“Yeni Azərbaycan” qəzetinin 5 may sayında “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla müsahibə dərc olunub.
Mübariz Mənsimov gəmi ilə yük daşıyan “Palmali” Şirkətlər Qrupunu 1990-cı illərin sonunda Türkiyədə yaradıb. Şirkətin bir çox ölkədə ofisi var.
Mübariz Mənsimov 2020-ci il martın 15-də həbs edilib. ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə bağlı çevrə, Türkiyədə FETÖ adı verilmiş terror təşkilatı ilə əlaqələrdə təqsirli bilinən iş adamı 2021-ci il martın 5-də 5 il şərti həbs cəzası ilə azadlığa buraxılıb.
“Yeni Azərbaycan”ın əməkdaşı İlhamə Rəsulova Mübariz Mənsimovla iş adamının İstanbuldakı ofisində görüşərək söhbətləşib.
Müsahibədən bir parça:
– Ədalətli rəhbər olmaq asandırmı və siz ədalətlə rəhbərlik etdiyinizi düşünürsünüzmü?
– Şirkətin idarəçiliyində nizam-intizam ən önəmli qaydadır. Məncə, bu, uğurun təməlidir, daim diqqət etmək lazımdır. Amma bu o demək deyil ki, insanları əzmək olar. Mənim iş prinsipim budur. İnsanlara imkan verirəm ki, öz qabiliyyətlərini, imkanlarını göstərə bilsinlər. Demək olar ki, əməkdaşlarımızı işdən azad etmirəm. Ən önəmlisi insanları qazanmaqdır. Hər zaman demişəm, “Palmali” şirkət deyil, ailədir. Əsasən türk və azərbaycanlılardan ibarətdir. Çox az qisim başqa millətlərdəndir, rəhbərlikdə olanların çoxu azərbaycanlılardır. Əvvəllər daha çox idilər, amma bəziləri bizi satıb qaçdılar.
Ədalət və nizam-intizam varsa, idarə etmək çətin deyil. Ədalətliyəmmi? Mən kimisə kimdənsə soruşmuram, dedi-qoduya yol vermirəm, birini tanımaq istəyirəmsə, özüm araşdırıram. Çalışıram şirkətimin əməkdaşlarının yaşayış səviyyəsi başqa şirkətlərdə işləyənlərə nisbətən yaxşı olsun. Tez-tez xalq arasında oluram. İnsanları eşitmək, dinləmək üçün tez-tez sadə insanların çox toplaşdığı yerlərə gedirəm, taksiyə minirəm, marketləri gəzirəm.
– Adınızı hər zaman xeyriyyə işləri ilə qoşa eşidirik. İnsanlara kömək edərkən hansısa kriteriyaları əsas tutursunuz, yoxsa kim istəyir ona yardım edirsiniz?
– “Mübariz yardım edir” deyə bir şey yoxdur. Biz Allahın əliyik. Allah bizə verir, biz də insanlara. Sadəcə, Allah məni vasitəçi olaraq görüb, o insanın ruzisini mənim əlimlə göndərib. Əslində özümün seçim etmək, yardım etmək kimi işlərə vaxtım yoxdur. Bu işlərə şirkətin yardım fondu baxır. İnsanlar var ki, sadəcə sui-istifadə edirlər, dəfələrlə müraciət edirlər, dəfələrlə yalançı müraciətlər olur, dəfələrlə eyni şeyi istəyirlər. Bunlar araşdırılır.
– Xeyriyyəçilər var ki, birinə iki kilo qənd versələr də, bunu kameralar qarşısında edirlər. Mütləq şəkildə işıqlandırılmasını tələb edirlər…
– Biz isə tələb edirik ki, bu barədə heç yerdə heç nə deyilməsin. Mən iş adamıyam, mesenat deyiləm. Verən Mübariz deyil, Allah verir. Pul cibimizə girmədən öncə hara gedəcəyinə dair qədəri yazılıb. Rəhmətlik dədəm həmişə deyirdi, kəfənin cibi yoxdur. Mənə tövsiyə edərdi ki, rəhməti yaşayarkən qazan.
– Kənardan yardımsevər, dininə sadiq, güclü bir iş adamı, güclü xarakteri olan kişi kimi görünürsünüz. Sizin öz baxışınızla Mübariz Mənsimov kimdir?
– Mübariz Mənsimov milyardlarla insandan, 10 milyon azərbaycanlıdan biridir. Heç kimdən heç nə ilə fərqlənmir. Sadəcə, Allah mənə bir az imkan verib, onunla seçilirəm. Allah insanı yaradanda qədərini, cizgisini çəkir. Mən çalışıram ki, bu cizgidən kənara çıxmayım ki, sonra geri dönüb tövbə etməyim, yalvarmayım.
– Azadlıqdan məhrum olduğunuz 350 gün sizi dəyişdirdi?
– Yox dəyişmədim. Dediklərimin hamısının arxasındayam, yenə eyni düşünürəm. Mən FETÖ-çü deyiləm. İlk növbədə şiəyəm, şiəlikdə də belə bir anlayış yoxdur, ikincisi, mən Gülənlə iki dəfə görüşmüşəm, rəsmi qaydada, bu görüşlərim dövlətdən gizlin olmayıb, hər iki görüşmədə bir-birimizə çox neqativ duyğular bəslədik. Yəni məni tanıyan kimə desən ki, Mübariz FETÖ-çüdür, bu sözə gülər. Bu mənə qarşı oynanılan oyun idi, mən borcumu qaytarmağı bacarıram və borclu qalmayacağam. Mən ovçuyam, illərlə o anın gəlməyini gözləyə bilərəm. O an gələcək. Pislik eləməyəcəyəm, amma çıxıb soruşacağam.
– Ovçu demiş, bildiyimizə görə, yaxşı silah kolleksiyanız var. Silahı tuşlamaq istədiyiniz biri var?
– Yalnız ermənilərə! Pula, şirkətləri itirməyə görə insan öldürülməz. Allah qorusun, namus olar, vətən davası olar, o zaman silah çəkilər. Mən keçmiş hərbiçiyəm. Mənim üçün silah tutmaq, can almaq çətin bir iş deyil. Lakin etmərəm…