Novator.az mərhum jurnalist Şakir Yaqubov barədə yazılara nəzər salıb.
Publisist, filoloq alim, deputat Rafael Hüseynov: “Daha bir əbədi ayrılıq soyuq üzünü göstərdi. Jurnalist Şakir Yaqubovu itirdik. Həmişə az olan yaxşılardan hər birinin gedişi yandırır, ağrıdır.
Şakir Yaqubov əsl peşəkar qəzetçiliyin və xalis jurnalistikanın son ən parlaq təmsilçilərindən idi.
“Xalis jurnalistika” deyimini səbəbsiz işlətmirəm. Ali təhsil diplomunda ixtisası “jurnalist” kimi yazılanlar ha çox. Hansısa qəzetdə, radio-televiziyada, informasiya agentliyində çalışdığı üçün özünü “jurnalist” deyə təqdim edənlərsə saysız-hesabsız. Ancaq bu gün Azərbaycanda qələminə, yazısına (təbii ki, kompüter epoxasında bu sözlər artıq bir qədər rəmzi məna daşıyır), biliklərinə, səriştələrinə, universal özünüifadə və mətbuatçılıq keyfiyyətlərinə görə inamla kamil jurnalist saya biləcəyimiz neçə nəfəri taparıq?
Şakir MÜTƏXƏSSİS idi – sənətini, peşəsini sevən və mahircə bilən jurnalist idi.
Ömrünün heç olmazsa son 20 ilində belə daxilən zəngin və mükəmməl təcrübə məktəbi olan bir mütəxəssisdən – başqa oxşar təmayüllü təhsil məkanlarını bir kənara qoyaraq əsas mərkəzi deyirəm – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi nə dərəcədə səmərəli istifadə etdi?
Ən əlverişli imkanları qaçıra-qaçıra qaneedici nəticələrə ümid bəsləmək əbəsdir.
Şakir Yaqubov yaxşı məktəb keçmiş və özü də məktəbə çevrilmiş, ömrü boyu öz üzərində işləməkdən usanmamış jurnalist idi.
Dili, üslubu, yazısının tərzi, qəzetçiliyin umduğu istənilən janr və formada çevikliklə qələm işlədə bilməsi Şakiri hətta yetkin jurnalistlərin çox olduğu 1970-1980-ci illər mətbuatımızda da seçdirirdi. İndi adama nağıl kimi gəlir. 100 min, 300 min, yarım milyon tirajla qəzet çıxırdı və əl-əl gəzirdi. “Azərbaycan gəncləri” bütün məhdudiyyətlərinə baxmayaraq 1980-ci illərin əvvəllərində Azərbaycanın bir nömrəli oxunaqlı, aranan qəzetinə çevrilmişdisə, əsas səbəblərdən birincisi elə Şakir Yaqubov idi. Qəzetin daşıyıcı çiyni məhz o idi! Həm öz yazılarıyla, həm də seçib, işləyib, ya sifariş verib hazırlatdırdığı məqalələr, onlardan qurduğu qəzet kompozisiyası ilə.
Anlayıram, indi internet erasıdır, qəzetlər küncə sıxılan təhərdir. Ancaq dünyaya baxaq. İnternet fəzası da öz yerində, yaxşı qəzetlər də yaşamaqda. Bəs bizdə neçə qəzet var?
Təbii, söhbət QƏZETdən gedir.
Bütün bu qüssəli düşüncələri əziz Şakirin gedişi oyadır.
Böyük bir mətbuat xadiminin yasında bunlardan deyil, nələrdən ötrü, hansı ağrılı mətləblərdən dolayı vaysınaq?!
Şakir Yaqubovu bir jurnalist olaraq səciyyələndirən başlıca cəhət gərək olan təqdirdə istənilən mövzuda, istənilən həcmdə və ustaca yaza bilməsi idi. Əsl qəzetçi elə bu deməkdir.
…Şakir Yaqubov yeganə jurnalistdir ki, həm sovet dönəmində, həm də müstəqillik dövründə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Tam ədalətli qiymətləndirmədir. Çünki Şakirin həm o, həm bu dövrdə mətbuatımızın yüksək səviyyəsini qorumaq yolundakı əməkləri həqiqətən ən yüksək təriflərə layiqdir.
Sovet çağlarında Azərbaycanda “Kommunist” birinci qəzet sayılırdı. Nüfuzu yüksək idi, respublikadakı ən çoxsaylı nəşr idi, sözükeçər idi, əməkdaşlarının müəyyən imtiyazları da vardı.
Və Şakir həmişə o qəzetdə işləməyi arzulamışdı.
Hərçənd bu onun yetərincə sərbəst ruhlu qələmi üçün zahirən sən deyən münasib məkan sayılmaya da bilərdi. Ancaq Şakir Yaqubov əsl professional olduğundan uyğunlaşmağı, hansı qəzetin hansı tələbləri olduğunu həssaslıqla tutaraq məhz o cür işləməyi bacaran idi. Onsuz da ürəyi istəyən mövzudakı yazını örtülü imza ilə başqa qəzetlərdə də dərc etdirə bilərdi. Və etdirirdi də.
Nəhayət ki, bu niyyətinə çatdı, “Kommunist”in əməkdaşı oldu.
Di gəl, istər sovet əyyamları olsun, istər müstəqillik illəri, istər Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan gəncləri”, ya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Kommunist”də, istərsə də tariximizin keşməkeşli keçid parçası və müstəqillik dövrü mətbuatımızın qaranquşlarından hesab etdiyimiz “Səhər”dəki fəaliyyət illəri – Şakir Yaqubov harada işləməsinə rəğmən ilk növbədə sağlam milli mətbuatımızın siması olan qələm sahiblərindən idi”.
Jurnalist Zamin Hacı: “İndi dəbdir, kimsə öləndə adətən onun rəsmi qazandığı uğurları sayırlar: filan vaxt əməkdar jurnalist adı alıb, filan vaxt filan mükafata layiq görülüb və sairə. Şakir müəllimin itkisi də bu quru statistik informasiyalar bolluğunda müşayiət olunmaqda idi, heç fərq qoyulmadı. Lakin bu quru xəbərlərin arxasında parlaq bir insanın maraqlı, örnək həyatı dururdu.
1990-cı illərdə SSRİ dağılanda, müstəqil respublikaların müstəqil mətbuatı da yarananda onun sıralarına keçmiş partnomenklatura jurnalistikasından çox az adam qoşulmuşdu. Daha doğrusu, qoşulanlar prinsipcə çox idi, ancaq onlar rənglərini dəyişmişdilər. Mahiyyətcə köhnə, kiflənmiş sovet propaqanda jurnalistikasının nümayəndələri idilər. Onların yazı-pozusunda, mənasız cızmaqaralarında sadəcə ünvanlar və adlar dəyişilmişdi. Məsələn, qabaqlar hər inəkdən min litr süd sağan Fatmanisə xala haqda uydurma oçerklər yazan bu adamlar indi üçrəngli bayrağın ən uzun dirəyini tərənnüm etməyə cani-dildən girişdilər.
Şakir müəllim isə fərqli adam idi. Özü də onun qələmi elə sovet vaxtından fərqlənməyə başlamışdı. 1980-ci illərin ikinci yarısında “Azərbaycan gəncləri” qəzetində qəribə, orijinal səhifələr peyda olmağa başlamışdı. O səhifələrdə Şakir müəllim sevgi, ailə, gənclik, psixologiya, sosiologiya, uşaqlarla münasibət və sairə kimi kommunist təbliğatına yad mövzulara yetərincə maraqlı rakurslardan işıq salardı. İlk dəfə idi bir sovet qəzeti insandan, onun dərd-sərindən yazırdı. Bəlkə də bu yeniliklər yenidənqurmanın ümumi ab-havasından doğulmuşdu, ancaq istənilən yeni ideyanı yerlərdə ürəklə, istedadla işləyən şəxslər olmasa, o ideyanın nə xeyri var?
Sonralar Şakir müəllim “Azadlıq” qəzetində idmandan, futboldan çox gözəl yazılar yazardı, xaraktercə sakit adam olsa da, danışmağı sevməsə də, yeni yazmağa başlayan jurnalistlərə dəyərli məsləhətlərini əsirgəməzdi. Qəzetin əməkdaşı, dəyərli dostumuz Hikmət Sabiroğlunun Şakir müəllimlə səmimi münasibəti sayəsində biz də o gözəl söhbətlərdən öz payımızı alardıq.
Belə söhbətlərin birində, indi yerində Hesablama Palatasının mənasız binası ucalan o tarixi çayxanada Şakir müəllim mənə gözləmədiyim sualı vermişdi: “Sən Vəzir Hacıyevin oğlusan?” Təəccüblə ondan atamı haradan tanıdığını soruşdum. Atam sağlığında bəzi mərkəzi qəzetlərin Füzuli rayonu üzrə ştatdankənar müxbiri işləsə, 1986-cı ildə kiçik bir hekayələr kitabı çap olunsa da, bütün həyatını kənddə riyaziyyat müəllimi kimi keçirmişdi və Şakir müəllimin onu şəxsən tanıyacağına inanmırdım. Şakir müəllim bığaltı, mehriban və unudulmaz təbəssümü ilə məni daha da çaşdırmışdı: “Sənin atana görə mənə töhmət verilib”.
Sonra əhvalatın tarixçəsini danışdı. Sən demə, 1970-ci illərdə Şakir müəllim “Azərbaycan gəncləri” qəzetində (o zaman komsomolun mətbu orqanı) şöbə müdiri işləyərkən atam Füzulidəki bir kənd haqda məqalə yazıb, qəzetə göndərib. Yazı da məhz Şakir Yaqubovun necə deyərlər, əlindən keçib qəzetə çıxıb. Yazı, yaddaşım məni aldatmırsa, “Oktyabr kəndi” adlanırmış. Və içində təxminən belə cümlələr varmış: “İnqilabdan öncə erməni daşnaklarının dağıdıb, yandırdığı kənd qurulub, indi yeni həyatını yaşayır” və sair. Məhz o yazıdakı “erməni daşnakları” ifadəsinə görə Şakir Yaqubovu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə çağırıblar, şəxsi işinə yazılmaqla şiddətli töhmət veriblər. Deyiblər qəzetdə uzağı “daşnak” sözü yazmaq olar, lakin “erməni daşnakları” ifadəsi sovet quruluşuna yaraşmır, xalqlar dostluğuna ləkədir və sairə.
Mən o yarızarafat söhbətdə hiss elədim ki, Şakir müəllim əslində o töhməti həyatının ən böyük mükafatlarından biri kimi sayır”.
Şakir Yaqubov 1951-ci il fevralın 25-də doğulub. Bakı Dövlət Universitetinin məzunudur.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.
“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.
1989-cu və 2005-ci illərdə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Şakir Yaqubov 2022-ci il oktyabrın 15-də vəfat edib.