Əli Kərimli
AXCP sədri
İndi bir nömrəli milli vəzifə Rusiyada yaşayan azərbaycanlıları Putinin Ukrayna ilə müharibəsindən xilas etmək olmalıdır. Əks təqdirdə minlərlə azərbaycanlı Putinin savaş avantürasının qurbanı olar. Hərbi səfərbərlik Rusiya vətəndaşı olan azərbaycanlıları da əhatə edəcək. 603 min nəfər azərbaycanlı Rusiya vətəndaşıdır. Böyük çoxluq 20-45 yaşlı kişilərdir, onlar hərbi səfərbərliyə alınacaq.
Rusiya hakimiyyəti minlərlə, bəlkə də 10 minlərlə azərbaycanlını Ukrayna ilə savaş üçün səfərbərliyə cəlb edə bilər. Özgəsinin, həm də avantürist və işğalçı müharibəsində kütləvi şəkildə həyatını itirmək çox ağır faciə olar.
Rusiyada yaşayan soydaşlarımız üçün yeganə təhlükə bu deyil. Orda təqribən 1,4 milyon nəfər Rusiya vətəndaşı olmayan azərbaycanlı da yaşayır. Rusiya hakimiyyəti ölkədə müvəqqəti yaşayan, vətəndaşlığı olmayan şəxslərə təklif edir ki, hərbi xidmət müqaviləsi imzalayıb, Ukrayna ilə savaşa gedib, Rusiya vətəndaşlığı alsınlar. Vətəndə özünə heç bir perspektiv görməyən, Rusiyada da vətəndaşlığı olmadığı üçün çətinlik çəkən xeyli soydaşımızın bu tələyə düşəcəyi çox narahatlıq doğurur.
Rusiyada yaşayan azərbaycanlıların bu acınacaqlı duruma düşməsinin məsuliyyəti 30 illik Əliyevlər iqtidarının üzərinə düşür. Ölkəmiz normal inkişaf etsəydi, iş yerləri olsaydı, milyonlarla azərbaycanlı vətəndən didərgin düşməz, indi də Putin işğalçılığının qurbanı olmaq təhlükəsi ilə üzləşməzdi.
Azərbaycan hakimiyyəti quru sərhədləri açmamaqla soydaşlarımızın Rusiyanı tərk etməsini çətinləşdirib. Heç olmasa indi təcili tədbir görməliyik. Hamılıqla hakimiyyətdən tələb etməliyik ki, Rusiya ilə quru sərhədlər açılsın, AZAL aviaşirkəti qiymətləri qaldırmadan Rusiya şəhərləri ilə Bakı arasındakı təyyarə reyslərini artırsın. Hamılıqla Rusiyada yaşayan soydaşlırımıza izah etməliyik ki, Putinin işğalçı müharibəsində iştirakdan yayınsınlar.