Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Yanvarın 16-da maraqlı bir çevrə ilə söhbətim oldu. Aralarında uğurlu karyera quranlar, bank sektoru nümayəndəsi və dövlət-hökumət qurumlarının birinə yeni təyin edilmiş gənc rəhbərin işçisi də vardı. Müxtəlif mövzularda fikir mübadiləsi apardıq. Söhbət əsnasında dövlət-hökumət qurumunda çalışan qardaş dedi ki, yeni rəhbərləri günün 16-18 saatını işdə keçirir, təmiz işləyir, öz işinə çox məsuliyyətlə yanaşır.
Başqa şəxslərdən də həmin rəhbər haqqında eyni şeyləri eşitmişəm, amma problem başqadır: bizim sistem əllə idarə olunur, rəhbərin 16 saat işdə olması müsbət bir şey deyil, tam tərsinə, mənim üçün mənfi məsələdir, çünki normal sistem qurulsa, hər kəs öz işini bilib yerinə yetirsə, 8 saatlıq iş bəs edər, dünya həftədə 4 günlük və gündə 6 saatlıq iş rejiminə keçir…
Bizim ölkənin idarəetməsi sistemli, mexanizmə, alqoritmə bağlı deyil. Rəhbərin də öz riskləri var: gənc rəhbərlər təşəbbüskar deyil, səhv buraxmaqdan, özündən yuxarıda oturan rəhbərin tənəsindən çəkinir, təşəbbüs göstərənə, israr edənə “Nə marağın var belə əl-ayağa düşmüsən?” deyirlər, buna görə də gənc müdirlər suyu üfürə-üfürə içirlər.
Problem məhz budur – əsas məsələ şəxslər, kadrlar deyil, idarəetmə sisteminin düzgün qurulmasıdır, işin doğru sistemə oturdulması iş saatına qənaət edir, keyfiyyətə də müsbət təsir göstərir. Ona görə də filan rəhbərin 16 saat işlədiyini eşidəndə bilin ki, həmin şəxs idarəetmədə sistem qura bilməyib, bu, müsbət bir məsələ, tərif üçün əsas deyil və ən əsası, bu onun da günahı deyil, sistemin özü, oyun qaydaları zaydır…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı