Böyük Britaniyanın “The Guardian” qəzetində Robert Rayxın “Putinlə Tramp mənim XXI əsr haqda təsəvvürümün yanlış olduğunu göstərdilər” başlıqlı məqaləsi dərc olunub. Professor Robert Rayx 1990-cı illərdə ABŞ-ın əmək naziri olub. Hazırda Berkli Kaliforniya Universitetində dövlət siyasətindən dərs deyir və dünyanın aparıcı medialarında siyasi icmalçı kimi çıxış edir. Novator.az saytı Robert Rayxın “Guardian“dakı məqaləsini ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.
2016-cı ildə Donald Trampın ABŞ prezidenti seçilməsi, 2022-ci ildə isə Rusiya prezidenti Vladimir Putinin Ukraynada işğalçı müharibəyə başlaması mənim XXI əsrlə bağlı bəzi düşüncələrimdə yanıldığımı göstərdi.
Mən elə bilirdim XXI əsrdə millətçilik aradan qalxacaq. Qloballaşma sərhədlərin götürülməsi, ölkələr, regionlar arasında iqtisadi əlaqələrin güclənməsi, müasir mədəniyyətin, o cümlədən istehlak mədəniyyətinin bütün dünyaya yayılması ilə nəticələnəcək.
Yanılmışam. Həm Putin, həm də Tramp öz hakimiyyətlərini möhkəmləndirmək üçün ksenofob millətçilikdən istifadə etdilər. (Putinin aqressiyası Ukraynada vətənpərvərlik ruhunu alovlandırdı.)
Düşünürdüm ki, XXI əsrdə dövlətlər artıq öz vətəndaşlarını məlumat almaq istəyindən məhrum edə bilməyəcək.
Güman edirdim ki, yeni rəqəmsal texnologiyalar, o cümlədən internet dünyanın informasiya və beyin axınına nəzarəti mümkünsüz hala gətirəcək. Düşünürdüm ki, zalımlar artıq öz xalqlarını zülmətdə saxlaya, onları öz təbliğatları ilə aldada bilməyəcəklər.
Yenə yanılmışam. Tramp da Putin kimi medianı yalanla doldurdu. Putin öz vətəndaşlarını Ukraynada baş verənlərlə bağlı həqiqətlərdən məhrum edə bildi.
Düşünürdüm ki, inkişaf etmiş millətlər artıq öz coğrafi ərazilərini genişləndirmək uğrunda döyüşməyəcəklər.
Elə bilirdim yeni iqtisadiyyat torpaq-ərazi faktorunu innovativ texnologiyaların kölgəsində qoyacaq, ölkələr arasında rəqabət qabaqcıl ixtiralar uğrunda gedəcək.
Bu məsələdə qismən haqlı çıxmışam. Doğrudan da yeniliklər, innovasiyalar indi böyük əhəmiyyət kəsb edir. Amma torpaq hələ də mühüm xammala çıxışı təmin edən, həmçinin insanları potensial xarici təcavüzkarlardan qoruyan faktor olaraq qalır.
Güman edirdim ki, böyük nüvə dövlətləri heç vaxt bir-biriləri ilə müharibə riskinə getməz, çünki nüvə silahı bunun yalnız məhvə apardığına “təminat” verir.
Nüvə müharibəsinin mənasızlığı məni arxayın etmişdi.
Qorxuram bu məsələdə də yanılmış olam. Putin hazırda təhlükəli nüvə uçurumunun kandarındadır.
Sivilizasiyanın daha heç vaxt özünü hamıdan təcrid etmiş səfehlərin əsirinə çevrilməyəcəyini düşünürdüm. Elə bilirdim bu səfehlik artıq XX əsrdə qaldı, XXI əsrdə hətta totalitar dövlətlərin də hökumətləri tiranları cilovlaya biləcək.
Trampla Putin göstərdilər ki, yanılmışam.
Mən müharibə metodlarının dəyişdiyinə, kiber müharibənin və hədəfi yüksək dəqiqliklə vurmağa qadir silahların indən belə mülki əhali arasında itkiləri minimuma endirəcəyinə inanırdım.
Məni buna müdafiə strategiyası üzrə mütəxəssislər inandırmışdılar. Onlar deyirdilər ki, aqressiv qüvvələrin mülki şəxslərə hücumu artıq mənasızdır.
Tamamilə yanlış fikir imiş. Ukraynada dinc əhali arasında ölənlərin sayı arta-arta gedir.
Mən demokratiyanın qaçılmaz olduğuna inanırdım.
Bu inam məndə 1990-cı illərin əvvəllərində – Sovet İttifaqı dağılanda formalaşmışdı. Onda hələ Çin yoxsul ölkə idi. Mənə elə gəlirdi ki, qloballaşmış, yeni texnologiyaların hökmran olduğu müasir dünyada daha totalitar rejimlərin şansı yoxdur. Təbii ki, dünyanın geridə qalmış bəzi bölgələrində kiçik diktaturaların hələ bir müddət yaşayacağını güman edirdim. Amma tam əmin idim ki, müasir dövr demokratiyaya, demokratiya isə müasir dövrə birdəfəlik qədəm qoyub.
Trampla Putin bu məsələdə də yanıldığımı göstərdilər.
Bununla belə, hazırda ukraynalılar sübut etməkdədirlər ki, Tramp və Putin kimi avtokratların zamanı geri qaytarmaq cəhdlərinın qarşısını yalnız demokratiyanın gücü sayəsində almaq olar.
Ukrayna xalqının mübarizə şövqü onu da aydın şəkildə sübuta yetirir ki, demokratiya öz-özünə əldə olunmur. Bu, idman yarışı deyil ki, oturub seyr edəsən. Demokratik quruluş hökumətin yox, insanların qurduğu bir sistemdir.
Ukraynalılar bizə xatırladırlar ki, demokratiya onun uğrunda qurban verməyə hazır olanda yaşaya bilir. Qurban ifadəsini müxtəlif mənalarda başa düşmək gərəkdir. Söhbət həm böyük, həm də kiçik qurbanlardan gedir.
Məsələn, ola bilsin, 2020-ci ildəki təcrübə – ABŞ-da prezident seçkisi keçiriləndə on minlərlə qaradərili kimi səs vermək üçün saatlarla növbəyə durmağın lazım gələcək. Ola da bilsin ki, vətəndaş hüquqları uğrunda hərəkatın mərhum liderləri Con Lyuis və Martin Lüter Kinq kimi başqalarının səs verə bilməsi uğrunda yürüş keçirməli, etiraz etməli, hətta həyatını riskə atmalı olacaqsan.
Ola bilsin, əksinə – adamların seçkini boykot etməsi, səs verməməsi məqsədilə yüzlərlə qapını döyəcəksən. Bunların hamısını göz altına almaq lazımdır.
Yeri gələndə səsimizin eşidilməsi uğrunda minlərlə insanı toplamalı və ya səsimizı saya salmaq istəməyən dünya güclərinə qarşı üsyana da qalxmalıyıq.
Demokratiyanın müdafiəsi işi onu məhv etmək istəyənlərə qarşı müharibəyə başlamağı da zərurətə çevirə bilər.
Ukrayna xalqı onu da xatırladır ki, demokratiya – keçmiş nəsillərdən bizə qalmış ən qiymətli sərvətdir. Bu miras elə-belə qalmayıb, keçmiş nəsillər onu bizə ötürə bilmək üçün həyatlarını riskə atıblar.
Demokratiya – bizdən də gələcək nəsillərə qalası ən qiymətli sərvət ola bilər, bir şərtlə ki, onu xoxan kimi görənlərin azadlığı boğmasına imkan verməyək, yaxud müştəbehliyimizə son qoyub azadlığın qayğısına qalmaqla məşğul olaq.
Mən XXI əsrin çox irəli getdiyini düşünürdüm, Putinlə Tramp yanıldığımı sübut etdilər. Texnologiyalar, qloballaşma və müasir idarəetmə sistemləri tiranların metodlarını dəyişə bilməyib.
Ancaq o da var ki, bu gün mən də dünyanın milyonlarla insanı kimi ukraynalılardan ilham alıram və ibrət götürürəm. Ukraynalılar bu gün bizə bildiyimizi yenidən öyrətməklə dərs verirlər.
Robert Rayx
Mənbə: Theguardian.com