Parisdə müzakirələr
- 11 Noyabr 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
BMT-nin elm, təhsil və mədəniyyət qurumu olan YUNESKO-nun Baş Konfransının sessiyasında iştirak üçün Parisə səfər edən xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-dan Endrü Skofer, Fransadan Bris Rokfey, Rusiyadan İqor Xovayevlə bir araya gəlib. Rəsmi məlumata görə, nazir həmsədrlərin iştirakı ilə ermənistanlı həmkarı Ararat Mirzoyanla da görüşüb. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də qatıldığı görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub.
Novator.az bildirir ki, Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamaq üçün beynəlxalq vasitəçilik mandatı var.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və bölgənin ətrafındakı yeddi rayonu işğal edib.
1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin (Təşkilatının) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan diplomat Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında ATƏT həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.
Qurumda Rusiya, Fransa, ABŞ, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alır.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.