“Financial Times” qəzetində ABŞ-ın Rusiyaya qarşı mövqeyini sərtləşdiridiyi barədə yazı dərc olunub. “Ukraynanın “heç bir hücuma kiçik müdaxilə kimi baxıla bilməz” bəyanatından sonra Cozef Bayden Rusiyaya xəbərdarlığını sərtləşdirib” başlıqlı məqalənin üç müəllifi var: “Financial Times”ın Berlin bürosunun rəhbəri Qay Çeyzn, Vaşinqton bürosunun rəhbəri Ceyms Politi və Ukraynadakı müxbiti Roman Olearçik. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
ABŞ prezidenti Cozef Bayden bugünlərdə belə bir ehtimal irəli sürmüşdü ki, Rusiya qüvvələrinin Ukraynaya “kiçik müdaxiləsi” müttəfiqlərin sərt reaksiyasına səbəb olmaya da bilər. Ukrayna bu mülahizəni etirazla qarşıladı. Nəticədə ABŞ prezidenti Kiyevi istənilən hücuma görə Rusiyaya güclü sanksiyalar tətbiq ediləcəyinə inandırmaq üçün açıq şəkildə bəyanatlar verməyə məcbur oldu.
Baydenin mülahizəsinə cavab olaraq Qərbyönlü Ukrayna prezidenti Vladimir Zelenski öz “Tvitter” səhifəsində belə yazmışdı: “Biz böyük güclərə xatırlatmaq istəyirik ki, kiçik müdaxilələr və kiçik xalqlar anlayışı yoxdur”.
Zelenski digər müttəfiq ölkələri də məzəmmət edəndən və həyəcan təbili çalandan sonra Bayden verdiyi bəyanata qayıdaraq Rusiyanın istənilən müdaxiləsinin geniş sanksiyalara səbəb olacağını vurğuladı: “Hər hansı bir rus hərbi dəstəsi Ukrayna sərhədini keçsə, bu, işğal sayılacaq. Heç bir şübhəniz olmasın: Putin belə bir yolu seçsə, bu, Rusiyaya baha başa gələcək”.
Bayden Ukraynaya “kiçik müdaxilənin” müttəfiqlərin sərt reaksiyasına səbəb olmaya biləcəyini söyləyəndən dərhal sonra Ağ ev də prezidentin dedikərinə aydınlıq gətirməyə çalışmışdı. Əslində Baydenin mülahizəsi belə bir gümandan doğurdu ki, Kreml genişmiqyaslı işğalı dayandırsa, müttəfiqlərin sanksiyalarla bağlı mübahisələri bitə bilər.
Ertəsi gün Putinin Ukrayna sərhədinə qoşun toplamasına necə reaksiya veriləcəyi ilə bağlı NATO üzvləri arasında ictimai səviyyədə qeyri-adi fikir ayrılıqları oldu və Baydenin növbəti cəhdləri müttəfiqləri sakitləşdirməyə yönəldi.
Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi ölkələrini Rusiya ilə dialoq aparmağa çağırdı. Onun bu mövqeyi ABŞ və NATO-nun yürütdüyü diplomatiyaya meydan oxumaq anlamına gəlirdi. Lakin sonra Fransa rəsmiləri israrla bildirdilər ki, bu təklif ABŞ-ın Rusiya ilə davam edən danışıqlarına qarşı çıxmaq demək deyil. Fransanın xarici işlər naziri Jan-İv Lö Drian dedi: “Avropalıların birlikdə məsləhətləşmələri, müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirməsi normal haldır, çünki Avropanın təhlükəsizliyinə dair heç bir məsələ avropalıların tam iştirakı olmadan müzakirə oluna bilməz və tam iştirak olmadan qərar da qəbul edilə bilməz”.
Ötən həftə ABŞ-ın dövlət katibi Entoni Blinken də Berlində avropalı həmkarları ilə danışıqlardan sonra vurğuladı ki, Qərb miqyasından asılı olmayaraq Rusiyanın Ukraynaya istənilən hərbi müdaxiləsinə cavab verəcək. Müttəfiqlərin birliyini bərpa etməyə çalışan Blinken dedi: “Biz çox açıq şəkildə bildirmişik ki, Rusiya özünün hər hansı hərbi qüvvəsini Ukrayna sərhədindən keçirib yeni təcavüz aktları törətsə, ABŞ-ın və onun müttəfiqlərinin, tərəfdaşlarının sürətli, sərt və vahid cavab ilə qarşılaşacaq”.
Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən əvvəl Berlinə gələn və Almaniya, Fransa, Böyük Britaniyanın xarici işlər nazirləri ilə danışan Entoni Blinkenin bu səfəri məhz sərhədinə 100 minlik rus qoşunu cəmlənmiş Ukrayna ətrafındakı gərginliklə bağlı idi.
Beynəlxalq rəsmilər Avropada yeni silahlı münaqişə təhlükəsi barədə xəbərdarlıq edirlər. Rusiya isə işğal planlaşdırdığını inkar edir, amma o biri yandan da Qərbin və NATO-nun qarşısında qoyduğu təhlükəsizlik tələbləri yerinə yetirilməsə, hərbi əməliyyatlara başlaya biləcəyini vurğulayır.
Moskva NATO-ya səslənərək Ukraynanın heç vaxt bu alyansa qəbul edilməyəcəyi vədinin verilməsinə çağırır. ABŞ-ın müttəfiqlər arasında birliyi bərpa etmək səylərinə baxmayaraq, Baydenin açıqlamaları belə bir məsələyə diqqət cəlb etdi ki, Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ona veriləsi cavabın miqyası ilə bağlı fikir ayrılıqları mövcuddur.
Ukraynaya qarşı kiberhücumlar və ya “saxta bayraq altında” hərbi əməliyyatlar zamanı da Moskvaya kütləvi sanksiyalar tətbiq olunmalıdırmı, yoxsa belə sanksiyalar yalnız Ukrayna tam işğala məruz qalanda işə salınmalıdır? Avropa Biriyinə üzv dövlətlər arasında bu məsələdə mövqelər haçalanır.
Blinken problemi etiraf edərək bildirdi ki, Rusiyanın arsenalında tammiqyaslı müdaxilənin çoxlu alternativləri də var, məsələn, yarım hərbi həmlələr, hibrid müharibə metodları. “Biz mümkün ssenarilərin hər biri üzrə intensiv işləyirik ki, ortaya çıxa biləcək istənilən situasiyada verəcəyimiz cavabı effektiv şəkildə koordinasiya edib-etmədiyimizi müəyyənləşdirək”.
Blinken Rusiya təhlükəsinə necə cavab vermək məsələsinin Qərbi parçaladığı fikrini inkar etdi. Onun sözlərinə görə, son həftələrdə ABŞ-ın müttəfiqləri ilə apardığı məsləhətləşmələr Rusiyaya münasibətdə “sözü də, əməli də bir yerə qoymaq” üçündür.
Blinken həmçinin belə bir ehtimal səsləndirdi ki, Almaniya Rusiyanın Baltik dənizinin dibi ilə çəkdiyi “Şimal axını-2” qaz kəmərindən istifadə edib Moskvanı Ukrayna təcavüzündən çəkindirə bilər: “Qaz hələ “Şimal axını-2”dən keçmir. Bu o deməkdir ki, boru kəməri Rusiya üçün deyil, Almaniya, ABŞ və müttəfiqlərimiz üçün təsir rıçaqıdır”.
Fransa da bəyan edib ki, NATO-nun Baltikyanı ölkələrdə gücləndirilmiş fəaliyyətini dəstəkləməyi davam etdirməyə və NATO qərarlarına uyğun şəkildə Rumıniyada yeni missiyalar həyata keçirməyə hazırdır. ABŞ rəsmiləri təsdiq edirlər ki, onlar müttəfiqlərinə, o cümlədən Estoniya, Latviya və Litva kimi Baltikyanı ölkələrə Ukraynanı ABŞ istehsalı olan silahlarla təchiz etmək səlahiyyəti veriblər.
Rəsmilər Ukraynaya avqust ayında vəd etdikləri hərbi yardımın – 260 milyon dollar dəyərində ABŞ müdafiə avadanlıqlarının göndərilməsi prosesinin davam etdiyini söyləyiblər.
Dövlət Departamentinin nümayəndəsi deyib ki, ABŞ ötən il Ukraynaya 650 milyon dollarlıq müdafiə avadanlığı ayırıb: “Prezident Baydenin prezident Putinə dediyi kimi, Rusiya Ukraynanı növbəti dəfə işğal etsə, biz ukraynalıları daha çox müdafiə vasitələri ilə təmin edəcəyik. Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqik və bu ölkəyə ehtiyac duyduğu dəstəyi göstərməkdə davam edəcəyik”.
Qay Çeyzn,
Roman Olearçik,
Ceyms Politi
Mənbə: Ft.com