Arif Hacılı
Müsavat Partiyasının başqanı
İqtisadi böhrana düşən Türkiyədə iş adamlarının, ticarətçilərin azərbaycanlılara “Niyə Türkiyəyə gəlmir, ucuz xidmətlərdən istifadə etmir, ucuz malları almırsınız?” məzmunlu müraciətləri artır. Doğrudan da indi çox ucuz olan Türkiyə bazarının əsas alıcıları azərbaycanlılar yox, əsasən Bolqarıstan, Gürcüstan və digər qonşu dövlətlərin vətəndaşlarıdır.
Səbəb isə çox sadədir. Pandemiyaya görə avtomobil yolları bağlıdır. “Azərbaycan Hava Yolları”nın (AZAL) təyin etdiyi qiymətlərlə isə Türkiyəyə səfər etmək çox bahalı zövqə çevrilib. Gürcüstanın Kutaisi şəhərindən İstanbula təyyarə biletinin qiyməti bizim pulla təqribən 60 manat olduğu halda Bakı-İstanbul aviareysi üçün biletin qiymətinin 400 manat olmasının izahı nədir? Bəlkə hava yollarında istifadə olunan yanacağı Gürcüstan bizdən yox, biz Gürcüstandan alırıq?
Azərbaycanlının Türkiyə bazarında fəallığı vətəndaşımızın ağır sosial vəziyyətinə yardımçı olmaqla yanaşı həm də böhrana düşən Türkiyə iqtisadiyyatının qismən sağlamlaşmasına dəstək demək olardı.
Bütün bunlar AZAL rəhbərinin şəxsi maraqlarına, onun onsuz da ölçüyə gəlməyən varidatının daha da artırılmasınamı qurban verilir?
Ya başqa hansı səbəblər var?
Bütün bunlar barədə vətəndaşlarımıza izahat verilməli, “Azərbaycan Hava Yolları”nın ölkəni dünyadan təcrid edən, turizm imkanlarını buxovlayan qiymət siyasətinə son qoyulmalıdır.
Türkiyə iqtisadiyyatı kəskin devalvasiyadan əziyyət çəkir. Mərkəzi Bankın məzənnə hesabatlarına görə, 2021-ci ilin ilk iş günündə 100 Türkiyə lirəsi 22 manat 91 qəpiyə satılıb. Dekabrın 20-də 100 Türkiyə lirəsi 10 manat 14 qəpik dəyərindədir.