünyada, görünür, heç nə izsiz ötüşmür, heç nə itmirmiş: düz 25 il sonra o, “Marlboro” siqaretiylə “Prima”nın əvəzini çıxdı. Bu barədə sonra…)
Mən vəziyyətin məhrəmliyindən istifadə edərək, canıyananlıq göstərmək istədim:
– Dediklərinizin hamısıynan şərikik, mahiyyətini dəqiq anlamasaq da ürəyimizdən xəbər verir. Ancaq nəzərə alın ki, 20-25 nəfərlik bir dəstədə dostlarla yanaşı, ürəyi istəməyənlər, çuğullar, satqınlar da ola bilir…
O, siqaretə dərin bir qullab vuraraq bic-bic gülümsədi:
– Boş şeydir. Mən Nil üstündəki Əsvanda, yəni sizin dillə Asuanda tərcüməçi işləyəndə Xruşşov ora gəlmişdi. Tikintidə olduğu bir neçə saat ərzində Sovetlərdən gələnlər onun ayaqqabılarını yalayırdılar – hərə bir şey diləyirdi, o da əshabələrinə göstəriş verirdi ki, vətəndə bu xahişlər dərhal yerinə yetirilsin. Tək mən ehramlardan birinin kölgəsinə sığınıb özüm barədə, imperiya dövləti başçısının təbəələrinə verə biləcəyi sədəqənin mahiyyəti barədə düşünürdüm. Yerli iş icraçısının gözü mənə sataşdı, dedi ki, bəs sən niyə bir şey xahiş eləmirsən? O vaxt dövlətin başçısından istənilməli iki şey vardı: ev və minik maşını. Mənimsə bunların heç birinə ehtiyacım yoxdu… On-on iki il qabaq kənddən çıxıb Bakıya gələndə anamdan halallıq almışdım, demişdim ki, ana, mən bu yola düşürəm – bunun tutulmağı var, şikəst edilməyi var, öldürülməyi var. Mənə südünü halal elə və hesab et ki, mən adda oğul dünyaya gətirməyibsən, o vaxt mənimlə bağlı ən ağır xəbəri də göz yaşı axıtmadan, mərdi-mərdanə qarşılaya bilərsən… (1991-ci ilin oktyabrında “Azadlıq” qəzetinə verdiyi müsahibədə [Bax: Elçibəy Əbülfəz. Bu mənim taleyimdir. Bakı: Gənclik, 1992, səh. 131) o, anası ilə münasibətləri barədə belə deyib: “Mənim taleyimdə iki varlıq həmişə ziddiyyət təşkil edib: anam və xalq. Çox vaxt fikirləşmişəm ki, onlardan hansını hansına dəyişmək olar? Heç vaxt da bu suala cavab tapa bilməmişəm. Elə vaxt olub ki, hirslənmişəm, demişəm ki, ana da, hamı da əqidəyə qurban getməlidir, sonra fikirləşmişəm ki, yox, ana məsələsi çox ağırdır; yəni uşağı, ailəni, qardaşı, hamını qurban vermək olar (bəlkə başqası üçün uşaq olmaz, qardaş olmaz), təkcə anadan savayı… Elə olub ki, mən onun sözünə baxmamışam. Məsələn, deyib ki, bu şeylərdən əl çək, səni tutacaqlar; filan-filan şeyləri get de, qurtarsın getsin… Yəni o, bir ana kimi məni istədiyi qədər danlaya da bilərdi, hər şeyi deyə bilərdi, ancaq axırda milli məsələdə o, təslim oldu. Dedi ki, sən xalqın adamısan, Allahın adamısan, səni tapşırdım Allaha, indi özün bilərsən, daha sənin işinə qətiyyən qarışmayacağam”]. Bax, bu mənada bir həsir, bir Məmmədnəsir olanın nəyinə lazımdı ev, maşın?! Xruşşov oturduğum yerə yaxınlaşanda müşayiətçilər qımıldanmadığımı görüb “xatası bizdən uzaq” prinsipi ilə, məni uzaqdan-uzağa bir yerli kimi qələmə verdilər… Bəli, mən həmin adamam; bir də qorxan gözə çöp düşər, mənə heç nə olmaz. Siz özünüzü qoruyun ki, gələcəkdə sıralarımız boş qalmasın…
[“Mənə millətçi deyirlər, amma mən millətçi deyiləm, mən inqilabçıyam və bu yol mənim taleyimdir: gedirəm, harada qırılacaq, orada dayanacağam, başqaları gedəcək bu işin dalınca…” – bu da onun sözləridir, 1989-cu ildə, Azərbaycan Xalq Cəbhəsinin 5-ci Məclisindəki çıxışı zamanı belə deyəcəkdi.
Düz 44 ildən sonra “Ünsiyyət” nəşriyyatı tərəfindən çap edilmiş “Qardaşım Elçibəy haqqında xatirələrim” kitabında isə Murad bəy belə yazacaq: “Müəllim bir neçə dəfə mənimlə söhbət zamanı tutulmaq haqqında mənə söyləyib ki, sən sonralar biləcəksən, – bu söhbəti o, həmişə ona evlənmək təklif edəndə edərdi. – Siz hamınız – ev, ailə mənim tutulmaq vaxtıma hazır olmalısınız. Yəni təmkinli, səbirli olmalısınız, – deyib.
1974-cü il idi. O, yay tətilində Kələkiyə gəlmişdi. Onunla müəllim yoldaşının ailəsi də dincəlməyə gəlmişdi. Bir neçə həftə qalıb dincəldilər. O vaxt dayım ona bu hərəkətləri haqqında məsləhətlər verirdi: “Tutduğun bu yol çox çətin yoldur, ay oğul. Bu işlər üçün bir neçə adamlarımız Sibir çöllərində itib-batıb, heç sorağı da yoxdur. Gəl bu işdən əl çək. Sən danışdığın, tutduğun yol çox çətin yoldur. Görürsən, ailəmiz təzə-təzə özünə gəlir. Atan müharibəyə getdi gəlmədi. Məni tutdular. Allaha şükür, 4 il yatandan sonra qayıtdım. Qardaşların hamısı evlənib ailə qurublar. Gəl səni də evləndirək. Ailə sahibi ol. Görürsən, sənin müəllim yoldaşın evlənib, iki dənə də uşağı var. Allaha şükür, sən də evlənərsən, yaxşı olar. Yaxşı vaxtındır, gəl səni də evləndirək. Gəlmisən, de görək məsləhətin nədir?”.
Müəllim dedi ki, dayı, ana, qardaşlar da burdadı. Mənə evlənmək haqqında söhbət salmayın. Mən tutduğum bu yolu bir yerə çıxarmalıyam. Sonra məni bəlkə də tutdular. Tutacaqlar da. Bu, mütləq olacaq. Buna siz də hazır olmalısınız. Heç vaxt dedi-qoduçuların sözünə baxıb əsəbiləşməyin. Özünüzdən çıxmayın. Səbirli, təmkinli olun. Mənim haqqımda danışıqlara fikir verməyin. Allah qoysa, evlənməyə vaxt olacaq. Bu barədə bir daha mənə təklif etməyin”…].
…Bizim otuz yaşlı o müəllimimiz, böyük qardaşının Müəllim dediyi o şəxs Əbülfəz Qədirqulu oğlu Əliyevdi – 24 ildən sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti olacaq Əbülfəz Elçibəy!..
Oktyabr 2012
Şakir Yaqubov 1951-ci il fevralın 25-də doğulub. Bakı Dövlət Universitetinin məzunudur.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.
“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.
1989-cu və 2005-ci illərdə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Şakir Yaqubov 2022-ci il oktyabrın 15-də vəfat edib.