Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin yeni strateji inkişaf proqramının qəbul olunacağını, Azərbaycanın 2030-cu ilə qədər inkişaf istiqamətləri və hədəflərinin müəyyən ediləcəyini deyir. Əsas hədəflərdən biri ölkənin neftdən asılılığının sıfıra endirilməsidir.
Yaxşı sağlıqdır, amma reallıq tamam başqadır. Əvvəl ondan başlayaq ki, 2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası qəbul edilmişdi. Həmin sənəddə gözəl arzular, istəklər, cümlələr, hədəflər vardı, amma tutmadı. Hökumət isə çıxıb izah etmədi ki, nədən bu konsepsiya suya düşdü, niyə yerinə yetirilmədi, səhvlər harada idi, nəyi necə düzəltmək lazımdır. Heç bir analiz görmədik.
İndi növbəti dəfə kağız üzərində arzuların ifadəsini görürük, hələ də problemlərin kökü haqqında heç bir analiz yoxdur.
2012-ci ildə təsdiqlənən konsepsiyada əsas hədəflərdən biri o idi ki, 2020-ci ildə məmləkətdə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 13000 dollar olacaq.
Reallıqda isə 2020-ci ildə adambaşına düşən ÜDM 4271 dolları ötmədi. Hədəfdən 3 dəfə az. Buna görə kimsə cavab verdimi?
Hədəf qoymuşdular ki, 2020-ci ildə məmləkətdə qeyri-neft sektorunun ixracı adambaşına 1000 dollar olacaq.
Reallıqda isə 2020-ci ildə adambaşına 189 dollarlıq qeyri-neft ixracı qeydə alındı. Hədəfdən 5 dəfə az. Bəs bu məsələyə görə kimsə cavabdehlik daşıdımı, səbəblər analiz edildimi?
Siyahını uzatmaq da olar, amma məğzi aydındır – ölkədə iqtisadi, sosial problemlərin həlli Mikayıl müəllimin, digər nazir və məmurların gözəl sağlıqlar, arzular söyləməkləri ilə olmayacaq. Həll yolu iqtisadiyyatda da deyil, əsas idarəetmə sisteminin dəyişdirilməsi, məhkəmə hakimiyyəti və hüquq mühafizə sahəsinin islahatlarıdır. Bunu deməkdən yorulduq – ölkədə rifaha gedən yol konstitusiyanın dəyişdirilməsindən, yeni idarəetmə sisteminin qurulmasından keçir!
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
İks günü, bir də əsl gün