…Bu iş daşdan çıxdı elə bil. Filmin çəkilişləri qış qapını kəsdirəndə başladı, Aynurun ad gününə (27 yanvar) bitər dedik. Amma müşküllər bizi tək qışdan yox, yazdan da əliboş çıxardı – nə Qadınlar günü arzumuz çin oldu, nə Novruzla Ramazan.
Yayın siftəsinə düşən Qurbanda, Aynurun çox sevdiyi bayramda da nöqtə qoya bilmədik.
Qismət çoxdan öləzimiş media gününə imiş, film 22 iyula bir neçə saat qalmış efirə getdi.
Yerinə düşdü dedik: dost kimi əziz Aynurun jurnalistikada özəl adı var, üç imzanın – Aynur Eyvazlı, Aynur İmanova, Aynur Mirhəsən imzalarının möhürüdür Aynur.
Dostlar haqlıdır – Aynurun yeri həmişə görünür, jurnalist fəaliyyətimizdə bu boşluq həmişə hiss olunur.
Aynur xəstələnəndə yanan mövzunu da hər jurnalistə tapşırmağa əlimiz gəlmirdi, deyirdik bu işin öhdəsindən Aynur gələr. Sağalıb qayıdırdı, bir-iki tezis verirdik və hər şey istəyimizdən yaxşı alınırdı, bəzən tezisləri, seçdiyimiz müsahibləri kənara qoyub mövzunu tam başqa yöndən işləyir, ayrı adamları danışdırır, ortaya planlanandan yaxşı yazı qoyurdu.
Aynur Mediaforum.az-da “İslam və demokratiya” layihəsinin rəhbəri keçəndə tərəddüd vardı. Başqa mövzular batar deyirdik. Amma Aynur saytın mövzu və oxucu dairəsini qat-qat artıran layihənin yükünü çəkib əsl dini maarifçilik tribunası yaratdı, ayrı mövzulara da çiyin verdi, istedadı və enerjisi ilə hər tərəddüdü yox elədi.
Günlərin birində (yeddi il sonra onu həmişəlik aparacaq yanvar soyuğunda) ayrılıb gedəndə düşdüyümüz boşluq… Aynur ayağını çölə qoyan kimi duyuldu – çox mövzu yanı üstə qaldı, çox yazının dad-tamı qaçdı, sonrakı iki il, ta sayt dayanana qədər gözümüz Aynuru axtara-axtara keçdi.
Dostlar əbəs demir: Aynur ayağını qoyduğu yerdə özünü hiss elətdirərdi.
…25 dəqiqəlik filmdə hər dostu danışdırmaq mümkün olmadı, hər deyiləni ortaya çıxarmaq da. Çox söz ürəklərdə qaldı.
Neçə sözü də qəhər boğazda kilidlədi, Aynurdan danışmamaq olmur, danışa da bilmirsən, danışırsan, amma yüngülləşmirsən. Film yarım ildən çox uzanıb gedirdi, deyirdin üstündən yük götürüləcək, amma indi görürsən həmin ağırlıq içindəsən. Bu nisgil bitmir. Kim deyir torpağın üzü soyuqdur…
Dostlar yanılmır: Aynurun ayrı bir işığı vardı. Səsi gələn, çöhrəsi görünən kimi hamının halı dəyişirdi. Aynurla dalaşa bilərdin, amma ondan qırıla, üzülə bilməzdin, Aynurdan küsməyə gücün çatmazdı.
…Film efirə gedən günün səhəri Aynurun bacısı zəng vurmuşdu. Dil-ağız eləyəndə qəhərdən, sonra da hıçqırıqdan boğuldu.
Aynur evin sonbeşiyidir, amma ana əvəzi olub.
…Dostlar üçün də elədir: sən onu ayağını yerə qoymağa ürəyin gəlməyən sonbeşik kimi istəyirsən, uşaq anasına bağlanan kimi bağlanırsan ona, elə bilirsən nənəndir durub, heç bilmirsən nə yoxluqdur bu yoxluq…
Hikmət Sabiroğlu