Çin xəfiyyəsi xaricdə də uyğurları təqib edir – “The Guardian”
- 24 Noyabr 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Böyük Britaniyanın “The Guardian” qəzetində “Beynəlxalq Cinayət Məhkəməsinə bildiriblər: Çin xəfiyyəsi uyğurların deportasiyasına nail olmaq üçün xarcidə iş aparır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Helen Davidsondur. Novator.az saytı məqaləni ingilscədən çevirərək təqdim edir.
Uyğur icmasının təmsilçiləri Çin hakimiyyətinin insanlıq əleyhinə cinayətlərinin, soyqırımı siyasətinin araşdırılması məqsədilə üçüncü dəfə Beynəlxalq Cinayət Məhkəməsinə üz tutublar.
Onların şikayətində Çin rəsmilərinin xaricə sığınmış uyğurları ölkəyə qaytarmaq, onların Çinə deportasiya edilməsinə nail olmaq üçün ayrı-ayrı ölkələrdə iş apardığı da bildirilir. Məlumata görə, uyğurlara viza ilə bağlı problemlər yaradılır, eyni zamanda onlar Çin Xalq Respublikasının xeyrinə casusluğa məcbur edilirlər.
Dünyada tərədilən ən ağır cinayətlərə görə ədalət mühakiməsinin qurulması üçün Haaqa şəhərində yaradılmış Beynəlxalq Cinayət Məhkəməsi uyğur nümayəndələrin əvvəlki şikayələrinı qəbul etməyib. Əsas kimi Çinin Beynəlxalq Cinayət Məhkəməsi ilə müqavilə bağlamadığına görə bu məhkəmənin yurisdiksiyasından kənarda olduğu göstərilib. Beynəlxalq Cinayət Məhkəməsi işi açıq saxlayaraq əlavə sübutlar tələb edib.
Tələbə uyğun olaraq mühacirətdə fəaliyyət göstərən tanınmamış Şərqi Türküstan hökuməti və Şərqi Türküstan Milli Oyanış Hərəkatı Haaqaya yeni sənəd təqdim edib. Sənəddəki sübutların işə Beynəlxalq Cinayət Məhkəməsində baxılması üçün hüquqi əsas yaratdığı, bu məsələnin beynəlxalq məhkəmənin səlahiyyətlərinə aid olduğu vurğulanır.
Sənəddəki dəlillərə təzyiqlərə məruz qalmış, eyni zamanda Çinə casus kimi işləməyə məcbur edilmiş uyğurların ifadələri də daxil edilib. Bildirilir ki, Çin rəsmiləri həmin şəxsləri Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasında olan Tacikistan Respublikasından uyğurları deportasiya edə bilmək üçün casusluğa məcbur edib.
Beynəlxalq Cinayət Məhkəməsinə üz tutan şikayətçi qrupun üzvü, məşhur britaniyalı vəkil Rod Dikson “The Guardian” qəzetinə bildirib ki, casusluğa cəlb olunan mühacir uyğurlar Çin rəsmilərinin uyğurların Tacikistana qaçmasına necə əngəl törətməsi, həmçinin qaça bilmiş uyğurları Tacikistanda necə tutdurması, oradan necə deportasiya etdirməsi barədə beynəlxalq məhkəməyə ifadə verə bilərlər. Vəkil deyib ki, beləliklə, Beynəlxalq Cinayət Məhkəməsi Çinin kəşfiyyat zabitlərinin Tacikistandakı fəaliyyəti haqda birbaşa zərərçəkmişlərin öz dilindən ifadə almaq imkanına malikdir.
Tacikistandakı şahidlər Çin rəsmilərinin uyğurları özlərinə xəfiyyə kimi işlətmək üçün təhdid etdiklərini, habelə viza və sənədləşmə prosesində onlara problemlər yaratdıqlarını bildiriblər.
Vəkil Rod Dikson deyir: “Çin məmurları uyğur mühacirlərə əvvəlcə hüquqi problemələr yaradırlar, sonra isə bu problemlərdən uyğurları həbs etdirmək üçün yararlanırlar. Onlar çox diqqət cəlb etməsin deyə tutdurduqları uyğurların hamısını birdən-birə yox, hissə-hissə Çinə deportasiya edirlər. Belə insanların ailə üzvləri arasında səsini qaldırmağa çalışanlar da rejimin qurbanına çevrilir”.
Şikayətçi qrupun verdiyi məlumatda göstərilir ki, şahidlərdən biri Çin rəsmilərinin 2016-cı ilin sonundan bəri Qırğızıstanda əl atdığı taktikaya dair inandırıcı sübutlar təqdim edib. Bu taktikaya viza probleminin yaradılması, uyğur mühacirlərə Çindəki qohumlarından telefonla zəng edilməsi (belə zənglərdə qohumlar bir qayda olaraq mühacirlərə geri dönmələri üçün yalvarırlar), qırğız polislərin Çin konsulluğunun xahişi ilə uyğurları sərhədə aparması, oradan isə Çin agentlərinin mühacirləri deportasiya etməsi üsulları daxildir.
“Bunlar Beynəlxalq Cinayət Məhkəməsi üçün çox tutarlı dəlillərdir. Fərziyyə deyil, dəlildir. Beynəlxalq məhkəmə bunların hər birini araşdıra bilər” – vəkil Rod Dikson belə deyir.
Uyğurlar Çinin şimal-qərbindəki Sincan bölgəsində yaşayan, Pekin hökumətinin etnik-dini təqiblərinə məruz qalan müsəlman türklərdir. Hesablamalara görə, xaricdəki uyğur diasporu 1-1,5 milyon nəfərdən ibarətdir.
Beynəlxalq Cinayət Məhkəməsinə ünvanlanan müraciətdə bildirilir ki, Mərkəzi Asiyada və Türkiyədə toplanan sübutlar məcburi deportasiya nəticəsində Tacikistanda uyğurların sayının 85%, Qırğızıstanda isə 87%-dən çox azaldığını göstərir.
Tacikistandakı deportasiyalarla bağlı məlumatlar Beynəlxalq Cinayət Məhkəməsinə göndərilmiş əvvəlki ərizələrdə də əksini tapmışdı. Ancaq məhkəmə belə qənaətə gəlmişdi ki, qeyd olunan cinayətlərin əksərini Çin vətəndaşları Çin torpağında törədiblər, buna görə də məhkəmə iddiaları qəbul etməmişdi.
O zaman Beynəlxalq Cinayət Məhkəməsi illik hesabatında bildirmişdi ki, Tacikistan və Kamboca beynəlxalq məhkəmənin yurisdiksiyasına daxil olsa da, bu ölkələrdən məcburi deportasiya ilə bağlı fərdi müraciətlərə baxmaq üçün əsas yoxdur: “İnsanların Kamboca və Tacikistandan Çinə geri göndərilməsi milli və beynəlxalq hüquqa, o cümlədən beynəlxalq insan hüquqlarına və beynəlxalq qaçqın hüquqlarına ziddir və bu baxımdan narahatlıq doğurur. Lakin belə davranışı insanlıq əleyhinə cinayət kimi qəbul etmək çətindir”.
Beynəlxalq Cinayət Məhkəməsinə ilk müraciətdən sonra dünyanın Çinin Sincan bölgəsindəki hüquq pozuntularına qınağı güclənib. Bu ilin yanvar ayında ABŞ Dövlət Departamenti uyğurlara qarşı hərəkətləri rəsmən soyqırımına cəhd adlandırıb. Oxşar qiymətləndirmə Dövlət Departamentindən qabaq Kanada və Niderland parlamentlərində də qəbul olunub. Hüquq müdafiəçiləri və hüquq müdafiə qrupları bəyan edirlər ki, Çin hökuməti insanlıq əleyhinə cinayətlər törədir və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının bütün müddəalarını pozur.
Çin hakimiyyəti ittihamları rədd edir və bildirir ki, yürütdüyü siyasət, habelə kütləvi həbslər terrorçuluqla və ya yoxsulluqla mübarizəyə yönəlib.
Çin hakimiyyəti həbsləri, daha doğrusu, onların dili ilə desək, insanların saxlanmasını peşə təlimi mərkəzlərinin işi kimi təqdim edir.
Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən şikayət ərizələrini əvvəlcə məhkəmənin prokuroru araşdırır. Prokuror şikayəti məhkəmə baxışına təqdim edib-etməməkdə sərbəstdir. Prokuror təqdimat vermədikdə şikayət məhkəmə baxışına çıxarılmaya bilər.
Mühacirətdə fəaliyyət göstərən Şərqi Türküstan hökumətinin başçısı Saleh Xudayar “The Guardian”a açıqlamasında deyib: “Bizim hüquqşünasların beynəlxalq məhkəməyə ilk müraciətindən bir ildən çox vaxt ötür. Bu müddətdə şikayətə Beynəlxalq Cinayət Məhkəməsində baxılmasını əsaslandırmaq, məsələnin məhz bu məhkəmənin səlahiyyətinə aid olduğunu isbata yetirmək üçün xeyli dəlil-sübut toplanıb. Biz çox ümid edirik ki, prokuror dəlil-sübutları nəzərə alıb məhkəmə qarşısında məsələ qaldıracaq. Bizim xalqın ədalətə ehtiyacı var, həm də bu ədaləti xalqımız indi, bu anda görməlidir, sonra çox gec ola bilər”.
Helen Davidson
Mənbə: Theguardian.com