Noyabrın 23-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib. Rəsmi məlumata görə, iclasda qurumun icraçı direktoru təyin edilib: Aygün Əliyeva. İcraçı direktor cari rəhbərliyə məsuldur.
1988-ci il təvəllüdlü Aygün Əliyeva Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, Yeni Azərbaycan Partiyasının mərkəzi ofisində baş təlimatçı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini postlarını tutub, 2020-ci ildən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin departament rəhbəri olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi prezidentin 19 aprel 2021-ci il fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında publik hüquqi şəxs kimi qurulub.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasına dövlət orqanlarından Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, qeyri-hökumət təşkilatlarından Azər Allahverənov, Əvəz Həsənov, İsrayıl İsgəndərov, Zaur İbrahimov, Azay Quliyev, Nurəddin Mehdiyev, İlqar Orucov, Günel Səfərova daxildir.
Prezidentin 13 dekabr 2007-ci il fərmanı ilə yaradılan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2008-ci ildən Azay Quliyev sədrlik edib. Hazırda o, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədridir.
1971-ci il təvəllüdlü Azay Quliyev 2005-ci ildən Milli Məclisin üzvüdür.