Əli Kərimli
AXCP sədri
Bu əsrin əvvəllərində Rusiya Çeçenistanda şəhərləri dağıdıb yerlə bir edirdi. Ukraynada da eyni ssenari tətbiq olunur, ancaq alınmır. Ukrayna balaca Çeçenistan deyil. Putin paytaxt Qroznını və digər çeçen şəhərlərini aviabombalarla, “Qrad”larla yerlə bir edib azadlıq hərəkatını darmadağın edə bilmişdi. Ancaq Ukraynada eyni nəticəni əldə etmək mümkün olmayacaq.
Əvvəla, Ukrayna böyük ölkədir. Ukraynanın əhalisi Çeçenistanın o dövrdəki əhalisindən 50 dəfə, ərazisi isə 38 dəfə çoxdur. Ukrayna hətta böyük itkilərə, ərazi işğalına da dözə bilər. Çoxsaylı itkilər, ərazilərinin bir hissəsinin işğalı da Ukraynanı dövlət olaraq diz çökdürməz. Üstəlik, indi bütün dünyadan ukraynalılar Vətəni qorumaq üçün Ukraynaya axışır. Məlumatlara görə, müharibə başlayandan dünyanın müxtəlif ölkələrindən 80 min nəfər ukraynalı Vətən müharibəsinə qoşulmaq üçün Ukraynaya qayıdıb. Dünyanın müxtəlif ölkələrindən çoxsaylı könüllü döyüşçülər Rusiya işğalına qarşı döyüşmək üçün Ukraynaya yollanır. Artıq 16 ölkədən Ukraynanın azadlığı üçün vuruşmağa hazır könüllü dəstələr formalaşıb.
İkincisi, beynəlxalq birlik Ukraynaya çox ciddi dəstək verir. Ukrayna ordusuna milyardlarla dollarlıq müasir silahlar verilib və veriləcək. Ötən il Ukraynaya işğal təhlükəsi yaranandan bəri beynəlxalq birliyin Ukrayna üçün ayırdığı yardım, kredit və investisiyaların həcmi 25 milyard dolları keçib. Hazırda Rusiyanın yerlə bir etdiyi şəhərləri, infrastrukturu, iqtisadiyyatı savaş bitəndən sonra qısa müddətdə bərpa etmək də Ukrayna üçün çətin olmayacaq (insan itkiləri, əlbəttə, dəhşətlidir). Artıq indidən Polşa hökumətinin başçısı Ukraynanın bərpası üçün 100 milyard avroluq yardım ayrılmasını təklif edib. Avropa Birliyi təklifi müzakirə edəcək. İndidən bəllidir ki, pandemiya ilə mübarizəyə bir neçə trilyon dollar xərcləyə bilmiş Avropa Birliyi və ABŞ üçün Ukraynanın bərpa xərclərini çəkmək çətin vəzifə olmayacaq.
Üçüncüsü, hazırkı internet və sosial şəbəkələr zamanında Rusiya ordusunun dinc əhaliyə qarşı tətbiq etdiyi istənilən antiinsani hücumlardan Ukrayna xalqı və bütün bəşəriyyət anındaca xəbər tutur. Rusiya hakimiyyətinin müharibə cinayətlərini gizlətmək imkanı yoxdur. Tam əksinə, hazırda dinc şəhərlərin, çoxmərtəbəli yaşayış binalarının raketlərlə, aviabombalarla, “Qrad”larla vurulub dağıdılması həm Ukrayna xalqını qəzəbləndirib qisasa, həm də dünya ictimaiyyətini hiddətləndirib Rusiyaya qarşı daha qərarlı olmağa sövq edir. Hazırda qəddarlıq qorxu yox, nifrət yaradır.
Dünyanın azadlıq istəkli bütün dövlətləri, xalqları Ukraynanı xilas etmək üçün birləşib. Hər şeyi kobud güc, kəmiyyət üstünlüyü ilə həll etməyə alışmış hazırkı Rusiya rejimi bu dəfə çox bərk ilişib. Ukrayna səddini aşmaq, dünyanı qorxu ilə girov götürmək mümkün olmayacaq. Qəhrəman Ukrayna xalqı azadlığını qoruya, bəşəriyyəti də çox böyük bir bəladan hifz edə biləcək.