Vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliyev vətəndaş Faiq Məmmədovun qanunsuzluğun qurbanı olduğunu yazır: “3 ilə yaxındır dostumuz Faiq Məmmədov haqsız həbs həyatı yaşayır. Ölkənin əlçatmaz bir qrupu Faiqin və digər şəxslərin vəsaitini mənimsəyib, məhkəmə isə özü zərər görmüş Faiqi 2 may 2019-cu ildə günahkar qismində həbs edib.
Fırıldaqçılığın qurbanı olan Faiqin “günahı” zərərçəkmiş şəxsləri bir araya gətirərək mübarizə aparmasıdır. Əsas günahkarlar, məmurlara bağlı fırıldaqçılar kənarda gəzdiyi halda Bakı Ağır Cinayətlər Məhkəməsi 29 iyul 2021-ci ildə Faiqə 11 il həbs cəzası kəsib.
Faiqlə “British Council” təşkilatının layihəsində birgə işləmişik. Onu yaxından tanıyanlar bilir ki, peşəkar olmaqla yanaşı çox vicdanlı şəxsdir, kimsənin haqqına girən deyil.
Faiq həm dövlət qurumlarının (o cümlədən Mərkəzi Bankın), həm yerli şirkətlərin (o cümlədən “Təmiz Şəhər” ASC-nin), həm də beynəlxalq təşkilatların (o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Dünya Bankının) layihələrində ekspert qismində çalışıb.
Həbs tarixçəsinə gəlincə, Faiq 2016-cı ildə dostu vasitəsilə tanış olduğu, özünü sahibkar kimi təqdim edən Fuad Bayramovdan gəlirli bir biznesə investisiya qoymaq təklifi alır. Fuad Bayramov özünü “MƏK-AN” MTK-nın təchizatçısı kimi təqdim edir, 2016-cı ilin aprel ayından 2017-ci ilin sonuna qədər Faiqdən və digər şəxslərdən vəsaitlər alır, sonra gəlirlə birlikdə geri qaytarır. Adamların etibarını qazandıqdan sonra 2017-ci ilin sonu Fuad Bayramov daha irihəcmli layihələr (bina tikintisi və təchizat işləri) təklif edərək pul toplayır. 2018-ci il fevralın ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun “MƏK-AN” MTK-da qalması bəhanəsi ilə ödənişi ləngidir, sonra isə ümumilikdə 5 milyon 327 min 229 ABŞ dolları məbləğində pulu ödəyə bilməyəcəyini bildirir. Beləliklə, 100-ə yaxın ailə verdiyi pulu geri ala bilmir.
Fuad Bayramov 2018-ci il mart ayının 31-də həbs edilir. Zərərçəkmişlər Faiqin iqtisadi biliklərini nəzərə alaraq təmsilçilik hüququnu ona həvalə edirlər. Mətbuata açıqlamalarda, piketlərdə təşkilatçı Faiq olur.
Sonra Faiq istintaqa cəlb olunaraq həbs edilir. Səbəb Fuad Bayramovun Faiqin əleyhinə qərəzli və yalan ifadəsi olur.
Hazırda Faiqin işi Bakı Apellyasiya Məhkəməsindədir. Neçə vaxtdır proses gedir, amma hələ ədalətli hökm yoxdur. Fuad Bayramov yeni ifadə verərək Faiqin günahsız olduğunu bildirib, hakimə rəsmi ərizə təqdim edib. Zərərçəkmiş şəxslər də Faiqin günahsız olduğunu deyirlər. Ancaq ilkin məhkəmə yüksək vəzifəlilərin göstərişi əsasında onu günahkar sayıb. Apellyasiya instansiyası isə yuxarıdan tapşırıq gözləyirmiş kimi qərar verməyə tələsmir”.
Mənbə: Facebook.com