ABŞ-ın “The Hill” qəzetində Çinin Sakit okean bölgəsindəki iddiaları barədə məqalə dərc olunub. “Başımız Ukraynaya qarışsa da, Çinin Sakit okeandakı iddialarını gözdən qoymamalıyıq” başlıqlı məqalənin müəllifi Mayk Rocersdir. Mayk Rocers 2000-2015-ci illərdə Respublikaçılar Partiyasının ABŞ Konqresində təmsilçilərindən biri olub, 2011-2015-ci illərdə Nümayəndələr Palatasının kəşfiyyat komitəsinə rəhbərlik edib. Novator.az saytı onun “The Hill” qəzetində dərc etdirdiyi məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.
Qərbin – ABŞ və Avropanın başı Ukraynaya qarışdığı bir vaxtda Çin Sakit okean və Hind okeanı regionunda strateji mövqeyini gücləndirməklə məşğuldur. Pekin Süleyman adaları (yaxud Solomon adaları – Sakit okeanda arxipelaq və dövlət) ilə müqavilə imzalayır, habelə Cənubi Çin dənizində bir neçə adanı hərbiləşdirir.
Məsələ çox ciddidir. Pekin Asiya qitəsində hökmranlıq etmək, o cümlədən yeni strateji rəqabət dövründə ABŞ-ı üstələmək üçün İkinci Dünya müharibəsi zamanı Yaponiyanın seçdiyi ssenaridən yararlanır. Biz Çini diqqətdən kənar qoya bilmərik.
İkinci Dünya müharibəsinin ən məşhur və qanlı döyüşlərindən biri Süleyman adalarında, o cümlədən Quadalkanalda (Süleyman adalarının vilayəti) baş verib. Çinin bu böyük adalar silsiləsinə marağı 1930-1940-cı illərdə Avstraliya ilə yaxınlaşıb bölgədə strateji mövqeyini bərkitmiş Yaponiyanın marağına çox bənzəyir.
Süleyman adaları Avstraliya sahilindən 1000 mil məsafədə yerləşir. Ona görə burada hərbi dəniz qüvvələri yerləşdirmək Çin üçün çox əhəmiyyətlidir. Bu, ABŞ qoşunlarının Avstraliyada imkanlarını məhdudlaşdıra və Çinin kommunist rejimi Tayvan adasını geri almağa qərar verərsə, o halda Amerika gəmilərinin Tayvana çıxışına mane ola bilər.
Çin Kommunist Partiyası Ukraynada cərəyan edən prosesləri diqqətlə izləyir və bundan bəzi nəticələr çıxarır. Həmin nəticələrdən birincisi belədir ki, Tayvanla münaqişə yaransa, onda Qərbin Tayvanı silah-sursatla təchiz etməsinin qarşısını almaq lazımdır.
Məlumdur ki, ukraynalılar indiyədək öz cəsarətləri ilə yanaşı həm də Qərbin hərbi yardımları sayəsində duruş gətirə bilir. Pekin Tayvanla münaqişəyə atılsa, çox güman, ilk növbədə Taypeyə (Tayvanın mərkəzi şəhəri) istənilən yardımın yetişməsinin qarşısını almağa çalışacaq. Dəniz rabitəsinə, logistikaya nəzarət etmək və təhdid törətmək Çinin əsas tədbirlərindən olacaq.
Pekin onu da anlayır ki, qələbə qazanmaq üçün cəld hərəkət etməlidir. Moskvanın Ukraynanın içərilərinə doğru ağır-ağır irəliləməsi Qərbə Kiyev ətrafında cəmlənmək, NATO-nun, Avropanın dəstəyini əlaqələndirmək, Rusiyaya siyasi, iqtisadi, hərbi müqavimət göstərmək imkanı verdi. Rusiya işğal planını qısa zamanda həyata keçirməyi, Kiyevi və ya Ukraynanın əksər hissəsini sürətlə zəbt etməyi bacarsaydı, yəqin ki, Qərb fakt qarşısında qalıb ukraynalılara lazımi dəstəyi reallaşdıra bilməyəcəkdi.
İnanın ki, Çinin Tayvana münasibətdə nail olmaq istədiyi elə budur: sürətli və böyük qələbə, Qərbi vaxtında reaksiya vermək imkanından məhrum etmək.
Çinin Süleyman adaları ilə bağladığı müqavilədə də məhz bu məqsəd güdülür. Əgər Çin Avstraliyaya gedib-gələn gəmilərə və ya hərbi gəmilərin Cənubi Çin dənizinə, oradan da Sakit okeana üzməsinə təhdid yaratsa, o zaman ABŞ və müttəfiqləri Tayvanı müdafiəyə qalxmazdan qabaq yaxşı-yaxşı götür-qoy etməli olacaqlar.
Çinin gəmiçilik sahəsində təhdid yaratmaq qabiliyyəti ABŞ-ın regional tərəfdaşlarını qorxuda bilər. Bu isə Vaşinqtonu Pekinin bölgədəki hökmranlıq iddialarına qarşı çıxmaq üçün tərəfdaşlarını dilə tutmaq, onları arxayın sala biləcək dərəcədə gücləndirmək məcburiyyətində qoyur.
Çin Tayvanın müdafiəsinə təkcə coğrafi baxımdan deyil, texnoloji baxımdan da təhlükə yaradır. Pekin gəmi əleyhinə raketlərə (ballistik, qanadlı və hipersəs raketlər), o cümlədən dəniz minalarına, sualtı qayıqlara sərmayə qoymaqla hərbi dəniz qüvvələrini genişləndirir. Çin artıq dünyanın ən böyük donanmalarından birini yaradıb və nüvə qüvvələrini yeniləyib. Pekin həmçinin son bir neçə ildə Cənubi Çin dənizində yeni adalar salmaqla faktiki öz ərazisini genişləndirib. Çin həmin ərazilərdə hərbi obyektlər qurub, halbuki əvvəllər orada hərbi infrastruktur qurmayacağını deyirdi.
Çin onu da anlayır ki, təkcə texnologiya, avadanlıqlar deyil, əsgərlərin, dənizçilərin döyüş hazırlığı da vacib amildir. Rusiya çox mükəmməl texnologiyalara malikdir. Mütəmadi reallaşdırılan hərbi modernləşmə proqramı rus ordusunu sovet texnologiyası səviyyəsindən müasir ordu səviyyəsinə qaldırıb. Ancaq Rusiyanın Ukraynadakı əməliyyatlarında bu müasirlik hiss olunmur. Niyə?
Əvvəla ona görə ki, Rusiyanın təchizat və logistika şəbəkəsi biabırçı vəziyyətdədir. Digər tərəfdən isə Rusiya ordusunun etibarlı təlim proqramı və ABŞ-da ordunun dayağı sayılan, aşağı rütbəli zabitlərdən ibarət, ancaq müstəqil qərar qəbul etmək səlahiyyətinə malik kadrları yoxdur.
Rusiyanın hərbi əməliyyatlarını əks etdirən videolara baxanda rus əsgərlərin ukraynalılar qarşısında necə pərən-pərən olduğunu görmək mümkündür. Ruslar qarşıdurma yaranan kimi silah-sursatı atır, mühasirəyə düşəndə isə vəziyyəti lazımi qaydada idarə edə bilmirlər. Bu, əlbəttə, Ukraynanın işinə yarayır, ancaq Pekin indi bundan açıq-aydın dərs götürür.
Bizim Ukrayna üzərində köklənməyimiz çox yaxşıdır. Amma biz gözümüzü Çinin də üzərindən çəkməməli, Pekinin Ukrayna müharibəsində Rusiyanın davranışından, Qərbin reaksiyasından necə nəticə çıxardığının fərqində olmalıyıq.
Biz Asiya regionunda fəal hərəkət etməli, müttəfiqlərimizi nigaran qoymamaq üçün hərbi dəniz qüvvələrimizi genişləndirməli və Süleyman adaları kimi ölkələrlə ciddi iş aparmalıyıq ki, avtoritar Çinlə əməkdaşlığın tərəfdaşlarımıza sərf etməyəcəyini onlara göstərə bilək. Əks halda region Çinə güzəştə gedə, gələcək proseslər Pekinin nəzarətinə keçə bilər.
Mənbə: Thehill.com