Novator.az prezident İlham Əliyevin 8 fevral 2022-ci ildə imzaladığı “Media haqqında” qanunun bəzi tələblərinə nəzər salıb.
Qanunla Medianın İnkişafı Agentliyi çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq; Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, reyestrə daxil edilmiş media subyektlərinə şəhadətnamə, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək səlahiyyətləri alır.
Agentlik 2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2009-cu il aprelin 3-dən fəaliyyət göstərib) əsasında publik hüquqi şəxs kimi yaradılıb, həmin gün Əhməd İsmayılov icraçı direktor təyin olunub.
Əhməd İsmayılov 1980-ci ildə doğulub. Bakı Dövlət Universitetini hüquqşünas, Dövlət İdarəçilik Akademiyasını dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları ilə bitirib.
Bakı Neft Energetika Kollecində müəllim, Ombudsman Aparatında böyük məsləhətçi, Nəqliyyat Nazirliyində baş məsləhətçi vəzifələrində işləyib. Dövlət Dəniz Administrasiyasında şöbə müdiri, aparat rəhbəri postlarında çalışıb, Dövlət Dəniz Agentliyinin direktor müavini olub.
2020-ci il aprelin 4-dən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru postunu tutub.
Agentliyə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirməlidir. Prezidentin vəzifəyə təyin etdiyi sədr və 6 üzvdən ibarət olası Müşahidə Şurası hələ formalaşdırılmayıb.
“Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycanın hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycanın hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Qanunda jurnalist anlayışı belə rəsmiləşib: əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs.
Media subyektləri qanunda belə sıralanır: audiovizual media subyektləri; çap mediası subyektləri; onlayn media subyektləri; informasiya agentlikləri.
Ayda azı 1 dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 nüsxədən çox olan, ildə azı 12 dəfə çap olunan qəzetlər və ildə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşr sayılır.
Qəzetlər bu dövriliklə çap olunmalıdır: həftəlik qəzet – həftədə azı 1 dəfə; günaşırı qəzet – həftədə azı 3 dəfə; gündəlik qəzet – həftədə azı 5 dəfə.
1 il ərzində 12 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər; 1 il ərzində 9 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər; 1 il ərzində 6 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər davamlı yayımlanan nəşr sayılır.
İldə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər davamlı yayımlanan dövri nəşr hesab olunur.
Onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində dövlət orqanlarının (qurumlarının) yaydığı rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyası istisna olmaqla gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Reyestr bu bölmələrdən ibarətdir: audiovizual media subyektləri; çap mediası subyektləri; onlayn media subyektləri; informasiya agentlikləri; jurnalistlər.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir.
Qanunda mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya bir çox tələb qoyulur. Onların arasında faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi də var.
Media subyekti və jurnalist şəxsin gizli saxlanmaq şərti ilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına; məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına; təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına; sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına; yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına və bir çox başqa məsələyə yol verməməlidir.
Media subyekti fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yaydıqda, fikirləri təhrif etdikdə fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var.
Media qanunu ilə 2002-ci ildən fəaliyyət göstərən Milli Televiziya və Radio Şurasının bazasında sədr də daxil olmaqla 7 üzvdən ibarət tərkibdə Audiovizual Şurası yaradılır. Şura üzvlərinin təyinatı prezidentin səlahiyyətindədir. Üzvlərin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq şuranın üzvü ola bilməz.
Hazırda 9 nəfərlik Milli Televiziya və Radio Şurasının üzvlərini prezident təyin edir. Üç nəfərin səlahiyyət müddəti 2 il, üç nəfərinki 4 il, üç nəfərinki 6 ildir.
Şuraya İsmət Səttarov sədrlik edir. İsmət Səttarov 1983-cü ildə doğulub. Bakı Dövlət Universitetinin iqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsini bitirib. Texnika elmləri üzrə fəlsəfə doktorudur.
Bank sektorunda, Heydər Əliyev Fondunda çalışıb, “Region TV” prodüser qrupunun direktoru, “Region TV” telekanalının direktoru, ARB Media Qrupunun rəhbəri, “ARB24” MMC-nin direktoru olub.
2020-ci il aprelin 4-də Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib, aprelin 6-da sədr seçilib.
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Media qanunu: layihəni geri çəkmək təklif olunur
Media qanunu: reaksiyalara reaksiya verildi
Media qanunu: 8 partiyadan çağırış gəldi
Media qanunu: bir razılaşma var
Media qanununa yazılı təkliflər
Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?
“Media qanunu qəbul olunsa da…”
Media qanunu son mərhələyə yön aldı
Media qanunu: imza üçün nə qədər vaxt var?
Prezidentdən layihəni geri qaytarmaq xahiş olunur