Avropa İnsan Hüquqları Məhkəməsi “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Mustafa Hacıbəylinin iki şikayəti üzrə kommunikasiyaya start verib. Azərbaycan hökumətinə Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, effektiv hüquqi müdafiə və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarına müdaxilənin baş verib-vermədiyi barədə suallar göndərilib. Aihmaz.org-un məlumatına görə, məhkəmə müdaxilələrin siyasi məqsədlərlə edilib-edilmədiyini də araşdırır.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ildə Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib. Şərti həbs cəzası Gəncə işi ilə bağlıdır. 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada “Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
Mustafa Hacıbəyli “Basta” saytını 2015-ci ildə yaradıb. Onun Avropa İnsan Hüquqları Məhkəməsinə 2019 və 2020-ci illərdə göndərilmiş şikayətlər cinayət təqibinə məruz qalıb məhkum olunması və rəhbəri olduğu sayta girişin bloklanması ilə bağlıdır.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.