Adil Qaçayoğlu (Atakişiyev) 1955-ci il iyunun 3-ü Qarabağda doğulub. Əslən Ağdamın Seyidli kəndindəndir, Balakən şəhərində boya-başa çatıb.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Adil Qaçayoğlu “Şən həyat” (indiki “Balakən”), “Azərbaycan gəncləri”, “Həyat” (indiki “Azərbaycan”), “Yeni fikir”, “Ülfət”, “Panorama”, “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində çalışıb.
Adil Qaçayoğlu 2008-ci il mayın 4-ü Bakıda vəfat edib.
Adil Qaçayoğlu
Ağdam getdi…
Bəziləri dedi ki, ermənilər Ağdamı işğal elədilər…
Bəziləri dedi ki, erməni kimdi, haranın qoduğudu, ruslar Ağdamı alıb dığaları orda yerləşdirdilər…
Bəziləri dedi ki, əşi, Ağdamı elə özümüzünkülər satdı…
Bəziləri dedi ki, elə ağdamlılar bir himə bəndiydilər, çoxdan yığışıb Bakıya gəlmək istəyirdilər…
Heyim qalmamışdı bu “bəzilər”ə cavab verim: “Düz deyirsiniz, ay Yer üzünün ən ağıllı, ən qeyrətli bəndələri, ağdamlılar saray kimi evləri neyləyirdilər, onlara çadır şəhərcikləri, çiy kərpicdən tikilən pəyələr, vaqonlar, iyim-iyim iy verən yataqxanalar lazımıydı…”
Bu “bəziləri” əsəblərimin axırına çıxdılar…
***
1993-cü ilin iyulunun 23-dən sonra ilk baxışdan mənasız, amma başımı qatmaqçün məşğuliyyət tapmışdım. Telefonu dartıb yataq otağına aparırdım. Və sonra Ağdamdakı nömrəmizi yığmağa başlayırdım. Bir dəfə, iki dəfə, üç dəfə…
Bilirdim ki, şəhər ermənilərin əlindədi, rabitə əlaqəsi kəsilib, bu zənglər heç yerə getməyəcək, bu zənglər heç kəsə çatmayacaq, bu zənglərə heç kim cavab verməyəcək…
Möcüzə gözləyirdim…
Bir gün belə, iki gün belə, üç gün belə…
Möcüzə baş vermirdi…
Möcüzə baş vermədi…
***
Telefonla hətta ən yaxın dostlarla zəngləşməyə tənbəllik elədiyimi evdə yaxşı bilirdilər. Bilirdilər ki, dostlardan, qohumlardan zəng eləyən olanda saatlarla telefondan asılmağı xoşlayıram, amma özüm zəng eləməyə tənbələm (Adam gərək nöqsanını boynuna alsın. Bizim də nöqsanlarımızın sayı-hesabı yox…). Buna görə son günlər telefonla “dostluğum” axır ki, evdəkiləri də dilə gətirdi:
– Xeyir ola, səndən çıxmayan iş, saatlarla kimə zəng eləyirsən?
– Ağdama.
***
Mən Ağdama zəng eləyirdim. Deyirdim ki, bəlkə heç şəhər ermənilərin əlində deyil. Telefona bir azərbaycanlı balası cavab verəcək. Deyəcək ki, bu şayiələrə inanmayın, şəhərə bizim ordu nəzarət eləyir, orda qohum-qardaşa, dost-tanışa, hamıya deyin, qayıdıb gəlsinlər…
Mən Ağdama zəng eləyirdim. Deyirdim cəhənnəm, bəlkə bir rus muzdlusu cavab verdi, rus dilini yaxşı bilməsəm də, arsenalımda yağlı rus söyüşləri varıydı, bir ürəyimi boşaldaram…
Mən Ağdama zəng eləyirdim. Qorxurdum ki, telefona erməni cavab verər, ona nə deyəcəkdim?..
***
– Hara zəng eləyirsən?
– Ağdama, evimizə…
Gözlədim ki, desinlər, deyəsən, havalanırsan…
Heç nə demədilər…
Göz yaşları bəsimiydi…
***
Mən Ağdamda çox az yaşamışam. Uşaqlığım orda keçib. Bir də 1980-ci illərin sonlarında tez-tez gedib-gəlmişəm. Amma şəhərin mərkəzindəki balaca və səliqəli həyətimiz, gen-bol evimiz gözümün qabağından getmir. Uşaq vaxtı yıxıldığım yer, gilas, gilənar ağacları… Yayda altında stol qoyub səhər yeməyi yediyimiz ağac pıtraq kimi gətirərdi. Amma bilmirdim alça ağacıdı, yoxsa gavalı. Necə tozlanmışdısa, qəribə ağacıydı.
Bəlkə mənə elə gəlir?
***
Günlərin bir günü əlimi telefona atanda Ağdamdakı nömrəmizi yada sala bilmədim…
Bilirəm ki, atamdan, ya ortancıl qardaşımdan, lap evdəkilərdən soruşsam, o dəqiqə deyəcəklər…
Bir dəfə özümü saxlaya bilməyib soruşdum:
– Sən bizim Ağdamdakı telefonun nömrəsini bilirsən?
– Hə, bilirəm, nədi ki?
– Heç, nömrəni yaddan çıxarmışam, nə qədər çalışıram, xatırlaya bilmirəm. Balakəndə yaşadığımız evin, ordakı iş yerimin, Bakıdakı iş yerlərimin heç birinin nömrəsi yadımdan çıxmayıb, nə qədər qohum-əqrəba, dost-tanış telefonunu əzbər bilirəm, amma Ağdamdakı nömrəmizi xatırlamıram…
– Özünü niyə incidirsən, deyim?
– Yox, yox, yox… İstəyirəm özümün yadıma düşsün…
***
İllər keçir…
Ömür keçir…
Ağdamdakı telefon nömrəmiz yadıma düşmür ki, düşmür…
***
Möcüzə gözləyirəm…
Hələ gözləyirəm…
Ürəyimə damıb ki, biz Ağdama yol açanda, yerində bir daş qalmayan ata ocağına ayaq basanda həmin nömrə yadıma düşəcək.
Yadıma salmaq istəsəm də, istəməsəm də…
Heç kəsdən soruşmağa ehtiyac olmayacaq…
1993-də unutduğum o beş rəqəm bir anın içində yadıma düşəcək…
***
Möcüzə gözləyirəm…
Kaş o möcüzə baş verəydi…
Görəsən, mənim alın yazımda bu möcüzə var, ya yox?..
Doğrudanmı mənim bir dəfə ürəkdən sevinməyə ixtiyarım çatmır?
29 sentyabr 2006