ABŞ-ın “Bloomberg” agentliyi “Rusiya Finlandiya və İsveçi NATO-ya sürükləyir” başlıqlı məqalə yayıb. Məqalənin müəllifi 40 il ABŞ Silahlı Qüvvələrində xidmət keçmiş, son illərdə adı ABŞ-ın vitse-prezidenti, dövlət katibi postlarına namizədlər cərgəsində hallanmış Ceyms Stavridisdir. ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Ceyms Stavridis 1990-cı illərdə minadaşıyan gəmi kapitanı, mindaşıyan gəmi eskadrasının komandanı, 2002-2004-cü illərdə atom gəmisi kapitanı, 2006-2009-cu illərdə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının baş komandanı, 2009-2013-cü illərdə NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin ali baş komandanı olub. İstefaya çıxandan sonra bir müddət Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin dekanı işləmiş Ceyms Stavridis hazırda da mühüm postlar tutur. O, Rokfeller Fondunun İdarə Heyətinin sədri və ABŞ-ın ən nəhəng investisiya fondlarından olan, 150 milyard dollar dəyərində səhmləri idarə edən “Carlyle Group” fondunun beynəlxalq məsələlər üzrə sədr müavinidir. Ceyms Stavridis həmçinin “Bloomberg”in icmalçısıdır. Onun sonuncu kitabı “2034: Növbəti dünya müharibəsi haqqında roman” adlanır.
Novator.az saytı Ceyms Stavridisin “Bloomberg”də dərc olunan məqaləsini ingiliscədən çevirib oxuculara təqdim edir.
Hazırda bütün diqqət Rusiya prezidenti Vladimir Putinə, onun Ukrayna sərhədinə yüz minlik qoşun yığaraq, sərhəddə gərginlik yaradaraq irəli sürdüyü tələblərə yönəlib.
Putin Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) Ukraynanın heç vaxt bu alyansa qəbul edilməyəcəyi barədə zəmanət istəyir. Faktiki olaraq o, NATO-da cəmlənmiş 30 ölkənin başı üzərindən alyansa üzvlük məsələsində veto hüququna yiyələnməyə iddia edir.
Avropanın şimalındakı iki güclü və müstəqil demokratik dövlət – İsveç və Finlandiya isə diqqətdən kənarda qalıb. Hər iki ölkə uzun müddətdir NATO ilə sıx əlaqədədir, amma heç biri alyansın üzvü deyil.
Ötən ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi bu ölkələrlə bağlı verdiyi bəyanatda İsveçlə Finlandiyanın NATO-ya qoşulması ideyasından narazılığını ifadə edib.
Amma bu cür yanaşma Rusiyanın özünün əleyhinə işləyə və sözügedən iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq niyyətini daha da ciddiləşdirə bilər.
Finlandiyanın, İsveçin coğrafi mövqeyini, hərbi potensialını nəzərə alsaq, bu, NATO üçün yeni imkanların açılması demək olardı.
Gəlin görək ABŞ və NATO məsələyə necə reaksiya verməlidir.
Mən NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin ali baş komandanı olanda İsveç və Finlandiya qoşunları ilə çox əlaqə saxlamışam, neçə dəfə hər iki ölkəyə səfər edib danışıqlar aparmışam. Hər dəfə mən qarşımda aslan kimi döyüşməyə qadir hərbçilər görürdüm. Mən İsveç əsgərlərini Balkan ölkələrində qarovula göndərirdim. Ucaboy İsveç əsgərlərini. Sanki çağdaş dövrün vikinqləridir onlar.
Finlandiyada Qış Müharibəsi Muzeyində olmuşam. Bu muzey 1939-40-cı illərdə Rusiya (SSRİ) ilə Finlandiya arasında baş vermiş, tarixə Qış müharibəsi kimi düşmüş savaşın xatirəsini yaşadır. Baxdıqca qürur duyurdum.
Hər iki ölkənin ordusu yüksək texnologiyalı döyüş vasitələri ilə təchiz olunub. Burada İsveç Hərbi Hava Qüvvələrini xüsusi qeyd etmək istərdim: onun arsenalında yerli istehsal olan “Saab Gripen” qırıcıları var. 2011-ci ildə mənim komandanlığım altında Liviyada gedən döyüşlərdə həmin qırıcılar nəyə qadir olduğunu çox yaxşı sübuta yetirib.
Finlandiya bu yaxınlarda dünyanın ən müasir döyüş təyyarəsi sayılan “Lockheed Martin F-35” qırıcıları sifariş edib, özü də 64 ədəd.
Həm Finlandiya, həm də İsveç Əfqanıstana və Balkan dövlətlərinə qoşun çıxarmış ölkələrdəndir. Hər iki ölkədə həqiqi hərbi xidmətə çağırış sistemi qüvvədədir. Finlandiyada da, İsveçdə də mülki əhaliyə hərbi hazırlıq keçilməsi kimi ənənə hökm sürür.
Soyuq müharibə dövründə – on illər boyu Finlandiya və İsveç neytral mövqe tutub və bu hər yerdə hörmətlə qarşılanıb. O dövrdə bu ölkələr istər Qərblə, istərsə də Sovet İttifaqı ilə diplomatik münasibətləri və ticarət əlaqələrini qoruyub saxlaya bilib.
Həmin illərdə aparılmış istimai rəy sorğuları İsveç və Finlandiya vətəndaşlarının böyük əksəriyyətinin bu müstəqil kursu – heç bir tərəfə calanmamaq kursunu həmişə ən düzgün yol kimi qiymətləndirdiyini göstərib.
Amma son illərdə, daha dəqiqi, 2008-ci ildə Rusiya Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hərbi müdaxilə edəndən bəri məsələyə münasibət dəyişməkdədir.
2022-ci ilin gəlişi münasibətilə çıxış edərkən Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzv olmaq məsələsini nəzərdən keçirəcəyini bəyan edib. Baxmayaraq ki, rəy sorğuları cəmiyyətdə NATO-ya üzvlük məsələsində hələ də fikir ayrılığının olduğunu göstərir.
NATO finlandiyalıları və isveçliləri böyük məmnuniyyətlə qarşılamalıdır, amma onları alyansa qoşulmağa təhrik də etməməli, buna nail olmaq üçün kənardan heç bir təzyiq göstərməməlidir.
Stokholmda və Helsinkidə (İsveç və Finlandiyanın paytaxtları) hərbi rəhbərlikdə təmsil olunan yüksək rütbəli şəxslərlə söhbətlərimdən belə qənaətə gəlmişəm ki, ən yaxşısı bu ölkələrə heç bir öhdəlik götürmədən NATO-ya üzv ola biləcəklərini hiss etdirməkdir. Yəni biz sizi bunsuz da canla-başla alyansa qəbul etməyə hazırıq.
Mən tez-tez onlara deyirdim: “Əgər siz nə vaxtsa NATO-ya qoşulmaq istəsəniz, bunu çərşənbə günü bizə xəbər edin ki, cümə günü sizi alyansa qəbul edə bilək”.
Bu, NATO-ya üzv olmaq üçün digər ölkələrin, o cümlədən Makedoniya və Monteneqronun keçdiyi uzun və keşməkeşli yolla ziddiyət təşkil edir. Mən hələ Ukrayna və Gürcüstanın üzvlüyə qəbulu üçün irəli sürülmüş, sonu görünməyən Fəaliyyət Planını demirəm.
Hələliksə NATO sakitcə Finlandiya və İsveçə bildirməlidir ki, alyansın qapıları onların üzünə həmişə açıqdır. Eyni zamanda bu dövlətlərlə hərbi təlimlər davam etdirilməli, finlandiyalıların və isveçlilərin NATO-nun hərbi əməliyyatlarında iştirakı alqışlanmalıdır.
ABŞ İsveç və Finlandiya ilə alyans vasitəsilə iş aparmaqla yanaşı, məsələnin Avropa İttifaqında da həllinə nail olmalıdır. Çünki hər iki dövlət Avropa İttifaqının bir parçasıdır.
Bu iki qüdrətli ölkənin NATO-ya üzv olması ABŞ-a böyük fayda verə bilər. Onda Putin də başa düşər ki, demokratik alyansın genişləndirilməsi məsələsi duran yerdə onun veto qoymağa heç bir haqqı-hüququ yoxdur.
Ceyms Stavridis
Mənbə: Bloomberg.com