Əli Kərimli
AXCP sədri
Son il yarımda neftin qiymətinin 6 dəfə artmasının xalqın həyatında nəyə görə hiss olunmadığını soruşmağımız hakimiyyəti narahat edib. Xalqın milyardlarını oğurlayanlar minnət də qoyurlar. Biz haqlı sual edirik ki, neft satışından Azərbaycana sel kimi gələn, neftin bahalaşması ilə dəfələrlə artan milyardlar nəyə görə yalnız bir ovuc oliqarxı, oğrunu varlandırır? Nəyə görə həmin milyardlardan xalqa uşaq pulu verilmir, veterana, qaziyə, əlillərə verilən müavinətlər, pensiyalar ciddi şəkildə artırılmır? Nəyə görə həmin milyardlar hesabına qeyri-neft sektoru real olaraq inkişaf etdirilmir, 100 minlərlə yeni iş yeri açılmır?
Hakimiyyətin bu suallara cavabı olmadığı üçün başqaları gəlir üstümüzə. Arqumentə bax, deyirlər ki, neft olmasaydı, xalq heç cüzi maaşları, pensiya və müavinətləri də ala bilməzdi. Deyirlər ki, Neft Fondundan hər il dövlət büdcəsinə 12 milyard manat transfer olmasaydı, ümumiyyətlə acından ölərdiniz.
İstəmədən Əliyev hakimiyyətinin nə qədər bacarıqsız olduğunu etiraf edirlər. Dünyada neft satmayan 150-dən artıq dövlət nəyə görə acından ölmür? Əksinə, tam əksəriyyəti əla yaşayır. Necə olur ki, qonşu Gürcüstan və Ermənistanın bir çox sosial-iqtisadi göstəriciləri bizimkindən yaxşıdır? Etiraf edə bilmirlər ki, Azərbaycandakı hakimiyyət bacarıqsızdır, korrupsionerdir, üstəlik, bütün hüquqları da tapdalayır, azad biznesin inkişafına heç bir şans tanımır, ona görə də heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.
Biz neftlə mübarizə aparmırıq. Neft gəlirlərini oğurlayıb xalqı aclığa sürükləyənlərlə mübarizə aparırıq. Neft gəlirlərinə arxayın olub real iqtisadiyyatı məhv edənlərlə mübarizə aparırıq. Neftlə yox, neft gəlirləri hesabına ölkədə parlamentarizmi, seçkini, məhkəməni, çoxpartiyalı sistemi məhv edib ailə hakimiyyəti quranlarla mübarizə aparırıq. Ona etiraz edirik ki, neft gəlirlərini xalqa, iqtisadi inkişafa xərcləmək əvəzinə oğurlayıb ofşor hesablara daşıyırlar, neft gəlirlərinin bir hissəsini də ölkədə zor, repressiya, işgəncə aparatı qurmağa, zəif iradəli müxalifətçiləri, prinsipsiz vətəndaş cəmiyyəti fəallarını, qələminə xəyanətə hazır olan jurnalistləri, ziyalıları satın almağa, xarici ölkələrdə avtoritarizmə xidmət edən lobbi şəbəkəsi qurmağa xərcləyirlər.
Beləliklə, xalqa xidmət etməli olan bu sərvət hazırda oğruları daha da varlandırmağa, zor və işgəncə rejimini möhkəmləndirməyə xidmət edir. Ancaq təbii ki, günah neftdə yox, nefti xalqın sərvəti olmaqdan çıxarıb bəlasına çevirmiş hakimiyyətdədir. Azərbaycan xalqı öz hakimiyyətini quranda bizim ölkədə də, məsələn, Norveçdə olduğu kimi, neft xalqa, o cümlədən gələcək nəsillərə xidmət edəcək.