Əli Kərimli
AXCP sədri
Paradoksa baxın: Putin öz hakimiyyətini əbədi etmək üçün Ukrayna ilə savaşa başlamışdı, ancaq bu savaş Rusiya rejiminin ömrünü qısaldır. Putin ölkəsində müxalifəti, vətəndaş cəmiyyətini və azad mətbuatı öz hakimiyyətinə alternativ olmasın deyə əzdi, ancaq bu dəfə də əks nəticə yaranır.
Məhz Putin siyasətinin nəticəsi olaraq Avropada Putinizmə qarşı çox ciddi alternativ qüvvə formalaşır. Rusiya – Ukrayna savaşı başlayandan Rusiyanı müharibə əleyhdarı olan 200-300 min nəfər müxalif mövqeli vətəndaş tərk edib. Söhbət Ukrayna ilə savaş başlayandan Rusiyanı tərk etmiş bütün vətəndaşlardan getmir. Hamını hesaba alsaq, ekspertlər Rusiyanı son üç ayda 1-2 milyon insanın tərk etdiyini deyir. Ancaq həmin 1-2 milyonun əksəriyyəti Rusiyanı gözləyən iqtisadi çətinliklərdən və ya ailə üzvlərinin savaşa aparılması təhlükəsindən sığortalanmaq üçün ölkəni tərk edənlərdir.
Mənim dediyim 200-300 min arası rusiyalı aktiv vətəndaş mövqeli insanlardır. Onların çoxu Rusiyada müxalif partiyaların və ya vətəndaş cəmiyyəti institutlarının fəalı, mətbuat təmsilçisi olublar. Ukrayna ilə savaşı işğalçılıq müharibəsi, Rusiyanın yox, Putinin müharibəsi sayırlar. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Onlar hazırda siyasi mühacirətin özəyini təşkil edirlər. Ancaq son aylarda bu sıraya müxalifət keçmişi olmayan minlərlə yeni adam da qoşulub. Söhbət müharibəyə qarşı olduğu üçün ölkədə özünə təhlükə görən, ölkəni tərk etmiş çoxlu sayda, əksəriyyəti də tanınmış mədəniyyət, incəsənət xadimlərindən və iqtisadi böhran qorxusundan ölkəni tərk etmiş biznes elitasının təmsilçilərindən gedir.
Beləliklə, hazırda müxtəlif Avropa ölkələrində 200-300 min nəfərlik, alternativ Rusiya deyə biləcəyimiz Rusiya müxalifətçiləri cəmləşib. Hazırda onların vahid bir hərəkatda birləşdirilməsi üçün ciddi iş gedir. Həm də bu adamlar Rusiyadan sadəcə başlarını götürüb qaçmayıblar. Onlar Rusiyanın demokratikləşməsi üçün gecə-gündüz çalışırlar. Öz mətbuat orqanlarının, QHT-lərinin, partiyalarının işini xaricdə bərpa edirlər. Həmin bu 200-300 minlik alternativ Rusiya təmsilçiləri Rusiyanın işğalçı müharibəsinə qarşı ciddi iş aparmaqla rus xalqının imicini bərpa etməyə, gələcəkdə qurulacaq demokratik Rusiyanın təməlini atmağa çalışırlar.
Rusiyada gələcək demokratik dövlət quruculuğu üçün vacib kadr bankı siyasi mühacirətdə formalaşır. Söhbət ölkə miqyasında tanınmış yüzlərlə ictimai-siyasi xadimdən, on minlərlə ictimai-siyasi fəaldan, minlərlə jurnalistdən gedir. Rusiyada demokratik dəyişikliklər üçün pul xərcləməyə hazır olan, rejimdən asılı olmayan minlərlə açıq fikirli iş adamını, yüzlərlə yazıçını, politoloqu, iqtisadçı eksperti, hüquqşünası, artisti, teleaparıcını, müğənnini, bloqçunu və başqa tanınmışları da bu sıraya əlavə edin.
200-300 minlik bu “ordu” vahid bir platformada birləşməyin və Rusiyanın daxilində daha aktiv işləməyin yollarını axtarır. Şübhəsiz ki, Rusiyada rejim dəyişikliyində, bu ölkədə də demokratiyanın inkişafında maraqlı olan beynəlxalq dairələr bu alternativ Rusiyaya kömək edəcək. Rusiyada demokratiyanın qələbəsi Rusiya xalqları qədər onun biz də daxil olmaqla bütün qonşularının milli maraqlarına uyğundur.