AXCP sədri Əli Kərimli Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyaları şərh edib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Xocalı qatilləri Köçəryan və Sərkisyan Azərbaycanla yeni savaş istəyir: “Onlar Azərbaycanla sülh sazişinə prinsipial razılıq verən Paşinyanı devirməyə çalışırlar. Erməni millətçiliyi xəstəliyinə tutulmuş insanlar Azərbaycan və Türkiyə ilə sülhü yaxın buraxmırlar. Şuşanı və Hadrutu yenidən işğal etmək, bütövlükdə Qarabağı Azərbaycandan qoparmaq kimi qeyri-real və xəstə iddialarla erməni xalqını Azərbaycanla yeni savaşa hazırlayırlar.
10 noyabr 2020-ci ildə Putin Azərbaycan ordusunu durdurmasaydı, qəhrəman ordumuzun cəmi bir neçə günə bütün Qarabağ ərazisini erməni separatçılardan təmizləyə biləcəyini bu adamlar nəyə görə belə tez unutdular? Ola bilməz ki, Azərbaycan ordusunun, xüsusilə də xüsusi təyinatlılarımızın qorxusu erməni separatçıların canından bu qədər tez çıxsın. Onlar öz istəkləri ilə müharibə tələb etməzlər. Deməli, onları öyrədən var. Deməli, Cənubi Qafqazda müharibə ocağının sönməməsi üçün Rusiya yenidən erməni separatçılara silah və hərtərəfli kömək vəd edib”.
Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar aprelin ortalarında başlayıb. Mayın 1-dən aksiyalar yolların bağlanması, dövlət idarələrinin işinə maneələr kimi kütləvi itaətsizlik halları ilə müşayiət olunur. Əsas təşkilatçılar parlamentdə təmsil olunan Ermənistan və “Qürurluyam” bloklarıdır. Onlar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinədir.
Ermənistan blokunda ikinci prezident Robert Köçəryan, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası cəm olub. Daşnaksütun Partiyasının liderlərindən olan İşxan Saqatelyan parlamentin sədr müavinidir, indiki aksiyaların rəhbərlərindən sayılır.
“Qürurluyam” blokunda üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası ilə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası birləşib. Artur Vanetsyan da indiki aksiyaların liderlərindəndir.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib.
Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq hökumət qurub.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. Bunun ardınca 2021-ci il iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. Həmin seçkini Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bir çox bölgəsini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
2021-ci ildən Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında iki dövlətin münasibətlərinin normallaşması yönündə beş baza prinsipi əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
2022-ci il aprelin 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri birgə sərhəd komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə edib. Həmin gündən Yerevanda aksiyalar intensivləşib.