Putin devrilə bilərmi? – “Vaşinqton Post”
- 11 Aprel 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribunaYazarlar
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Putin devrilə bilərmi? Rusiya tarixindən ipucları” başlıqlı məqalə dərc olunub. Məqaləni SSRİ və Rusiya tarixi haqda altı kitabın, o cümlədən “Öldürmək əmrləri: Putin rejimi və siyasi qətllər” kitabının müəllifi Emi Nayt yazıb. Novator.az saytı Emi Naytın “Vaşinqton Post”dakı məqaləsini ingiliscədən çevirərək təqdim edir.
Rusiya prezidenti Vladimir Putin heç vaxt öz hakimiyyəti əleyhinə ciddi təhdidlə üzləşməyib. Ancaq onun Ukraynada apardığı müharibənin faciəvi nəticələri vəziyyəti dəyişə bilər.
Xalqın Kremlə qarşı üsyana qalxacağı ehtimalı zəif olaraq qalır. “Levada” mərkəzinin mart ayında keçirdiyi sorğu rusiyalıların 83%-nin prezident Putinin fəaliyyətini bəyəndiyini göstərir. Fevral ayında bu göstərici 71% idi.
Rusiyalıların əksərinin rəsmi təbliğatdan kənar informasiyaya çıxışı məhduddur, etiraz bildirmək üçün küçəyə atılmağa cürət edənlər isə ağır cəzalara məhkum olunmaqdadır.
Putin hakimiyyətinə ən ciddi təhlükə rejimin öz içindən gələ bilər. Rusiyanın tarixi bu istiqamətdə bəzi düşüncələrə əsas verir.
1917-ci ildə bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra iki uğurlu dövlət çevrilişi baş verib: İosif Stalinin gizli polisə – SSRİ-nin Xalq Daxili İşlər Komissarlığına (sonradan Daxili İşlər Nazirliyi) rəhbər təyin etdiyi Lavrenti Beriya 1953-cü ilin iyununda, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov isə 1964-cü ilin oktyabrında vəzifədən uzaqlaşdırılıb.
Beriyanın və onun altı adamının güllələndiyini nəzərə almasaq, bu çevrilişlər demək olar qansız ötüşüb. Hər iki halda xüsusi xidmət orqanına və orduya başçılıq edənlərin dəstəyi çevrilişin reallaşmasında mühüm rol oynayıb.
1953-cü ilin martında Stalin öləndən sonra Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətində Xruşşov başda olmaqla hər kəs Beriyanın artan nüfuzundan və onun Stalin xətti əleyhinə yürütdüyü yeni siyasətdən təşviş keçirirdi. Ancaq Beriyadan qurtulmaq asan məsələ deyildi. Çünki o, həm milis, həm də xüsusi xidmət orqanı olan bir quruma – Daxili İşlər Nazirliyinə rəhbərlik edirdi.
Sui-qəsdçilər ordu başçılarına, xüsusilə müdafiə naziri Nikolay Bulqaninə və marşal Georgi Jukova arxalana bilərdilər. Beriyaya və Daxili İşlər Nazirliyinə hədsiz nifrət edən bu iki yüksək rütbəli hərbçi Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin tələm-tələsik çağırılan iclasına heç kimdən şübhələnmədən gəlmiş Beriyanın elə iclasdaca həbs olunmasında həlledici rol oynadılar.
Əməliyyat uğurlu alınsa da (Beriya tutuldu, mühakimə olundu, növbəti ilin dekabrında güllələndi), çox riskli idi. Xruşşovun adamları böyük təhlükə ilə üz-üzə qalmışdılar. Ona görə həbsdən dərhal sonra onlar bir neçə gün ərzində Beriya düşərgəsində potensial müxalifəti də yatırmaqla məşğul oldular.
Xruşşovun adamları bunu bacardılar. Onlar yüksək vəzifə vəd etməklə daxili işlər nazirinin Beriyaya sadiq sayılan iki müavinini – Sergey Kruqlovu və İvan Serovu öz nazirlərinə xəyanət etməyin və nazirlik əməkdaşlarının əl-ayağını yığmağın vacibliyinə inandıra bildilər.
11 il sonra Xruşşovun SSRİ-nin rəhbəri postundan kənarlaşdırılması da Leonid Brejnev və Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun digər üzvləri üçün eyni dərəcədə təhlükəli əməliyyat oldu. Brejnev və Siyasi Büronun digər üzvləri hesab edirdilər ki, Xruşşov kollektiv idarəçiliyin çərçivələrini aşır və buna görə də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən uzaqlaşdırılmalıdır.
Deyilənə görə, Brejnev bu planın baş tutmayacağından elə qorxurmuş ki, şəxsi mühafizə dəstəsinin komandiri əlində avtomat onun qapısı ağzında gecələyirmiş.
Tərəddüd edənlər də varmış: Brejnevlə iş birliyinə razılıq verməzdən qabaq Siyasi Büronun əsas üzvlərindən olan Aleksey Kosıgin və Mixail Suslov çevriliş planını həm hərbçilərin, həm də Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) dəstəklədiyinə dair zəmanət istəyirmişlər.
Xruşşova qarşı planın gerçəkləşməsində həlledici rolu DTK sədri Vladimir Semiçastnı oynayıb. Qara dəniz sahilində dincəlməkdən qayıdan Xruşşovu bir qrup DTK əməkdaşı ilə birgə Moskva hava limanında qarşılayan Semiçastnı ona işdən çıxarıldığını deyib və birinci katibə müqavimət göstərməməsi barədə xəbərdarlıq edib.
Vaxtilə Semiçastnını DTK sədri təyin edən, ona öz adamı kimi baxan Xruşşov xəyanətə tuş gəldiyini, nəhayət, anlasa da, taleyin hökmünə boyun əyib və hakimiyyət sakitcə Brejnevə ötürülüb.
Putinin devrilməsindən ötrü üç mühüm qurumun – ordunun, Federal Təhlükəsizlik Xidmətinin (DTK-nın varisi) və Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) aktiv və ya passiv dəstəyi gərəkdir. Bu qurumların hər birində isə Putinin güclü müttəfiqləri var.
Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Putin kimi Leninqrad (Sankt-Peterburq) qrupunu təmsil edir. O, keçmiş DTK zabitlərindən ibarət olan Sankt-Peterburq klanının yetirməsidir və Putinlə Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin birbaşa himayəçisi sayılır.
Bortnikov FTX-nin direktoru postuna 2008-ci ildə gətirilib və bu postda Patruşevi əvəzləyib.
FTX-nin öz xüsusi təyinatlı qüvvələri və orduya nəzarəti həyata keçirən geniş əks-kəşfiyyat şəbəkəsi var.
Müdafiə naziri Sergey Şoyqu Sankt-Peterburqdan çıxmasa da, DTK veteranı olmasa da, Putinlə uzun illərdir sıx əməkdaşlıq edir. Şoyqu əvvəl fövqəladə hallar naziri işləyib, 2012-ci ildən isə müdafiə naziridir.
Putinlə Şoyqu öz dostluqlarını dəfələrlə açıq şəkildə nümayiş etdiriblər. Onlar Şoyqunun doğma yurdu Sibirdə birlikdə necə istirahət etdiklərini lentə aldırıb televiziyada göstəriblər.
2022-ci ilin fevralında Rusiya Təhlükəsizlik Şurasının televiziya ilə birbaşa yayılan iclasında isə 900 min nəfərlik orduya başçılıq edən Şoyqu Ukraynanın işğalını ürəkdən dəstəkləyib.
Rusiya Milli Qvardiyasının baş komandanı Viktor Zolotov yəqin ki, Putinin böyük etimadla yanaşdığı bir adamdır.
Zolotov Putinlə ilk dəfə 1990-cı illərin əvvəllərində tanış olub. O vaxt Zolotov Sankt-Peterburq şəhərinin meri Anatoli Sobçakın mühafizəçisi işləyib. Həmin dövrdə Sobçak həm də Putinin rəhbəri idi.
2000-2013-cü illərdə Zolotov Rusiya Prezidentinin Mühafizə Xidmətinə rəhbərlik edib. 2016-cı ildə Putin Milli Qvardiyanı yaradanda Zolotovu bu quruma rəhbər gətirib.
Daxili Qoşunlar və Daxili İşlər Nazirliyinin digər xüsusi təyinatlı qüvvələri “Rosqvardiya”nın tabeliyinə verildiyindən hazırda Zolotov 340 minlik qoşuna başçılıq edir. O, həm kütlələri, həm də elitanı nəzarətdə saxlamaq imkanına malikdir.
Beləliklə, Putin öz dayaqlarını möhkəmlətmiş kimi görünür. Amma Beriya və Xruşşovun taleyi göstərir ki, Kreml böhran keçirəndə rəhbərə münasibət ayrı cür olur. Sabah Bortnikov növbəti Semicastnıya çevrilə və öz çulunu sudan çıxarmaq üçün düşərgəsini dəyişə bilər.
Hətta Şoyqu və Zolotov da Putin rəqiblərinin koalisiyası ilə qarşılaşsalar, Beriyanın zabitləri kimi gəmini tərk etmək fikrinə düşə bilərlər.
Bir şey şübhəsizdir: Putinə qarşı istənilən çevriliş cəhdi Kremlin tarixində ən təhlükəli və riskli əməliyyat olacaq.
Mənbə: Washingtonpost.com