Rusiyada oliqarx qırğını – “Euronews”
- 20 Sentyabr 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
“Euronews” kanalının internet səhifəsində son aylar müəmmalı şəkildə dünyasını dəyişmiş rusiyalı oliqarxlar haqda yazı dərc olunub.
Novator.az-ın məlumatına görə, Aleksandr Brezer və Devid Makduqallın birgə qələmə aldığı məqalədə deyilir ki, sonuncu belə ölüm Rusiyanın ən böyük özəl neft şirkəti olan “Lukoyl”un İdarə Heyətinin sədri Ravil Maqanovla bağlıdır: “Şirkət Maqanovun öldüyünü elan edəndən sonra yerli xəbər agentlikləri onun təsadüfən xəstəxana pəncərəsindən yıxıldığı barədə məlumat yayıb.
Bu hadisə Rusiyada oliqarxlar və prezident Vladimir Putinin tənqidçiləri arasında şübhəli ölümlərin adi hala çevrildiyi təəssüratını doğurur.
Sentyabrın 1-də “Lukoyl” şirkəti Ravil Maqanovun uzun sürən ağır xəstəlikdən vəfat etdiyini açıqlayıb. Açıqlamada xəstəliyin nədən ibarət olduğuna toxunulmayıb.
Daha sonra yerli mediada Maqanovun meyitinin Moskva Mərkəzi Klinik Xəstəxanası ərazisində tapıldığı barədə informasiyalar gedib. Bu xəstəxanada əsasən siyasi elita nümayəndələri və iş adamları müalicə olunur.
Sentyabrın 2-də prezident Vladimir Putin həmin xəstəxanaya baş çəkib – avqustun 30-da orada vəfat etmiş keçmiş sovet lideri Mixail Qorbaçovun tabutuna gül qoymaq üçün”.
Məqalədə deyilir ki, Maqanovun xəstəxananın altıncı mərtəbəsindən yıxıldığı bildirilir: “Bəzi mənbələr onun siqaret çəkdiyi zaman yıxıldığını idda edir. Bu versiya pəncərənin ağzında siqaret qutusunun tapılması ilə izah olunur. RBC.ru saytı hüquq mühafizə orqanlarının intihar versiyasını araşdırdığını da xəbər verib”.
“Lukoyl”un Ukraynaya hərbi müdaxiləyə son qoymağa açıq çağırış edən azsaylı Rusiya şirkətlərindən olduğunu xatırladan məqalə müəllifləri yazırlar: “Bu şirkət hələ mart ayında silahlı münaqişəyə dərhal son qoymağa çağırış edib.
Yeri gəlmişkən, Kreml fevralın 24-dən öz qərb qonşusuna qarşı genişmiqyaslı təcavüzə başlayıb və Maqanov o vaxtdan bəri şübhəli şəraitdə ölən yeganə “Lukoyl” adamı deyil.
May ayında “Lukoyl”un keçmiş top-meneceri Aleksandr Subbotinin meyiti Moskva ətrafındakı evdə tapılıb.
Rusiyanın informasiya mənbələri həmin evin özünü şaman adlandıran Maquaya məxsus olduğunu xəbər verib.
Əsl adı Aleksey Pindurin olan Maqua ifadəsində Subbotinin onun evinə içkili vəziyyətdə və narkotikin təsiri altında gəldiyini deyib. Maquanın sözlərinə görə, Subbotin ondan sərxoşluq əlamətlərinin keçib getməsi üçün şəfaverici cadu etməsini istəyib.
İstintaq Subbotinin ölümünün ilkin səbəbi kimi ürək çatışmazlığını göstərib”.
Məqalə müəlliflərinin fikrincə, Aleksandr Subbotindən çox məhz Ravil Maqanovun ölümü Putinlə dostluqdan faydalanan, onun böyründən əl çəkməyən oliqarxların sıradan çıxmasının təsadüfi olmadığı təəssüratını gücləndirir.
Müəlliflər yazırlar ki, son aylarda Ukrayna müharibəsinin əleyhinə çıxan ən azı altı rusiyalı oliqarx müəmmalı şəraitdə dünyasını dəyişib: “Onların hamısının Kremllə sıx əlaqəsi, böyük sərvəti, Rusiya qazı ilə bağlılığı, Ukrayna müharibəsi əleyhinə mövqeyi olub.
Məsələ beynəlxalq təhqiqatçılarda da şübhə doğurub. Onlar da düşünürlər ki, ola bilsin, oliqarxlar gizli sui-qəsdə məruz qalıblar. Beynəlxalq təhqiqatçıların fikrincə, səbəb oliqarxların Ukrayna müharibəsi əleyhinə çıxması, yaxud Rusiyanın “Qazprom” şirkətindəki korrupsiya ilə əlaqələri ola bilər”.
Məqalədə bildirildiyinə görə, hər şey Ukrayna müharibəsi ərəfəsində, Rusiyanın Sankt-Peterburq şəhərindən başlayıb: “Ukraynaya hərbi müdaxilədən bir ay əvvəl Sankt-Peterburq ətrafındakı kottecində “Qazprom İnvest” şirkətinin nəqliyyat xidmətinin rəhbəri Leonid Şulmanın meyiti tapılıb. Yerli informasiya mənbələrində 66 yaşlı Şulmanın vanna otağında biləyi kəsilmiş vəziyyətdə aşkarlandığı haqda məlumatlar yer alıb.
Hüquq mühafizə orqanlarının açıqlamasına görə, meyitin yanında ölümqabağı yazılmış kağız da olub. Bildirildiyinə görə, kağızda Şulman ayağından xəsarət alandan sonra çox əziyyət çəkdiyini yazıb. “Qazprom” şirkəti məhz həmin xəsarətə görə Şulmanın məzuniyyət götürdüyünü iddia edib.
Varşava Analitik İnstitutu Şulmanın “Qazprom”dakı mümkün korrupsiya əməliyyatında əli olduğunu açıqlayandan sonra Rusiyanın hüquq mühafizə orqanlarının yürütdüyü versiya şübhə doğurmağa başlayıb.
Fevralın 25-i – Rusiya Ukraynaya hərbi hücuma keçdiyi günün səhərisi “Qazprom”un Korporativ Təhlükəsizlik Xidmətinin rəhbəri, 65 yaşlı Aleksandr Tülyakov elə Şulmanın yaşadığı kənddəcə öz evində keçinib. Rusiyanın müxalif nəşri olan “Novaya qazeta” Tülyakovun qarajda asılmış vəziyyətdə tapıldığını yazıb.
Qəzet hüquq mühafizə orqanlarındakı gizli mənbəsinə istinadla onu da bildirib ki, “Qazprom”un Korporativ Təhlükəsizlik Xidmətinin əməkdaşları hadisə yerinə polislə eyni vaxtda çatıblar və ölüm faktını onlar da araşdırıblar.
Rusiyadan kənarda baş vermiş iki müəmmalı ölüm hadisəsinə gəlincə, biri öz ailəsi ilə Böyük Britaniyada məskunlaşmış Mixail Uotfordla əlaqədardır.
Londonda özünə daşınmaz əmlak biznesi qurmuş 66 yaşlı neft-qaz maqnatı, Ukrayna əsilli Mixail Uotfordun meyiti Sarri qraflığındakı evində aşkarlanıb.
Ölümün səbəbi kimi Uotfordun özünü asması göstərilib. Onun həmin vaxt evdə olmuş həyat yoldaşı və uşaqları heç bir xəsarət almayıblar. Böyük Britaniya hakimiyyəti bəyan edib ki, Uotfordun niyə özünü asdığını izah etmək mümkün deyil. Bununla belə hökumət intihar faktının şübhə doğurmadığını da vurğulayıb.
Adətən Mişa deyə çağırılan Mixail özünə Uotford soyadını 2000-ci ilin əvvəlində Böyük Britaniyaya köçəndən sonra götürübmüş. Yəni soyadını dəyişibmiş. Demə, onun əvvəlki soyadı Tolstaşey olub”.
Daha sonra məqalədə meyiti ailə üzvləri ilə birgə aşkarlanmış rusiyalı oliqarxlardan bəhs edilir. Bildirilir ki, mart ayında 43 yaşlı milyarder Vasili Melnikovun və onun ailə üzvlərinin meyiti Rusiyanın Nijni Novqorod şəhərindəki dəbdəbəli mənzilində tapılıb: “Melnikovun əsas qazancı tibb şirkətinə bağlı olub. Həmin şirkət Qərbin tətbiq etdiyi sanksiyalardan əziyyət çəkən müəssisələrdən biridir.
Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Melnikov, onun 41 yaşlı həyat yoldaşı, 4 və 10 yaşlı övladları da bıçaq yaralarından dünyasını dəyişib. Bıçağın hadisə yerində aşkarlandığı iddia olunur.
Qəzet Melnikovun intihar etdiyini, bundan əvvəl isə ailə üzvlərini qətlə yetirdiyini bildirib. Qonşular və qohum-əqrəba bu versiyaya inanmadığını açıqlayıb.
Bəzi media qurumlarının məlumatına görə, Rusiyaya tibb avadanlıqları idxal edən Melnkovun şirkəti Ukraynaya hərbi müdaxiləyə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar üzündən iflasın kandarında olub”.
Məqalədə xatırladılır ki, daha bir oxşar hadisə İspaniyada, Lloret de Mar şəhərində baş verib: “Aprelin 19-da 55 yaşlı rusiyalı oliqarx, “Novatek” qaz nəhənginin keçmiş rəhbəri, 400 milyon avro varidatı olan Sergey Protosenya öz malikanəsində həyat yoldaşı və qızı ilə birgə asılmış vəziyyətdə aşkarlanıb. Protosenyanın həyat yoldaşının və qızının bədənində bıçaq yaraları da olub.
Hüquq mühafizə orqanları Sergey Protosenyanın ailə üzvlərini öldürdüyünü, sonra intihar etdiyini vurğulayıb. Protosenyanın oğlu bu versiyanı qəti şəkildə rədd edib.
Ailənin bir neçə dostu Protosenyanın və ailəsinin sui-qəsdin qurbanı olduğunu, intihar səhnəsinin qəsdi gizlətmək üçün qurulduğunu bəyan edib. Onlar deyiblər ki, Sergey Protosenya heç vaxt ailə üzvlərini qətlə yetirməzdi.
Katalonya polisi hələ də bu hadisəni araşdırır.
Protosenyaların ölümündən bir gün əvvəl rusiyalı oliqarx Vladislav Avayevin, onun həyat yoldaşının və 13 yaşlı qızının meyiti Moskvadakı mənzilində tapılıb. Onların meyitini Vladislav Avayevin 26 yaşlı qızı Anastasiya aşkar edib.
Rusiyanın TASS dövət informasiya agentliyi hüquq mühafizə orqanlarındakı mənbəyə istinadan bildirib ki, ilkin dəlillər Putinin keçmiş müşaviri və “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin intihar etdiyini, bundan qabaq isə həyat yoldaşını və qızını öldürdüyünü təsdiqləyib.
Xəbərdə həmçinin oliqarxın əlində tapança aşkarlandığı, qapının isə içəridən kilidləndiyi iddia edilib.
“Qazprombank” Rusiyanın üçüncü ən böyük bankıdır və dünyanın ən böyük qaz şirkətlərindən olan “Qazprom”a bağlıdır”.
Mənbə: Euronews.com