“Rusiyanın xalq üsyanını yatırtmaq üçün Qazaxıstana qoşun yeritməsi dünyanın bir başqa bucağında – Qərbdə o qədər də vacib olmayan bir xəbər kimi qəbul edilə bilər. Amma Rusiyaya Vladimir Putinin prezidentlik etdiyini və onun Ukraynanı ram etmək üçün apardığı işləri nəzərə alanda Qazaxıstana qoşun yeridilməsinin çox təhlükəli hadisə olduğu aydınlaşır”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyində dərc edilən “Putin doktrinasının mahiyyəti Ukrayna və Qazaxıstanda daha aydın üzə çıxır” başlıqlı məqalədə belə deyilir.
Məqalənin müəllifi “Bloomberg”in siyasi şərhçisi, professor Hal Brəndzdir.
Hal Brəndz yazır ki, SSRİ-nin süqutu soyuq müharibənin aradan qalxması və yeni eranın başlanması demək idi: “İndi o hadisədən 30 il sonra Putin yeni konsepsiya formalaşdırıb. Gəlin bunu Putin doktrinası adlandıraq. Bu doktrinanın məqsədi soyuq müharibədən sonrakı eranı aradan qaldırmaqdır.
Putinin niyyəti onun Ukraynaya növbəti dəfə qoşun yeritməmək üçün Qərb qarşısında qoyduğu şərtlərdən də yaxşı bəlli olur. Həmin şərtləri qəbul etmək keçmiş Sovet İttifaqı ərazisini və Şərqi Avropanın böyük hissəsini Rusiyanın təsir dairəsindəki məkan kimi tanımaq demək olardı”.
Professor Hal Brəndz yazır ki, Putinin tələbləri onun XXI əsrdə yaşayan XIX əsr adamı olduğu haqda düşüncələrə gətirib çıxarıb: “Amma orası da var ki, geosiyasi genişlənmə və məcburetmə siyasəti heç də dəbdən düşməyib və Putin indi həqiqətən zamanı geri qaytarmağa, soyuq müharibədən sonrakı nizamı ləğv etməyə çalışır”.
Məqalədə buna misal olaraq Putinin siyasi sistemini demokratikləşdirmiş, Qərbə doğru istiqamət almış Gürcüstana, Ukraynaya etdiyi təzyiqlər, Estoniyada sovet dövrünün abidəsi götürüləndə Moskvanın bu ölkəyə qarşı təşkil etdiyi irimiqyaslı kiberhücumlar yada salınır.
Müəllif bildirir ki, Putin neçə ildir Rusiyanın “yaxın xaric”də hökmranlığını bərqərar etmək üçün kompleks şəkildə iş aparır: “O, Avrasiya İqtisadi İttifaqını da bu məqsədlə – keçmiş sovet respublikalarını Moskvaya daha sıx bağlamaq üçün yaradıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoyulan xərcləri də eyni məqsədlə artırıb. Putin bu tədbirlərlə bərabər ideoloji cəbhədə də işləyir, kiçik dövlətlərin Rusiyaya tabe etdirilməsini tarixi baxımdan əsaslandırmağa çalışır. 2021-ci ildə çap etdirdiyi məqaləsində o, Ukraynanı siyasi və geosiyasi muxtariyyətə hüququ çatmayan süni bir dövlət kimi xarakterizə edib. Bütün bunlar Putin doktrinasının getdikcə daha da sərtləşdiyindən xəbər verir. Soyuq müharibədən sonra nüfuzu sürətlə laxlamış ölkə indi Avropanı bölməyə çağırır və bu qitənin şərqində güc tətbiq edir”.
Putin doktrinası məqsədinə çatacaqmı? Professor Hal Brəndz yazır ki, Putinin öz planını reallaşdırmağa çalışdığı göz qabağındadır, onun buna nail olub-olmayacağı isə bir ayrı məsələdir.
Müəllif hesab edir ki, Rusiya prezidentinin avantüraları həyata keçməyə də bilər, amma bu avantüraların soyuq müharibədən sonrakı eraya son qoyacağı şəksizdir.
Pol Brəndz bildirir ki, düzdür, Putin 2014-cü ildə Ukraynanın şərqinin bir parçasını ələ keçirib, amma o biri yandan da bu, Ukraynanın qərb hissəsinin NATO ilə yaxınlaşmasına, NATO-nun Avropanın şərqindəki üzvlərini daha güclü müdafiəyə qalxmasına gətirib çıxarıb.
ABŞ bu yaxınlarda xəbərdarlıq edib ki, Ukraynaya yenidən qoşun yeridilsə, Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar qoyulacaq, həmçinin NATO Şərqi Avropada hərbi mövcudluğunu gücləndirəcək. Ancaq professor Hal Brəndzin fikrincə, xəbərdarlıqlara baxmayaraq Putin Ukraynanın müqavimətini qırmaq və Şərqi Avropada soyuq müharibədən sonra formalaşmış nizamı dağıtmaq niyyətindən əl çəkənə oxşamır.
Məqalədə vurğulanır ki, əslində bu cəhdlərin, Putin doktrinasının son bəhrəsi Rusiya üçün çox acı olacaq: Rusiyanın təsir dairəsini bərpa etməyə çalışması yekunda onun strateji mühasirəyə düşməsinə gətirib çıxaracaq.
Mənbə: Bloomberg.com