Natiq Cəfərli
1993-cü ildə hakimiyyətə gələndən sonra Heydər Əliyevin əsas hədəfi böyük neft müqavilələrinin tezliklə bağlanması idi. Heydər Əliyev anlayırdı ki, neft müqavilələri olmadan ölkədə sabitlik, iqtisadi yüksəliş mümkün deyil. Onu da bilirdi ki, böyük neft pulları gələnə qədər ölkəni dolandırmaq, iqtisadi azadlıqları qismən təmin etmək lazımdır.
Ölkədə pul yox idi, kəskin inflyasiya, pulun dəyərdən düşməsi ilə paralel olaraq SSRİ-nin çökməsi fonunda əlaqələrin dağılması prosesi gedirdi. Ölkədə istehsal yox dərəcəsində idi, qıtlıq və işsizlik hökm sürürdü.
Heydər Əliyev liberal bazar iqtisadiyyatı tərəfdarı deyildi, amma zəkası imkan verdi ki, sərhədləri açsın, sərhədyani ticarəti liberallaşdırsın, primitiv, amma bütün bölgə ölkələrini mallarla təmin edən bazarların yaranmasına göz yumsun – nəticədə o zaman üçün işsizliyin qarşısını alan, dövlətin təmin edə bilmədiyi sosial xidmətləri əvəzləyən model işə düşdü. Millət əlinə keçəni İrana, Türkiyəyə, Rusiyaya, Gürcüstana aparıb satır, gündəlik tələbat malları gətirib ölkədə realizə edirdi. Bu model sərbəst ticarətə imkan yaratdı, o zaman vergi-gömrük, hüquq mühafizə orqanları biznesin işinə çox da müdaxilə etmirdi, öz paylarını alıb kənara çəkilmişdilər. Millət özü-özünü dolandırmağa başlamışdı.
2006-ci ildə ölkədə denominasiya baş verdi, böyük neft pulları gəlməyə başladı, ilk dəfə ölkə büdcəsi 3,5 milyard manata çatdı – o zaman üçün böyük rəqəm idi. Elə həmin ildən İlham Əliyevin hakimiyyətdə möhkəmlənməsi də başladı, iqtisadi fürsətlərin daraldılmasına start verildi, dövlət sosial yükü öz çiyninə götürəcəyini bəyan etdi. Nəticədə şişirdilmiş idarəçilik modeli qurulmağa başlandı, iş yerləri dövlət sektorunda yaradıldı, hər il kiçik və orta sahibkarlıq daha çox sıxışdırıldı, iri holdinqlərin yaranmasına, iqtisadiyyatın təmərküzləşməsinə start verildi.
Büdcə artdıqca dövlət-məmur iqtisadi modelinin çəkisi də artmağa başladı, 2011-ci ildə büdcəmiz 16 milyard manata yaxınlaşdı, iqtisadiyyatın bütün çarxları büdcə xərcləmələri üzərinə inşa olundu. Yəni 1993-2006-cı illərin primitiv liberal iqtisadi modeli tarixə qovuşdu, əvəzinə dövlət-məmur iqtisadi modeli gəldi.
2015-ci il böhranından sonra (neft kəskin ucuzlaşdı, manat devalvasiyaya uğradı) hökumət islahatlardan danışmağa başladı, yeni model axtarışına çıxdı, bir çox proqram qəbul olundu, amma heç biri yerinə yetirilmədi – çünki islahatı iqtisadiyyatdan başlamaq yanlışdır, problemlərin kökü idarəetmə modelində və məhkəmə sistemindədir.
Bu gün dövlət sosial yükü öz üzərinə götürsə də, bunu daşıya bilmir, çünki vətəndaşa güvənmir, vətəndaşın təşəbbüskarlığını təhlükə sayır. İqtisadi nəzarət mexanizmlərini əldən verib problemlərinin artacağını düşünür. Gömrük-vergi siyasəti doğru qurulmadığından vətəndaşın da sosial problemlərini özünün həll etməsinə imkan yoxdur – məhz bu çıxılmaz vəziyyətə görə ölkədə sosial narazılıqlar artır. Əvvəllər dövlətin sosial yükünün böyük bir hissəsini ailə institutu öz üzərinə götürmüşdü, xaricdən, əsasən də Rusiyadan ailələrə gələn pul sosial vəziyyətin pisləşməsinə mane olan əsas amillərdən biri idi, dövlətin yükünü ailələr özləri çəkirdi, ailədaxili yardımlaşma da vardı. İndi bu mexanizm də zəifləyib – xaricdən gələn pul son 10 ildə azı 4 dəfə azalıb, ailələrin özlərinin də təpəri qalmayıb ki, ailə fərdlərinə daxili resurslar hesabına kömək etsinlər.
İndi ölkə yol ayrıcındadır – ya hökumət öz sosial yükünü artırmaq yolu ilə çəkə bilməyəcəyi yükün altında əziləcək, bu isə daha çox narazılıq yaradacaq, ya da idarəetmə və məhkəmə islahatları yolu ilə dövlət-məmur modelindən imtina edəcək. Görək…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı