ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey və Milli Təhlükəsizlik Agentliyinin direktoru Pol Nakason bəyan ediblər ki, Rusiya seçkilərə təhdid yaradan dövlət olaraq qalır.
Novator.az saytı ABŞ-ın “Wall Street Journal” qəzetinə istinadla bildirir ki, Kristofer Rey və Pol Nakason Ukrayna müharibəsinə başı qarışsa da, Rusiya hakimiyyətinin və onun dəstəklədiyi haker qruplarının böyük ehtimalla bu il ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə müdaxilə etməyə cəhd göstərəcəyini vurğulayıblar.
Konqresə aralıq seçkilər noyabr ayında olacaq.
ABŞ Konqresi 435 nəfərlik Nümayəndələr Palatasından və 100 nəfərlik Senatdan ibarətdir. Dörd il müddətinə seçilən prezidentin səlahiyyət müddətinin ikinci ilində, noyabrın ilk çərşənbə axşamı Nümayəndələr Palatasına və Senatın üçdə bir hissəsinə seçkilər keçirilir. Bu seçkilər siyasi leksikona aralıq seçkilər adı ilə düşüb.
ABŞ-ın indiki prezidenti Cozef Bayden 2021-ci il yanvarın 20-dən kürsüdədir. O, Demokratlar Partiyasının namizədi kimi respublikaçı prezident Donald Trampı 2020-ci ilin noyabrında keçirilən prezident seçkisində məğlub edib. Tramp isə Respublikaçılar Partiyasının namizədi kimi 2016-cı ilin noyabrında keçirilən prezident seçkisində Demokratlar Partiyasının namizədi Hillari Klintonu udaraq 2017-ci il yanvarın 20-də prezident kürsüsünə əyləşmişdi.
ABŞ-ın kəşfiyyat orqanları hesab edir ki, Rusiya xüsusilə haker hücumları yolu ilə 2016-cı il seçkisində Hillari Klintonun gözdən salınması kampaniyası aparıb, Donald Trampın üstünlük qazanmasına şərait yaradıb. Kremlin 2020-ci il seçkisində də əsasən dezinformasiyalar yaymaq, haker hücumları təşkil etmək yolu ilə Baydeni uduzdurmağa çalışdığı iddia olunur.
“Wall Street Journal” qəzeti yazır ki, Federal Təhqiqatlar Bürosunun və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri Amerikadakı seçkilərə Rusiya təhlükəsinin aradan qalxmadığı və Ukrayna müharibəsinin Kremlə, onun nəzarəti altındakı hakerlərə bu ilin noyabrında keçiriləcək seçkilərə müdaxilə etməkdə mane olmayacağı qənaətindədirlər.
Əslində Kristofer Rey və Pol Nakason bunu bir ehtimal kimi də yox, qəti əmin olduqları məsələ kimi bəyan ediblər.
Mənbə: Wsj.com