Böyük Britaniyanın “Financial Times” qəzetində “Putin rejimi Rusiya tarixininin islahatlara qayıdış dövrünü yubadır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Avropa üzrə redaktoru Toni Barberdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Rusiyada guya qlobal dəyişiklik baş verir. “Böyük dəyişiklik” – prezident Vladimir Putinin şəxsi nəzarəti altında Kremlin yaratdığı uşaq və gənclər hərəkatı belə adlanır.
Bu təşəbbüs ideoloji baxımdan daha çox sovet dövrünün pioner təşkilatına üzv olması ənənəsini xatırladır. Pioner təşkilatına üzvlük sovet yeniyetmələri üçün bir keçid mərhələsi hesab olunurdu.
Rusiyada “Böyük dəyişiklik” hərəkatı haqda qanun layihəsi mayın 19-da, pionerlərin 100 illik yubileyi günündə ortaya çıxıb. Layihə yeni hərəkata “xarici agentlərlə” və “arzuolunmaz” təşkilatlarla, yəni Qərbyönlü və avtoritarizmə qarşı çıxan tənqidçi ruslarla əməkdaşlığı qadağan edir.
Bəli, Putinin Ukrayna ilə müharibəsinin beşinci ayında Rusiyanın faciəvi keçmişinin əks-sədaları artıq fərqli səslənir.
Müharibə əleyhdarı, Sankt-Peterburqdan olan rəssam Aleksandra Skoçilenko psixiatriya klinikasına yerləşdirilib. Kommunizm dövründə dissidentlərlə bu cür davranırdılar.
Hakimiyyətinin üçüncü onilliyində Putin rejimi xaricdəki kimi daxildə də təcavüzkar aktlar həyata keçirməklə – repressiyalar aparmaqla, azad düşüncələri daha sərt buxovlamaqla məşğuldur. Bu, Rusiyanın yaxın tarixi üçün xarakterik haldır. Və əksinə – Rusiya daxildə liberal dövrə qədəm qoyanda (Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun vaxtındakı kimi) xarici siyasətdə də beynəlxalq gərginliyi azaltmağa meyllənir.
Putin dövründə liberal dönüşun olacağı ağlabatan deyil. Ancaq Rusiyanın tarixi daima enişli-yoxuşlu mərhələlərdən ibarət olub: İosif Stalin dövründə diktatura, Nikita Xruşşov dövründə islahatlar, Leonid Brejnev dövründə sərtləşmə, Mixail Qorbaçov və Boris Yeltsin dövründə liberallaşma, Putin dövründə repressiya. Nə vaxt olacağını deyə bilmərik, amma Putin mərhələsindən geri dönüşün olacağı da mütləqdir.
Ukrayna ilə müharibə burada məxsusi rol oynaya bilər. 1853-1856-cı illərin uğursuz Krım müharibəsi təhkimlilərin azad edilməsinə, 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə isə 1980-ci illərdə Qorbaçovun yenidənqurma siyasətinə, islahatlara təkan vermişdi.
Amma Rusiya Ukraynada qələbə çalsa, repressiyalar dövrü uzana da bilər, vaxilə Stalinin nasist Almaniyası üzərində qələbəsi bu cür nəticələnmişdi.
Rusiyada müsbət dəyişikliyin baş verəcəyinə Qərbdə yaranmış ümidlərin puç çıxması hallarına tarixdə çox rast gəlinir.
1982-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş rəhbəri Yuri Andropov Leonid Brejnevi əvəzləyəndə yeni rəhbərin caz musiqisini və bir az da viskini sevdiyi barədə şayiələr Qərb ölkələrinə ayaq açmışdı. Bu, SSRİ-nin Qərblə münasibətlərində irəliləyişin olacağına ümid yaradırdı. Olmadı. O şayiələr Qərbə Moskvadan yayılırdı, hərçənd belə söz-söhbətləri təsdiqləyəcək yetərli dəlillər yox idi.
2008-ci ildə Putin Rusiya prezidenti postunu müvəqqəti tərk edib öz yerinə dörd illiyə Dmitri Medvedyevi gətirəndə Qərbdəkilər yenə başlamışdılar ki, Kremlin yeni rəhbəri Britaniyanın “Deep Purple” rok qrupunun pərəstişkarıdır.
Qərb Medvedyevə öhdəsindən gələ biləcəyi bir keçmiş kommunist kimi baxırdı. Bu düşüncə, bu ümid də yanlış çıxdı. Medvedyev indi sosial şəbəkələrdə Rusiyanın düşmənlərini “əclaf və yaramaz” kimi qələmə verən rəzil bir Kreml təbliğatçısına çevrilib.
Putinin hakimiyyət strukturlarının qeyri-müəyyən xarakteri tarixi mərhələnin növbəti raundunun kimin simasında təcəssüm edəcəyini proqnozlaşdırmağa imkan vermir. Ordu və təhlükəsizlik qüvvələrinin əlində böyük səlahiyyətlər cəmlənib. Lakin “Putinin aşpazı” adlandırılan iş adamı Yevgeni Priqojin kimi elə nüfuzlu fiqurlar var ki, onlar rəsmən heç bir dövlət postunda oturmurlar.
Sovet İttifaqı Kommunist Partiyasında, o dövrün nazirliklərində, elmi-tədqiqat institutlarında sərt iyerarxiya hökm sürürdü. Qərb ekspertləri bu iyerarxiya pilləsində islahatçı adamların yüksəlişini izləyə bilirdilər.
Hələ yenidənqurma başlamazdan əvvəl Qərb ekspertləri Qorbaçovu, onun silahdaşı Aleksandr Yakovlevi, iqtisadçı Abel Aqanbekyan və sosioloq Tatyana Zaslavskaya kimi alimləri xüsusi fiqurlar kimi seçib qeyd edə bilmişdilər.
Putinin 22 illik hakimiyyəti dövründə bəlkə də ən çox etimad göstəriləcək islahatçı lider vaxtilə baş nazirin müavini olmuş Boris Nemtsov idi. 2015-ci ildə Nemtsov Kremlin divarları yaxınlığında güllələndi.
Putin rejiminin ən çox əleyhinə çıxan digər bir fiqur isə müxalif siyasətçi Aleksey Navalnıdır. 2020-ci ildə Navalnını zəhərlədilər, 2021-dən isə o, həbsdədir.
Keçmişi indidən fərqləndirən bir cəhət də nəsillərin dəyişməsidir. 1980-ci illərdə islahatlara stimul verən nəsil daha sərbəst bir dövrdə – Xruşşov dövründə böyümüş “1960-cı illərin uşaqları” idi.
Bu gün bir çox rusiyalı liberalizm deyəndə gözünün qabağına Sovet İttifaqının dağılmasını və Yeltsin dövrünün nizamsız demokratiyasını gətirir. Bu təcrübəni onlar gənclik dövründə qazanıblar, yəni onların nəzərində liberalizm ləkələnib.
Ona görə güman ki, yeni dövrün islahatçıları Putin rejimində böyümüş və onun yürütdüyü siyasətdən xacalət çəkən daha gənc nəsilin nümayəndələri arasından çıxacaq.
Qarşıda bizi nə gözləyir gözləsin, Qərb anlamalıdır ki, onun Rusiyanın daxili siyasi kursunu yönəltmək imkanı məhduddur. İmperiya instinktlərindən qurtulan, öz xalqının həyatını yaxşılaşdırmağa köklənən Rusiya, sözsüz ki, Qərbin maraqlarına uyğun bir Rusiya olardı. Ancaq köhnə idarəçilik ənənələri və yaxın keçmişi göstərir ki, Rusiya sonda yenə öz yolunu özü seçir.
Mənbə: Ft.com