Fuad Qəhrəmanlı
AXCP
Azərbaycan Xalq Cəbhəsi Partiyası zaman-zaman cəmiyyətə birlik çağırışları ilə xitab edir. Yaxın siyasi tariximizdə məhz AXCP-nin təşəbbüsü ilə “Azadlıq” bloku (2005-ci ilin parlament seçkisi), AXCP-Müsavat bloku (2010-cu ilin parlament seçkisi), Demokratik Qüvvələrin Milli Şurası (2013-cü ilin prezident seçkisi) kimi birlik modelləri qurmaq mümkün olub. AXCP avtoritarlığa qarşı mübarizədə birlik tərəfdarı kimi Milli Şura formatında bu gün də yer alır.
İllərin mübarizəsinə baxmayaraq hələ ki, ölkədə demokratik dəyişikliklər gerçəkləşməyib. Son illər sosial-iqtisadi problemlərin artması üzündən kütləvi ictimai narazılıq genişlənib, cəmiyyətin müxalifətdən gözləntiləri də artıb. İnsanlar hakim rejimin sərt müqaviməti qarşısında birgə mübarizə və dəyişikliklərə nail olunmasını istəyirlər.
Məsələnin ən qəliz və problemli tərəfi də bu birliyin hansı prinsiplər əsasında mümkün olmasıdır. AXCP dəfələrlə bəyan edib ki, sərt repressiya və demokratik azadlıqların boğulması şəraitində ideoloji, siyasi fərqlilikləri, mübahisələri bir kənara qoyub avtoritarizm bəlasından qurtulmaq gərəkdir. Bütün fərqli platformalar üçün demokratik azadlıqları gerçəkləşdirmək ortaq hədəf, prinsip olmalıdır.
Bu yolda birgə mübarizə aparmağın cəzası da var. Bu gün hakimiyyətin AXCP-yə, onun lideri Əli Kərimliyə qarşı sərt münasibəti məhz prinsipial və səmimi mübarizədən çəkilməməyə görədir. Minlərlə cəbhəçi haqq uğrunda mübarizəyə görə azadlığını, işini itirməli olub . AXCP rəhbərliyində təmsil olunan şəxslərin mütləq əksəriyyəti siyasi məhbus həyatı yaşayıb. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan şəxslər də çoxsaylı məhrumiyyət yaşamaqdadır. Bəs hakimiyyətin bütün bu sərt münasibəti qarşılığında nə qədər siyasi partiya, vətəndaş cəmiyyəti fəalı AXCP ilə birgə fəaliyyət göstərməyə, buna görə olacaq təzyiqlərə sinə gərməyə hazırdır? Özünü hakimiyyətin təzyiqləri qarşısında durmağa, prinsipial mübarizə üçün qurban verməyə hazır görməyənlərlə necə birləşib real mübarizə aparmaq olar?
Mübarizə anlayışı fərqli olanların birgə mübarizəsi də praktiki olaraq mümkün deyil. AXCP öz siyasətində ölkədəki problemlərin günahkarı olaraq ayrı-ayrı məmurları deyil, İlham Əliyevi əsas səbəbkar olaraq görürsə, məsuliyyəti ancaq məmurların üzərinə qoymaqla ictimai rəyi əsas səbəbdən yayındırmağa çalışanlarla birlik mənasız olar. Səmimi və prinsipial mübarizə mövqeyi olmadan yaranacaq hər hansı birlik modeli səmərəsiz və nəticəsiz olacaq. AXCP demokratik prosesə töhfə verəcək, cəmiyyətin mübarizə səylərini artıracaq bütün səmimi birlik təşəbbüslərinə hər zaman müsbət yanaşır.
1975-ci il təvəllüdlü Fuad Qəhrəmanlı Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası ilə bitirib. Xalq Cəbhəsinə 1990-cı ildə qoşulub, 2000-ci ildən AXCP Ali Məclisinin, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətinin üzvü, 2009-2019-cu illərdə AXCP sədrinin müavini olub.
1998-ci ildə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.
2011-ci ildə 2 il şərti həbs cəzasına məhkum edilib.
2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, 10 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.
2020-ci ilin iyul-noyabr aylarında yenidən həbsdə yatmış Fuad Qəhrəmanlı hazırda 4 il 1 aylıq azadlıqdan şərti məhrumetmə cəzası çəkir.