Böyük Britaniyanın “The Guardian” qəzetində “Pornoqrafiya Putinlə mübarizə vasitəsi kimi: rusiyalılar Ukrayna həqiqətlərindən necə xəbər tuturlar?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Londonda nəşr olunan “İndex on Censorship” rüblük jurnalının baş redaktoru Cemayma Staynfelddir.
Novator.az-ın məlumatına görə, müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putin ölkədə interneti mühasirəyə alıb. Ancaq vaxtilə Ukraynada rəqəmsal marketinq şirkətinin direktoru olmuş Anastasiya Baydaçenko bu mühasirəni yarmağın yolunu tapıb: “Baydaçenkonun metodu çox sadədir: Rusiya və Belarus saytlarında reklam yerləri almaq və onlardan Ukrayna müharibəsi haqda müstəqil mənbələrin xəbərlərinə keçid üçün istifadə etmək. Keçidlər həm birbaşa, həm də dolayı, hətta senzuradan yayınmaq, xəbərin əsl məzmununu gizlətmək üçün seksual cilddə, ehtiraslı donda da ola bilər”.
Məqalədə qeyd olunur ki, Baydaçenko əvvəlcə “Google”, “YouTube”, “Facebook” kimi platformalardan yararlanıb. Ancaq Rusiyada saxta xəbərlərlə mübarizə qanunu qəbul ediləndən sonra işlər çətinləşməyə başlayıb: “Həmin qanun Rusiyada interneti daha da zülmətə qərq edib. Ona görə Baydaçenko da qaranlıq aləmə – onlayn qumarxanalara, pornoqrafik saytlara baş vurmaq qərarına gəlib. Belə saytların böyük auditoriyası var. Burada insanlar yüksək qiymət təklif edənə meyl göstərirlər”.
Məqalədə vurğulanır ki, Baydaçenko Putinlə pornoqrafik saytlar vasitəsilə mübarizə üsuluna qalan cəhdlər nəticə verməyəndə əl atır.
Onlayn qumarxanaların, pornoqrafik saytların böyük şəbəkələr olduğunu xatırladan Cemayma Staynfeld yazır ki, bu platformalara qoşulması Anastasiya Baydaçenkonu həmin iri şəbəkələrin bir hissəsinə çevirir. Məlum olduğu kimi belə şəbəkələrdən pul da qazanmaq olur və gəlir artdıqca Baydaçenkonun reklam keçidlərinin sayı da artır: “Baydaçenko deyir ki, onların reklamları Rusiyanın milyonlarla internet istifadəçisinə yetişə bilir. Bu sayaq informasiya müqavimətinin keçərli olduğunu vurğulayan Baydaçenkonun fikrincə, Rusiyada əsgər analarının Ukrayna müharibəsinə etiraz bildirməyə başlamasında onların apardığı kampaniyanın da rolu olub”.
Məqalədə deyilir ki, ümumiyyətlə Putin senzurasını yarmağa, Rusiyadakı rəqəmsal boşluqlardan istifadə etməyə çalışan insanların, təşkilatların sayı günü-gündən çoxalır və Baydaçenkonun “əməliyyat”ı bu baxımdan yeganə nümunə deyil, nümunələrdən biridir: “Elə ötən ay hakerlər “Kommersant FM” xəbər radiostansiyasının mobil versiyasını Ukrayna himninin səsləndiyi musiqi qutusuna çevirmiş, dövlət telekanallarının və radiolarının saytlarına daxil olmaq üçün əsas platforma kimi istifadə olunan Smotrim.ru saytında isə müharibənin dayandırılmasına çağırış yerləşdirmişdilər”.
Məqalədə daha sonra “Azad Rusiya” kampaniyasının rəhbərlərindən olan Rob Blekidən söz açılır. Bildirilir ki, o, 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndə obyektiv xəbərləri rusiyalılara reklamlar vasitəsilə çatdırmağa çalışıb. Hazırda Rob Bleki həm də Anastasiya Baydaçenko ilə birgə işləyir: “Rob Bleki zarafatla deyir ki, Putinin nəzərincə yanaşsaq, o, “cinayətkarcasına spam əməliyyatları” aparmaqla məşğuldur.
Əslində isə Rob Bleki və eyni məkandakı digər adamlar müasir “samizdat” nəşr etməklə məşğuldurlar. “Samizdat” rus sözüdür, qadağan olunmuş materialların gizli nəşrini nəzərdə tutur. SSRİ dövründə “samizdat”lar etirazların, çapına icazə verilməyən yazıların, sənədlərin kütləvi şəkildə yayılmasında böyük rol oynayıb. O zaman “samizdat” çap makinasında yığılırdı, indi isə internet dövrünə qədəm qoyub və VPN-lər (girişi məhdudlaşdırılmış saytlara daxil olmaq üçün istifadə olunan virtual xüsusi şəbəkələr), “Telegram” və “Signal” platformalarının şifrələnmiş əlavələri “samizdat”ın çağdaş qol-qanadlarıdır.
Hətta ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosu bu yaxınlarda rus qoşununun ölkədəki yerdəyişməsini izləmək üçün “TikTok” video platformasından yararlanıb. Siyasətçilərin və hüquq mühafizə orqanlarının təzyiqləri ucbatından Rusiyada fəaliyyətini dayandırsa da, “Azadlıq” radiosu yerli jurnalistlərlə işləməyi davam etdirir və Rusiyadan mühüm materiallar yayır. Radionun ismarışı aydındır: biz informasiya almağın yolunu tapacağıq.
Bəziləri informasiya müharibəsini yeni üsullarla köhnə üsulları birləşdirmək yolu ilə aparır. Məsələn, müstəqil “Zvezda” onlayn nəşrinin komandası sayt bloklanandan – martın əvvəlindən “Telegram” kanalında A4 formatında həftəlik buraxılış yerləşdirir. Həmin buraxılışları asanlıqla çapa vermək mümkündür. Baş redaktor Stepan Xlopov ümid edir ki, insanlar buraxılışı çapa verib oxuyandan sonra onu qapının ağzına qoyacaqlar ki, yoldan keçənlər də götürüb oxuya bilsin”.
Cemayma Staynfeld yazır ki, onun baş redaktoru olduğu “İndex on Censorship” jurnalının çörəyi bəd xəbərlərdən çıxır: “Amma xoş xəbərlərlə qarşılaşanda onları da qamarlayıram. Hətta bu dəhşətli müharibənin ortasında da xoş məqamlar tapılır.
Məsələn, Rusiyada hələ də etirazlar davam edir. Jurnalist canlı yayımda televiziya studiyasında müharibə əleyhinə plakat qaldıranda, minlərlə insan küçələrə axışanda həmin etirazları aydın surətdə görmək olur. Eyni zamanda bu etirazlar hərtərəfli planlaşdırılan və sözsüz ki, böyük cəsarət tələb edən genişmiqyaslı, yüksək effektə malik rəqəmsal əməliyyatlarda da əksini tapır.
Putin jurnalistlərə istədiyi qədər qadağa qoya bilər. Necə ki, iyunun ortalarında bunu etdi: “The Guardian” qəzetinin müxbiri də daxil olmaqla Britaniyanın 29 jurnalistinin Rusiyaya girişinə yasaq qoydu. O, etirazçılara uzunmüddətli həbs cəzaları verə, iri məbləğdə cərimələr kəsə, müstəqil tənqidi saytları bloklaya bilər. Amma insanlar həqiqəti çatdırmağın, məlumat yaymağın özünəməxsus yollarını tapacaqlar.
Əslində etirazçıların rolunu qabartmağa ehtiyac yoxdur, çünki indiki dissidentlər onsuz da böyük risk altındadırlar. Putinlə ehtiyatlı olmaq gərəkdir. O, onlayn senzura maşınını Çin lideri Si Cinpin qədər saz vəziyyətə gətirə bilməsə də, etirazlara sərt və çevik reaksiya verməyi, boşluğu aradan qaldırıb əvəz çıxmağı bacarır.
Ancaq icazə verin bir anlığa da olsa, rusiyalıların Ukrayna müharibəsi haqda çılpaq həqiqətləri öyrənmək üçün pornoqrafik saytlara üz tutmasına sevinək. “Xüsusi əməliyyat” adına layiq bir əməliyyat varsa, o da elə budur”.
Mənbə: Theguardian.com