Putinin xülyaları – SSRİ-də təhsil alıb yaşamış əcnəbinin şərhi
- 29 Dekabr 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribunaYazarlar
Vaxtilə Sovet İttifaqında təhsil almış və yaşamış, SSRİ dağılandan sonra 25 ilə yaxın Rusiyada yaşamağa və fəaliyyət göstərməyə davam etmiş portuqaliyalı tarixçi, publisist, tərcüməçi Joze Milyazeş əməkdaşlıq etdiyi ”Observador” internet nəşrində Rusiya prezidenti Vladimir Putinin yürütdüyü siyasətlə keçmiş SSRİ-nin və çar Rusiyasının siyasətləri arasında paralellər aparıb. Novator.az saytı Joze Milyazeşin “Sovet İttifaqı doğrudanmı 30 ildir yoxdur?” başlıqlı məqaləsini ruscadan çevirərək oxucuların diqqətinə çatdırır.
Qeyd edək ki, Joze Milyazeş 1958-ci ildə Portuqaliyada doğulub. 1977-1983-cü illərdə Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alaraq tarixçi ixtisasına yiyələnib. Təhsilini daha iki il davam etdirməklə 1985-ci ildə bu universitetdən tərcüməçi diplomu da alıb. Həmin vaxtdan Sovet İttifaqında məskunlaşıb, rus ədəbiyyatından tərcümələr edib, Rusiya-Portuqaliya münasibətləri üzrə tədqiqatlar aparıb. 1989-cu ildən jurnalist kimi də fəaliyyət göstərməyə başlayıb, Portqaliya, Böyük Birtaniya, Fransa və ABŞ-ın nüfuzlu KİV-lərinin Moskva bürosunda işləyib. SSRİ dağılandan sonra Rusiyada yaşamağa davam edən Joze Milyazeş 2000-ci ildə Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçovu Portuqaliyaya səfəri zamanı tərcüməçi qismində müşayiət edib.
2015-ci ildə Rusiyanı tərk edərək vətəni Portuqaliyaya köçən Joze Milyazeş “Anqola – Sovet İttifaqının sonunun başlanğıcı”, “Sovetlər ölkəsində macəralarım”, “Putin – əbədiyyət axtarışında” və digər kitabların müəllifidir.
30 il əvvəl dağılmış Sovet İttifaqı çox çətin ki, yenidən dirçələ bilsin. Ancaq bu gün biz Moskvanın yürütdüyü xarici siyasətdə Sovet İttifaqından qalma, ona da çar Rusiyasından keçmə yanaşmaların var gücüylə dirçəldiyini görürük.
Moskva Dövlət Universitetində tarix ixtisasına yiyələndiyim illərdə (1977-1983) üstünə qara pərdə çəkilmiş çox məqamla qarşılaşırdım. Həmin məqamları mən yalnız SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının “ideoloji həqiqətləri”nə uyğun gəlməyən kitablara və sənədlərə giriş imkanı yarananda aydınlaşdıra bildim.
Marks da, Engels də, Lenin də öz davamçılarının, əqidə yoldaşlarının senzurasına məruz qaldığına görə sovet vətəndaşları bir çox həqiqətdən xəbərsiz idi. Məsələn, onlar bilmirdilər ki, Marksla Engelsin çar Rusiyasının xarici siyasətinə münasibəti necə olub.
Fridrix Engelsin SSRİ-də qadağan olunmuş yazılarından biri – “Rus çarizminin xarici siyasəti” məqaləsi 1890-cı ildə işıq üzü görüb. Həmin məqaləsində Engels yazırdı ki, Avropa qitəsində dünya müharibəsi yetişir: “Bu dünya müharibəsi təhlükəsi yalnız o zaman aradan qalxa bilər ki, rus xalqı öz çarlarının işğalçılıq siyasəti vərdişinə birdəfəlik son qoymaq imkanı əldə etsin və dünyada hökmranlıq xülyalarına qapılmaqdansa daxildə həyati maraqların qayğısına qalmaqla məşğul olsun; həmin maraqlar isə çox böyük təhlükə altındadır”.
Deyəsən, məhz bu abzas kommunist yoldaşların xoşuna gəlmədiyinə görə Engelsin məqaləsinə yasaq qoyulmuşdu. Çünki işğalçılıq siyasəti və dünyada hökmranlığı ələ almaq xülyası Sovet İttifaqının yetmiş illik mövcudluğunda da davam etdirilib, sadəcə şüarı başqa olub: “proletar internasionalizm”.
Etiraf etmək lazımdır ki, Sovet İttifaqı xarici siyasətini çar Rusiyasından daha güclü quraraq dünyaya daha çox təsir edə bilmişdi. Sovet İttifaqı planetin bütün qitələrinə nüfuz etmişdi. Ancaq o biri tərəfdən Avropanın yarısına nəzarəti ələ almış sovet imperiyasını yıxan amillərdən biri elə onun dünyaya nüfuz etmək ehtirası oldu. Sovet İttifaqı öz xarici siyasətindəki ekspansionizm xəttini qoruyub saxlamağa, davam etdirməyə imkan verə biləcək həddə iqtisadi gücə, maliyyə imkanlarına yiyələnə bilmədi.
Mixali Qorbaçovun xarici siyasəti məhz iqisadi və malyyə resurslarını ekspansionist xülyalardan xilas edib ölkənin daxili problemlərinin həllinə yönəltməyə hesablanmışdı. Ancaq Qorbaçov elə çətinliklərlə, maneələrlə üzləşdi ki, axırda Sovet İttifaqı süquta uğradı. 1991-ci ilin dekabrında Qorbaçov hakimiyyətdən getdi, Kremldəki qırmızı sovet bayrağı Rusiya Federasiyasının üçrəngli bayrağı ilə əvəzləndi.
Rusiya müstəqil olandan sonra Boris Yeltsin də sözdə məhz bu istiqaməti – resursları daxili problemlərin həllinə yönəltmək xəttini götürdü. Ancaq reallıqda biz ölkəni müflisləşməyə aparan bir siyasət gördük. Əksəri Qərbdən qaynaqlanan iqtisadi eksperimentlər faciəvi nəticələr doğurdu. Biz Rusiyanı Avropa Birliyi və NATO ilə yaxınlaşdırmaq imkanını əldən verdik.
Qərb ölkələrinin siyasəti rusiyalıların çoxunu məyus etdi. Onlara elə gəldi ki, Qərb Rusiyanı alçaltmaqla da kifayətlənmir, onu ikinci, hətta üçüncü dərəcəli gücə çevirməyə çalışır.
Beləcə sovet KQB-sinin polkovniki Vladimir Putinin Kremlə yolu açıldı. Onun ayağı altına qırmızı xalça sərildi və sanki heç vaxt sarsılmayacaq bir totalitar rejimin qurulmasına başlandı.
Putin hakimiyyətə gələndən 2014-cü ilədək Rusiyanın NATO və Avropa İttifaqı ilə yaxınlaşması siyasəti davam etdirildi və nəzərəçarpacaq nəticələr verdi. Ancaq 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etməsi və qoşunlarını Ukraynanın şərqinə yeritməsi münasibətləri “soyuq müharibə”nin ən pis dövründəki səviyyəyə qaytardı.
ABŞ və Avropa Birliyi İraqda, Suriyada, Liviyada, xüsusilə Əfqanıstanda ciddi hərbi məğlubiyyətlərə düçar olduqca Putin asan qələbələr qazanmağa başladı. Bütün bu hadisələrin fonunda Vladimir Putin dünyada öz mövqeyini daha da möhkəmləndirməyə çalışır və potensial rəqibləri qarşısında elə ultimativ şərtlər qoyur ki, həmin şərtlər qəbul edilsə, Putinin təsir dairəsi dəhşətli dərəcədə genişlənmiş olacaq.
Hələ bəlli deyil Rusiya avtokratı ağlasığmaz məqsədlərə yetmək üçün daha nələrə əl atmağa hazırlaşır. Rusiyanın apardığı təbliğata nəzər salsaq, iddiaların çox böyük olduğu görünür. Bu baxımdan Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti”nin siyasi şərhçisi Pyotr Akopovun öz məqaləsinə qoyduğu başlıq çox xarakterikdir: ”ABŞ-ı utancverici aqibət gözləyir – o, Rusiyadan üzr istəməli olacaq”.
Akopov məqaləsində Rusiyanın maraq dairəsində olan bölgələrdən bəhs edərək yazır: “Rusiyanın marağı təkcə postsovet məkanını əhatə etmir. Biz sadəcə postsovet məkanına münasibətdə daha sərt qırmızı xətlər çəkirik. Bizim demək olar dünyanın bütün bölgələrində maraqlarımız var. Üstəlik, coğrafi mövqeyimizi nəzərə alsaq, həmin bölgələr bizim qonşuluğumuzda yerləşir. Bəli, Rusiya təkcə Norveç və Monqolustanla həmsərhəd olan nəhəng Avrasiya dövləti deyil, o həm də nəhəng Sakit okean dövlətidir. Başqa sözlə desək, təkcə Çin və Yaponiya yox, bütün Cənub-Şərqi Asiya regionu, ASEAN-ın (Association of Southeast Asian Nations – Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) üzvü olan bütün dövlətlər bizim qonşudur”.
Rusiya təbliğatının iştahası diş altındadır. Baxın Akopov sonra nə yazır: “Yaxın Şərq ümumiyyətlə bizim sərhəd bölgədir, çünki biz Xəzər dənizi vasitəsilə İrana qonşuyuq. Sərhədlərimizdən uzaqda yerləşən yalnız Cənubi Amerika (hərçənd bizi ondan eləcə Sakit okean ayırır) və Afrikadır, amma oralarda da bizim ciddi maraqlarımız var və həm Cənubi Amerika, həm də Afrika ilə tarixi əlaqələrimiz mövcuddur”.
Təbliğatı qoyaq bir kənara. Maraqlıdır, görəsən Rusiya liderləri bu xülyaları hansı iqtisadi və maliyyə vəsaitləri hesabına reallaşdırmağa hazırlaşırlar? Aydındır ki, Rusiya nüvə silahı ilə Yer kürəsini məhv etməyə qadir bir hərbi gücdür, ancaq iqtisadi baxımdan o, ayaq üstə zorla dayanır. Dünya Bankının məlumatına görə, Rusiyada ümumi daxili məhsulun həcmi ABŞ-dan iyirmi dəfə azdır. Rusiya bu göstərici üzrə dünyada 12-ci yerdədir, o, Çindən, Hindistandan, İtaliyadan və daha bir neçə ölkədən geridədir.
Tarix təkrarlana bilər – bu təhlükə həmişə var. Necə deyərlər, Rusiya Sovet İttifaqının taleyini yaşaya bilər. Düzdür, Rusiya neft-qaz ixracından külli miqdarda gəlir əldə edir, amma bu vəsaitlər silahlanma yarışına gedir, korrupsiya bataqlığında itib-batır, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatın modernləşdirilməsi məqsədlərinə xidmət edə biləcək sərmayələrə isə qəpik-quruş qalır.
Burada rus çarı II Aleksandrın 19-cu əsrin ikinci yarısında yürütdüyü siyasəti, onun 1853-1856-cı illərdə Krım müharibəsində məğlubiyyətə uğrayandan sonra bütün qüvvələri islahatlara, imperiyanı modernləşdirməyə toparladığını yada salmaq yerinə düşərdi. Amma nə etmək olar, Putin Rusiyanın başqa çarına – “Avropanın jandarmı” kimi ad çıxarmış I Nikolaya daha çox rəğbət bəsləyir.
Mənbə: Oservador.pt