Ötən ayın sonlarında ABŞ prezidenti Cozef Bayden Demokratlar Partiyasının Milli Komitəsinin tədbirində çıxış edərkən dünyada demokratiyalarla avtokratiyalar arasında əsl yarış getdiyini demiş və bunu yeni dövrün həlledici çağırışı adlandırmışdı.
Novator.az-ın məlumatına görə, ABŞ Milli Demokratiya İnstitutunun rəhbəri Derek Mitçell “The Hill” qəzetində dərc etdirdiyi məqaləsində yazır ki, bəziləri Baydenin sözlərinə adi ritorika, bəziləri isə yersiz idealizm kimi yanaşıb bu fikirlərə elə də əhəmiyyət vermədi: “Amma Ukrayna böhranı Baydenin haqlı olduğunu göstərir”.
Derek Mitçell qeyd edir ki, Milli Demokratiya İnstitutunun bir neçə ildir ardıcıl keçirdiyi sorğular ukraynalıların 75 faizinin öz dövlətlərini tam demokratik ölkə kimi görmək istədiyindən xəbər verir: “Ukrayna cəmiyyətinin davranışı bunu əməli şəkildə təsdiqləyir. 2004-cü ildə yüz minlərlə ukraynalı şaxtalı günlərdə meydanlarda çadırlar qurub prezident seçkisinin saxtalaşdırılmasına etiraz etdi və bu, yeni seçkinin keçirilməsi ilə nəticələndi. On il sonra yenə yüz minlərlə ukraynalı küçələrə axışdı, hakimiyyət zor tətbiq etsə də, yüzdən çox adam həlak olsa da, xalq demokratiyanın müdafiəsindən çəkilmədi. 2019-cu ildə hakimiyyətin dinc yolla ötürülməsi isə Ukrayna xalqının gücünü nümayiş etdirdi, aydın oldu ki, bütün çətinliklərə baxmayaraq ukraynalılar demokratik dəyişikliklərə sadiqdirlər və onun keşiyində möhkəm dayanıblar”.
Müstəqillik, suverenlik və demokratiya yolundan dönməyən ukraynalıların ağır itkilər verdiyini xatırladan Derek Mitçell yazır ki, Rusiya 2014-cü ildə Krım yarımadasını ilhaq edəndən və Donbasda iki separatçı rejimin əliylə Ukraynanın bu bölgəsini də işğala məruz qoyandan bəri 14 min ukraynalı həlak olub, milyon yarımdan çox insan məcburi köçkünə çevrilib: “Niyə ukraynalılar bu qədər ağır itkilərə gedirlər? Cavab demokratiyanın özündədir. Ukraynalılar hesab edirlər ki, demokratik sistem birliyi, sabitliyi, inkişafı, milli suverenliyi və şəxsi ləyaqəti bütün başqa sistemlərdən daha yaxşı qoruyub təmin edə bilər.
Ona görə Putinin Ukraynaya ciddi problem kimi baxması təəccüb doğurmamlıdır. Tayvandakı uğurlu demokratik cəmiyyət Çin kommunistlərini təhdid etdiyi kimi Rusiyanın qonşuluğunda demokratiyanın çiçəklənməsi də Putinin avtoritar modelini təhdid edir.
Demokratiya sadə rusiyalıların mədəniyyət, tarix, dil baxımından yaxın olduğu bir məkanda uğur qazana bilərsə, deməli, Rusiyanın özündə də uğur qazana bilər. Putindən ötrü inkişaf edən, plüralist, demokratik Ukraynadan böyük təhlükə yoxdur”.
Müəllif qeyd edir ki, avtokratlar yerlərini bərkitmək üçün öz ölkələrində repressiyalar aparmağa məhkumdurlar: “Onlar xaricdə də eyni yola əl atırlar. Onlar inandırma yolu ilə nail ola bilmədiklərini təcavüzlə əldə etməyə çalışırlar. Məhz buna görə Putin Rusiyası Ukrayna cəmiyyətində parçalanmanı dərinləşdirmək, cəmiyyəti yolundan sapdırmaq üçün casusluqdan, dezinformasiya əməliyyatlarından yararlanır, kiberhücumlar, açıq təcavüz aktları həyata keçirir”.
Derek Mitçellin fikrincə, bu proseslər təkcə Ukrayna ilə çərçivələnmir: “Orada tətbiq olunan taktikalar başqa yerlərdə də sınaqdan keçirilir. Avtokratiya demokratiyanı hər yerdə təhdid edir.
Ona görə özümüzü aldatmayaq. Ukrayna böhranı təkcə NATO-ya toxunmur, bu təkcə ABŞ-la Rusiya arasında təsir dairəsi uğrunda aparılan bir mübarizə deyil. Söhbət Rusiyanın Ukraynanın müstəqilliyinə, ləyaqətinə hörmətsizliyindən, Ukrayna demokratiyasının başının üstünü “avtoritar qılıncın” kəsdirməsindən gedir.
Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləyə əl atıb-atmayacağından asılı olmayaraq azadlığı, demokatiyanı qiymətləndirən hər kəs Ukraynanın 44 milyonluq xalqını müdafiə etməli, onlara öz həyatlarını və azadlıqlarını qorumaq işində kömək göstərməli, 21-ci əsrdə təcavüz qarşısında aciz qalmamalıdır. Demokratik dəyərlər – azad söz, qanunların aliliyi, dialoq – on illərdir ki, ölkələrin içində və dövlətlərarası münasibətlərdə sülhün, əmin-amanlığın əsas dayağıdır. Bu dəyərlərin Ukraynada və ondan kənarda amansız hücuma məruz qaldığı bir vaxtda bizim onu müdafiə etməməyə heç bir bəhanəmiz olmamalıdır”.
Mənbə: Thehill.com