İlqar Məmmədov
REAL Partiyasının sədri
İki nəfər restoranda görüşüb yemək yeyirsə, nəinki onlara göstərilən xidmət, çox vaxt onların söhbəti də yeni iqtisadi dəyərin yaradılması ilə nəticələnir. Bu hələ iqtisadi fəaliyyətin ən passiv formasıdır, insanlıq trilyonlarla xırda və böyük iqtisadi əlaqə və əməlin cəmində yeni dəyər yaradaraq zənginləşib.
Son iki ildə bəzi beynəlxalq yaramazlar bütün dünyanın başını “Evdə qal!”, QR-kod kimi səfeh, təbabətlə heç bir əlaqəsi olmayan öldürücü siyasətlərlə qatıb yeni dəyərin yaradılması prosesini vurdular. İndi isə Amerikadan tutmuş Azərbaycana qədər hamı təəccüblənir ki, görəsən, qiymətlər niyə qalxıb?
Bəli, bu, iqtisadiyyatın təməlidir: az işləyən iqtisadi orqanizm daha az yeni dəyər yaradır və daha az istehlak edəcək. Fərdi paylarda fərq ola bilər, amma ümumən götürəndə dünyada hamı itirdi.
Yeni dəyərin istehsalı azalanda hökumətlər istehlakı ayaqda saxlamaq üçün adətən nə edir? Təbii, boş pul çap edib bazara tökür ki, cari anın çətinliklərini birtəhər yola versin. Nəticədə bir müddət sonra qiymətlər partlayır. Hazırda məhz bu partlayışı yaşayırıq.
Əhalisi nisbətən zəngin olan ölkələrin hökumətləri istehlakın azalması kimi şoka başqalarından daha davamlıdır. Azərbaycanda işləyənlərin yarısı ayda 405 manatdan az əməkhaqqı alırsa, bu cür böhranın bizdəki pul siyasətinə təzyiqi daha güclü olur. Təəccüblü deyil ki, 2020-2021-ci illərdə ölkədə manatla pul kütləsinin həcmi qeyri-manat pul kütləsindən daha sürətlə artıb. Bu artımın ümumi daxili məhsula nə dərəcədə proporsional olduğunu hesablamağa adamın həvəsi də yoxdur – qiymətlərin şiddətli artımı hər şeyi aydın göstərir.
Doğrudur, qiymət artımının bir hissəsini məcburən idxal eləmişik. Yəni o, Amerika və Avropa “evdə qal”ının əks-sədasıdır. Onlar da daha az işləyib daha az istehsal edib və boş-boşuna pul çap etməli olublar. Amma o ölkələr qədər zəngin olmadığımız üçün bizim pul maşını inflyasiyanı daha da sürətləndirib.
Bu vəziyyətin öhdəsindən gəlməyin heç bir möcüzəli aləti yoxdur. Ölkə daha zəngin olmalıdır ki, dünyada baş verən axmaqlıqların təsirini mümkün qədər neytrallaşdırsın.
Bəs ölkələri nə daha zəngin edir? Sərbəst, qanunların ali olduğu, siyasi rəqabətdən zərər çəkməyən sərmayə iqlimi…