Layihənin rəsmi təqdimatına görə, Azərbaycanın 2022-ci il büdcəsində gəlirlərin 47,4 faizi Dövlət Neft Fondundan köçürmənin, 32,9 faizi Dövlət Vergi Xidmətindən daxilolmaların, 15,9 faizi Dövlət Gömrük Komitəsindən daxilolmaların, 2,8 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 1 faizi sair gəlirlərin payına düşür.
Xərclərin strukturunda cari xərclər 67,1 faiz, əsaslı xərclər 26,9 faiz, dövlət borcuna xidmətlə bağlı xərclər 6 faiz göstərilir.
Novator.az bildirir ki, büdcə layihəsində 26 milyard 816 milyon manat gəlir nəzərdə tutulur. Ən böyük mənbə Dövlət Neft Fondundan köçürmədir: 12 milyard 710 milyon manat.
Əlavə dəyər vergisi üzrə 5,2 milyard manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 2,6 milyard manat, fiziki şəxslərin gəlir vergisi üzrə 1,4 milyard manat, aksizlərdən 1,2 milyard manat, gömrük rüsumlarından 1,1 milyard manat götürmək nəzərdə tutulur.
Digər mənbələr bunlardır: büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar – 760 milyon manat; dövlət rüsumu – 363,5 milyon manat; hüquqi şəxslərin əmlak vergisi – 236 milyon manat; sadələşdirilmiş vergi – 200 milyon manat; mədən vergisi – 142 milyon manat; yol vergisi – 116,5 milyon manat; səhmlərində dövlətin payı olan müəssisələrdən dividendlər – 106,5 milyon manat; Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədəki topdansatış qiyməti arasındakı fərqdən yığımlar – 95,3 milyon manat; hüquqi şəxslərin torpaq vergisi – 46 milyon manat; vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar – 21 milyon manat; dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar – 16 milyon manat; dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar – 9 milyon manat; xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar – 1,8 milyon manat; sair daxilolmalar – 141,7 milyon manat.
Büdcə xərci layihədə 29 milyard 879 milyon manat məbləğində rəsmiləşir. İqtisadi fəaliyyətə 5,9 milyard manat, müdafiə və milli təhlükəsizliyə 4,4 milyard manat, ümumi dövlət xidmətlərinə 4,2 milyard manat, təhsilə 3,8 milyard manat, sosial müdafiə və sosial təminata 3,5 milyard manat ayrılması gözlənir.
Başqa xərc istiqamətləri belə sıralanır: məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2,3 milyard manat; səhiyyə – 1,7 milyard manat; kənd təsərrüfatı – 997,3 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 458,7 milyon manat; ətraf mühitin mühafizəsi – 285,8 milyon manat; mənzil və kommunal təsərrüfatı – 261,4 milyon manat; əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 590,2 milyon manat.