Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, fevralın 7-də 8 erməni hərbi qulluqçu Ermənistana qaytarılıb. Həmin şəxslərin bir qismi 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən tutulan hərbi qulluqçulardır.
Açıqlamada bildirilir ki, Ermənistan Azərbaycanın humanitar xarakterli bu addımının əvəzində Birinci Qarabağ müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycana verməlidir.
Fevralın 4-də dövlət başçısı İlham Əliyev Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla video formatında bir araya gəlib. Görüş Avropa İttifaqına sədrlik edən Fransanın prezidentinin təşəbbüsü olub.
İlham Əliyev görüşdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsinə də toxunub, həmin savaşda 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşdüyünü deyib.
Ermənistan bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
Ermənistan silahlı qüvvələri 2021-ci il noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və daha əlverişli mövqelərə yiyələnmək məqsədilə hərbi əməliyyata başlayıb, döyüş postlarına hücum edib, Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçusu yaralanıb, Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr cavab tədbirləri görüb.