
Qazaxıstanda ana qanun yeniliyi
- 06 İyun 2022
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası 5 iyun referendumunun ilkin nəticələrini açıqlayıb. Novator.az bildirir ki, səsverməyə qatılanların 77,1 faizinin konstitusiyaya əlavə və dəyişiklikləri dəstəklədiyi bəyan olunub.
Ana qanuna əsas təkliflərdən biri prezidentin partiya üzvü olmasını yasaqlayır. Başqa təklifə əsasən, prezidentin yaxın qohumları dövlət qulluğunda siyasi vəzifə, dövlət sektorunda rəhbər post tuta bilməz.
Layihəyə görə, dövlət başçısı parlamentin yuxarı palatası olan Senatın 10 üzvünü təyin edir, 98 nəfərdən ibarət aşağı palata – Məclis qarışıq (proporsional və majoritar) üsulla seçilir.
Hazırda Senata vilayətlərin, respublika tabeli şəhərlərin və paytaxtın hər birindən iki təmsilçi daxildir, qurumun 15 üzvünü isə prezident təyin edir.
107 deputatdan ibarət Məclisin 98 deputatı ümumxalq səsverməsində proporsional üsulla (partiya siyahıları üzrə), 9 deputatı prezidentin yaratdığı məşvərətçi orqanın – Qazaxıstan Xalqı Assambleyasının iclasında seçilir.
Ana qanuna əlavə və dəyişikliklər layihəsi həmçinin hökumətin, qanunverici orqanın, yerli hakimiyyətlərin səlahiyyətlərinin artırılmasını, ölüm cəzasının ləğvini və başqa yenilikləri nəzərdə tutur.
Konstitusiya islahatı prezident Qasım-Comərd Tokayevin təklifidir.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Senatın sədri Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da prezident seçilib.
2022-ci il yanvarın 5-də Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılıb.
Qazaxıstanda prezident dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. Ümumxalq səsverməsində seçilən prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməz.
Prezident parlamentin aşağı palatasının razılığı ilə baş naziri, baş nazirin təqdimatı ilə hökumət üzvlərini təyin edir. Xarici işlər, müdafiə və daxili işlər nazirlərinin təyinatı birbaşa prezidentin səlahiyyətindədir.
Qazaxıstan hökuməti prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məclis fəaliyyətə başlayanda hökumət istefa verir.