ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanın demoqrafik təhlükəyə yaxınlaşdığını yazır. Novator.az-ın məlumatına görə, 2009-2020-ci illərin başlıca demoqrafik göstəricilərini iki dövrə bölən siyasətçi 2015-2020-ci illərdə doğum və nikah sayının 2009-2014-cü illərlə müqayisədə azaldığını, ölüm və boşanma sayının artdığını vurğulayır.
Siyasətçi qeyd edir ki, 2009-2014-cü illərdə Azərbaycanda 1 milyon 11 min 497 nəfər doğulub, 2015-2020-ci illərdə bu göstərici 876 min 447 nəfərə düşüb: “Azalma 135 min 50 nəfərdir. 2009-2014-cü illərdə ölkədə 324 min 904 ölüm rəsmiləşib, 2015-2020-ci illərdə göstərici 357 min 267 nəfərə yüksəlib. Artım 32 min 363 nəfərdir.
2009-2014-cü illərdə ölkədə 496 min 218 nikah qeydə alınıb, 2015-2020-ci illərdə göstərici 360 min 168-ə düşüb. 136 min 50 azalma var.
2009-2014-cü illərdə Azərbaycanda 62 min 497 boşanma olub, 2015-2020-ci illərdə boşanma sayı 87 min 25-ə yüksəlib. Bu, 24 min 528 artım deməkdir”.
Azərbaycan əhalisinin sayı 2021-ci il oktyabrın 1-nə 10 milyon 147 min 380 nəfərə çatıb. Yanvar-sentyabr aylarında 82928 doğulan körpə qeydə alınıb, 56173 ölüm halı, 41067 nikah, 12892 boşanma, daimi yaşamaq üçün 1847 nəfər gələn, 355 nəfər gedən rəsmiləşib.
Statistikaya əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarına nəzərən doğum 13,3 faiz azalıb, ölüm halları 19 faiz, nikahlar 57,1 faiz, boşanmalar 13,3 faiz artıb, əhalinin təbii artımı (doğulanlar və ölənlərin nisbəti) üzrə 44,6 faiz geriləmə olub.