ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiyanın Ukraynada geriləməsi Putinin siyasi reputasiyasını sarsıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovskidir.
Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, son günlər Rusiya qoşunlarının Ukraynada məğlubiyyətə uğraması prezident Vladimir Putin üçün yeni siyasi problem və onun 20 ildən çoxdur qurmağa çalışdığı güclü və səriştəli lider imicinin sarsılması deməkdir.
Müəllif yazır ki, Rusiya hərbçiləri bir neçə aydır Ukraynanın şimal-şərqində işğal altında saxladıqları mövqelərdən geri çəkilməyə başlayıblar: “Rusiyanın dövlət televiziyasının xəbərlərində geri çəkilmə hərbçilərin yenidən qruplaşması, yəni əməliyyat planı kimi təqdim edilir, uğursuzluq qəhrəmanlıq və peşəkarlıq kimi qələmə verilir.
Ancaq bu cür nikbin təqdimatlar Kremlin geriləməsindən, uğursuzluğundan qəzəblənmiş müharibə tərəfdarlarının hirsini soyuda bilmir. Nikbin xəbərlər çətin ki, Putini hazırda düşdüyü ağır durumdan xilas edə bilsin. Təkcə altı aydır getdikcə daha da güclənən düşmənə qarşı yox, həm də Rusiya xalqının özünə qarşı yönəlmiş bir müharibəyə başçılıq edən Putin növbəti gərginləşmədə yeni-yeni qurbanlar verməyə hazır lider kimi görünmür”.
Məqalədə qeyd olunur ki, Putin öz xalqını daima aldatmaqla məşğuldur: “Kreml elə təbliğat aparır ki, guya rus ordusu məğlubedilməz, Ukrayna qorxaq, Putin parlaq geosiyasi liderdir. Guya Ukrayna korrupsiya bataqlığında boğulur. İndi Rusiyanın uğursuzluğu bu təbliğatı laxladır. Qərbdə Rusiya ordusunun Ukrayna müharibəsində on minlərlə itki verdiyi haqda xəbərlər yayılır. Putin isə bunun əksinə olaraq elə ötən həftə bəyan edib ki, Rusiya müharibədə heç nə itirməyib.
Rusiyalı politoloq Tatyana Stanovayanın dediyi kimi Kremlin Ukrayna müharibəsinin şiddətini, miqyasını azaltmaq qərarı paralel dünyalar yaradıb: bir yanda Avropada son illərin ən iri müharibəsinin getməsi reallığı durur, o bir yanda isə adi Moskva atmosferi.
Politoloqun sözlərinə görə, Rusiyanın müharibəni “xüsusi hərbi əməliyyat” adlandırması Moskvanın bu savaşı tez bir zamanda udacağı gözləntisinə əsaslanıb: “Ancaq bu gözlənti özünü doğrultmayıb. Ard-arda uğursuzluqlar işlərin plan üzrə getmədiyindən xəbər verir və daha bunu gizlətmək mümkün deyil”.
Tatyana Stanovaya hesab edir ki, Kreml bütün siyasətini məğlubiyyətin mümkünsüzlüyü üzərində qurduğuna görə başqa reallığa hazırlıqsız olub”.
Məqalədə xatırladılır ki, sentyabrın 11-i axşam Rusiyanın dövlət televiziyasının əsas həftəlik xəbər buraxılışında aparıcı Dmitri Kiselyov son həftəni “ən çətin həftələrdən biri” adlandırıb, “müttəfiq qüvvələrin” (yəni Rusiya ordusunun və Ukraynadakı separatçıların) “düşmən qüvvələrin” (yəni Ukrayna ordusunun) təzyiqi altında “əvvəllər azad olunmuş yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qaldığını” söyləyib.
Anton Troyanovskinin fikrincə, Kiselyovun bu etirafı Rusiyapərəst hərbi bloqçuların həftələrdir səsləndirdiyi xəbərdarlığın təsdiqidir və belə etirafın Rusiyada televiziya efirinə yol tapması nadir hadisələrdəndir.
Eyni zamanda müəllif qeyd edir: “Rusiya qüvvələri cəbhə xəttinin bir çox yerində ukraynalılardan geri qalsa da, Kremlin ordunu gücləndirmək üçün ölkədə səfərbərlik elan etməkdən yayınmaqda qərarlı olduğu görünür.
Bununla belə Kreml öz qoşunlarının mövqelərini gücləndirməyə də çalışır. Sentyabrın 11-i gecə saatlarında Rusiyanın endirdiyi zərbə Xarkov vilayətinin şimal-şərqinin bir çox yerində elektrik enerjisinin və suyun kəsilməsinə səbəb olub. Şəhər meri bu hücumu intiqam aktı adlandırıb.
Elə həmin gün dövlət televiziyasının tok-şousunda aparıcı Vladimir Solovyov Ukraynanın hərbi və yanacaq təchizatı xətlərini kəsmək istiqamətində Rusiyanın yetərincə iş görməməsindən şikayətlənərək “Sərt mövqe sərgiləmək vaxtıdır” demişdi”.
Məqalədə bildirilir ki, rusiyalıları Qərbin tətbiq etdiyi sanksiyaların təsirindən qoruya bilməsə döyüş meydanındakı uğursuzluqlar Putinə siyasi cəhətdən çox baha başa gələ bilər: “Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Tədbir zamanı Putinin Çin lideri Si Cinpinlə görüşəcəyi və Pekinlə əlaqələri genişləndirməyə çalışacağı gözlənir. Çinlə əlaqələrin genişlənməsi Rusiya üçün çox vacibdir. Çünki Rusiya Qərbdən kənarda iqtisadi tərəfdaşlar axtarışındadır”.
Hazırda İsraildə yaşayan siyasi texnoloq Abbas Qallyamov “Nyu-York Tayms”a açıqlamasında deyib ki, Putinin legitimliyinin yeganə mənbəyi onun gücüdür: “Gücü olmadığı ortaya çıxanda Putin legitimliyini itirəcək. Ukrayna döyüşləri Rusiya prezidentinin ətrafındakı elitanı varis axtarmağa vadar edə bilər. Əgər Ukrayna qüvvələri indiki kimi fəal şəkildə Rusiya hərbçilərini məhv etməyə davam edərsə, o zaman varisin təyin olunması prosesi daha da sürətlənə bilər”.
Mənbə: Nytimes.com