İlqar Məmmədov
REAL Partiyasının sədri
Azərbaycan Dünya Bankının adambaşına milli gəlir reytinqinin orta sıralarında qərar tutur. Hərdən hətta aşağıya düşür. Kasıb Afrikanın bəzi ölkələri bizdən yuxarıdadır. Bəs onda niyə həm hakimiyyət, həm də onun bir sıra tənqidçisi “Azərbaycan zəngin ölkədir!” deyir?
Hakimiyyət öz siyasətinin uğurlu olmasını iddia etməkdən ötrü belə danışır.
Tənqidçilər isə narazıların başını aldatmaqdan ötrü bu yalanı təkrarlayır.
Yəni biri “zənginik, hamı ölkəmizin paxıllığını çəkir” deyir, o biri “zənginik, payımı artır”. Beləcə fikir davası guya aşıb-daşan sərvətlərin daha ədalətli bölüşdürülməsinə qədər daralır.
Mövcud sərvətlərin bölüşdürülməsi (daha yüksək müavinət, dövlət yardımı, çeşidli sosial güzəştlər və s.) nə qədər vacib mövzu olsa da, daha vacib mövzu yeni sərvətin yaradılmasıdır. Xalqları bəlli şərtlər daha zəngin edir. Düzdür, o şərtlərin düşünmədən təkrarlanması, sırf ideoloji tətbiqi, tarixi və texnoloji zəmanənin açdığı üfüqləri görmədən icrası da ayrı bir ağılsızlıq olar.
Millətimiz üçün zərərli olan bəzi beynəlxalq gündəmlərə qoşulub nüfuzlu xarici dost qazanmaq istəyən Əliyev hakimiyyəti “oğurladılar, basıb yedilər!” deyən tənqidçilərdən bəzən daha qabaqcıl görünsə də, bu, sadəcə illüziyadır: ikisi də bir-birinə layiqdir.
Ölkəmizin zənginləşməsi üçün ilk növbədə öz ədaləti ilə şöhrət qazanmış məhkəmə yaradılmalıdır. Birinci şərt. Elə ikinci şərt də odur.
Üçüncü şərt yeni-yeni qlobal avantüralardan vaz keçib daxili istehlakın keyfiyyətini artırmaqdır.
Bütün bunlardan doğan vergi, tarif, qanunvericilik və digər tənzimləmə məsələləri var. Hökumət qarşısında düzgün strateji vəzifə qoyulmalıdır. Bu işi isə nə sərvət bölüşdürməyə başı qarışmış hakimiyyət bacarır, nə də xəyalən sərvət bölüşdürən tənqidçiləri.