Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Azərbaycan hökumətinin gömrük siyasətini illərdir tənqid edirik, amma faydasızdır, yanaşmaları dəyişmir. Gömrüyün əsas vəzifəsi, fəlsəfəsi yerli istehsalçıları qorumaq, daxili istehsalı stimullaşdırmaqdır – yerdə qalanlar bu vəzifəni yerinə yetirmək üçün yan addımlardır. Azərbaycanda yerli istehsalı olmayan, ya da çox cüzi olan mal və məhsullara 15 faiz gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisi tətbiqi məntiqsiz olmaqla yanaşı qiymət artımının əsas səbəblərindən biridir.
Dərman preparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dərmanlara rüsum və vergi tətbiq olunur, bu da qiymətləri artırır.
2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə cəmi 8,6 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib. Tərkibi də tibbi maska və dezinfeksiya üçün tibbi spirt. Bəs on ayda ölkədə nə qədər əczaçılıq məhsulu satılıb? 758,6 milyon manatlıq. 758,6 milyon manatlıq əczaçılıq məhsulunun cəmi 8,6 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını xaricdən almışıq. Əczaçılıq məhsullarının qiymətində azı 35 faiz vergi-rüsum var. Yəni doğru gömrük-vergi siyasəti aparsaydıq, bu gün 10 manata satılan dərmanı 6 manat 50 qəpiyə almalı idik.
Dövlət niyə vergi-rüsum yığır? Vətəndaşına sağlıq xidməti, təhsil, sosial xidmətlər göstərmək, infrastrukturu yeniləmək, onun təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, niyə vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35 faiz vergi-rüsum ödəsin? Səhiyyə xərclərini azaldın, onsuz da qeyri-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən vergi-rüsumu aşağı salın…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı