Hazırkı dövr prezident Vladimir Putinin 22 ildir davam edən hakimiyyəti dönəmində istər Rusiya, istər Ukrayna, istərsə də Avropa üçün ən mürəkkəb dövrdür. ABŞ-ın “Bloomberg” agentliyində dərc olunmuş “Rusiya Ukraynada odla oynayır” məqaləsində belə deyilir.
Novator.az saytının məlumatına görə, məqalənin müəllifi Klara Ferreyra Markes yazır ki, həm Vladimir Putin üçün geriyə dönüşü olmayan, həm də bütün dünyanı böyük çətinliklər qarşısında qoyan bir vəziyyət yaranıb.
Məqalədə vurğulanır ki, təkəbbür, paranoya, hərbi avantürizm – diktatura rejimləri və rejim başçıları üçün bunlar xarakterik xüsusiyyətlərdir: “Əslində Putin rusların arzulamadığı, amma ağırısını onların çəkəcəyi bir müharibəyə başlayıb”.
Müəllif yazır: “Politoloq Daniel Treysmanın avtokratların öz hakimiyyətlərinin son dövrlərindəki davranışları ilə bağlı apardığı tədqiqat göstərir ki, onların əksərinin rejimi öz səhvləri ucbatından, ya dəyişikliklərə məhəl qoymadıqlarına, ya da argentinalı general Leopoldo Qaltyeri kimi məsləhətləşmədən müharibəyə başladıqlarına görə dağılır. Leopoldo Qaltyeri Böyük Britaniyanın döyüşməyəcəyini və əhalisinin onun ətrafında toplanacağını güman edərək 1982-ci ildə Folklendi işğal etdi. O, yanlış yol tutdu və bu səhv onun sonunu gətirdi.
Əlbəttə, Rusiya Argentina deyil və Putin indi Ukraynada apardığı müharibənin ziyanını dərhal görməyə bilər. Əslində, dünyaya güc nümayiş etdirməyin ən çox ehtimal olunan nəticəsi odur ki, Kreml ölkə daxilində repressiyaları artıracaq. Hətta ola bilsin, öz istəyi ilə də yox, məcburiyyətdən bu yolu tutacaq”.
Məqalədə daha sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara diqqət yönəldilir və bildirilir ki, sanksiyalar – Avropaya və dünyanın qalan hissəsinə ziyan versə belə – sərtləşdirilməlidir.
Müəllif vurğulayır ki, Putin nəinki rus xalqının, hətta Kremldə oturanların da arzulamadığı müharibəyə başlayıb və onu yalnız sərt tədbirlər dayandıra bilər.
2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağında qanlı döyüşlər gedir. Ukraynada hərbi vəziyyət tətbiq olunub, ölkənin Rusiya ilə diplomatik münasibətləri kəsilib.
1952-ci il təvəllüdlü Vladimir Putin təhlükəsizlik orqanları zabitidir. 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında məsul postlar tutub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun növbəti iki prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.
Mənbə: Bloomberg.com