Novator.az saytı Mahir N. Qarayevin tərcüməsində sovet dövrünün iki rus şairinin vaxtilə Sovet İttifaqının rəhbəri İosif Stalinə yazdığı şeirləri təqdim edir.
Osip Mandelştam
Nəhəng fil qulağında yaşayırıq sanki biz,
Onca addım o yanda eşidilmir səsimiz.
Qulaqları dəng edən o qaniçən, o alçaq
Kreml dağlısının səsi-sözüdür ancaq.
Soxulcantək yağlıdır qapqara barmaqları,
Qupquru kəlmələri pudluq çəki daşıdır.
Tarakan bığlarının hey qımışır ucları,
Par-par yanır, işarır çəkməsinin quncları.
Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir
Gəzir həndəvərində hər əmrinə müntəzir.
Fərman dalınca fərman, yollayır sola-sağa –
Nallayır gah alına, gah gözə, gah qasığa.
Ürəyinə yağ kimi
yayılır edam səsi,
Və qabarır dağ kimi
gen osetin sinəsi.
1934-cü ildə yazilan bu şeir şairin sağlığında çap olunmayıb. Mandelştam onu dostlarına oxuyanda Pasternak demişdi ki, bu şeir özünəqəsddir, səni məhvə aparacaq. Həqiqətən də, müəllif tezliklə həbs olunub sürgünə göndərildi və 1938-ci ildə Vladivostokda həlak oldu.
Yuz Aleşkovski
STALİN HAQQINDA NƏĞMƏ
Sizin, yoldaş Stalin, ağlınıza söz olmaz –
Siz böyük alimsiniz, yox dünyada tayınız.
Mən yazıqsa adicə bir sovet dustağıyam,
Bir bezin qırağıyıq elə burda hamımız.
İndiyəcən bilmirəm, vallah, günahım nədi,
Amma prokurorlar çox güman ki, haqlıdır.
Çarın bir vaxt sizləri sürgünə göndərdiyi
O uzaq Turuxanda əlim-qolum bağlıdır.
Götürdük boynumuza qoyulan hər günahı,
Məşəqqətli taleyin hər cür oduna yandıq.
Yox, bizi qınamayın, yoldaş Stalin, axı
Biz sizə özümüzdən daha çox inanırdıq.
Və budur, oturmuşam indi də Turuxanda,
Keşikçilər it kimi quduzlaşıb, bədləşib.
Çox da qanmaz deyiləm, bilirəm bu yaxında
Sinfi mübarizəmiz ciddiləşib, sərtləşib.
Hər tərəf qar-yağışdı, hünüdü, mığmığadı,
Bax, bu uzaq Tayqada belə keçir günümüz.
Bir vaxtlar qığılcımdan törətdiyiniz odun
İstisinə qızınır canımız gecə-gündüz.
Ürəyimiz sızlayır bu şaxtada, sazaqda,
Gündüzlər gözümüzlə görürük cəhənnəmi.
Ölü kimi yatırıq gecələr quru taxtda,
Yuxumuz qaçaq deyil bəzi rəhbərlər kimi.
Yuxumuza girirsiz kiteldə, boz kepkada –
Partiyanın sütunu, ölkəmizin dayağı!
Biz də divan tuturuq meşələrə Tayqada,
Burda qırıb-çatırıq lap Stalinsayağı.
Dünən iki marksisti gömdük qara torpağa,
Bürüdük al qumaşa bir cüt cansız cəsədi.
Biri sağçıydı, hərdən meyillənirdi sağa,
O birinin bilmədik amma günahı nədi.
Son nəfəsdə dikəlib pıçıldadı o yazıq
Və sizə ünvanladı son sözü, son kəlməni:
İstəyir öz işinə bir də baxılmasını –
Dedi ki, bəs “Stalin başbiləndi, kəllədi!”
Sizə min il yaşamaq arzulamaqdır peşəm!
Yoldaş Stalin, burda canım çıxsa da, ancaq
İnanıram ürəkdən: adambaşına düşən
Çuqun, polad sarıdan bir korluq olmayacaq.
Ömrünün bir neçə ilini sovetlərin həbs düşərgəsində keçirən və 1959-cu ildən qələmə aldığı “düşərgə şeirlərinə” mahnılar bəstələyib ifa edən Yuz Aleşkovskinin bu məşhur nəğməsinin mətni 1978-ci ildə “Metropol” almanaxında dərc olunandan sonra müəllif ölkəni tərk etmək məcburiyyətində qalmış və Amerikaya mühacirət etmişdi.
Çevirəni Mahir N. Qarayev